Abutalıbov Puqaçovanın repertuarında

Novruz bayramı ərəfəsində Hacıbala Abutalıbov mer binasının qapısı ağzına yekə bir plakat vurmuşdu: “Səməni, saxla məni, ildə cücərdərəm səni”. Abutalıbovun şirin dilinə aldanan buğdalar merin dərin, yekə nəlbəkisində cücərdi, sonra da bayram bitən kimi əzizlənən səmənilər çöplüyə atıldı. 

Bakını xarabazara, süni ağaclar şəhərinə çevirən cəlladı vəzifəsində “saxlayan” səməninin son yeri əlbəttə, çöplük olacaqdı. Illərdir kreslolarda “cücərən” yüksək vəzifəli məmurlar da nəlbəkidə bitən köksüz səməni kimidirlər: kiflənmiş məmurların qoxusundan baş çatlayır. Özləri də bilirlər ki, çöplüyə atılmaq zamanları çatıb. Dünyanın ən ətirli, bəzəkli güllərini ölkəyə daşısalar da, üst-başlarına, üz-gözlərinə çökən üfunətdən, eybəcərlikdən qurtula bilməyəcəklər. Hacıbala Abutalıbovun evrikası olan – Gül bayramı zəhləmizi tökməyə başladığı gündən güllərə aid nə varsa – gözəl mahnılar, şeirlər, şəkillər… gözümüzdən düşüb. Əvvəllər Alla Puqaçovanın “Million alıx roz” mahnısını dinləyəndə böyük zövq alırdım, indi isə əzab çəkirəm. Musiqi səslənən kimi, müğənni ağzını açmamış Abutalıbovun büzüşmüş, əyilmiş hüsn-camalı qarşımda canlanır. Dəhşətdir! Dərd ondadır ki, təkcə musiqi dinləyəndə deyil, sevimli güllərimə qulluq edəndə də Abutalıbovu əlində qanlı qayçısı ilə bağçamda sağa-sola qaçan görürəm. Gülbaz merimizə nə var ki, gül planını doldurmaq üçün bağçalara oğurluğa da gedər. Hətta bağçada gəzən balacalar, qızılgül kollarının altında uzanıb yatan pişiyimiz də bəzən mer sifətində gözümə görünür. Bu qarabasmadan təkcə mən yox, güllərim, balacalar, pişiyimiz də əziyyət çəkir…

Məşhur “Million alıx roz”ada sevdiyi qadına “qızılgül dənizi” bağışlamaq üçün evini, əsərlərini satan başdanxarab rəssam Bakı merindən milyon dəfə ağıllı və vicdanlıdır:  zavallı rəssam onu dəli edən sevgisinə görə yuxusuz gecələr hesabına çəkdiyi rəsmlərini, ev-eşiyini satıb aşiq olduğu qadının pəncərəsi qarşısındakı meydanı qızılgüllərlə bəzəyir. Amma mer acından qan qusan, dərddən yatağa düşən, əlil olan vətəndaşların pullarını oğurlayıb Heydər Əliyev üçün anım günü – Gül bayramı keçirir. Cənab Abutalıbov, prezidenti sevirsənsə, get evini, pal-paltarını, qab-qacağını sat gül al. Təzəlikcə YAP-a üzv olan müğənnilər də bir ağızdan oxusun: “A pod oknom çut dışa, bednıy mer stoit”. Axı saxta sevgini, iyrənc fədakarlığı reklam etmək üçün xalqın milyonlarını göyə sovurmaq nəyə lazımdır? Belə də həyasızlıq, qudurğanlıq, vicdansızlıq olar? Ölkənin yeraltı-yerüstü sərvətlərini yeyib doymayanlar, “gül qonaqlığından” doyarlarmı? Zatən, yeməklə doymayan, yalamaqla heç doymaz. Axı “million alıx çinovnik”i olan hökumətin “million alıx roz” nəyinə lazımdır? Olmaz ki, zavallı gülləri kəsib-doğramaq yerinə qırmızı üzlü məmurlar özləri Gül meydanına düzülsünlər? Həm boşuna pullar xərclənməz, həm də mərhum prezidenti kimin daha çox sevdiyi məlum olar. Məsələn, Hacıbala Abutalıbov Heydər Əliyevin məzarı üstündə üç gün üç gecə qərənfil libasında yıxılıb qalsa, sevgisi daha səmimi görünməzmi? Nəinki görünər, hətta prezidentinə ən sadiq məmur kimi telekanallar yeddi gün yeddi gecə ondan danışar. Heç olmasa bircə gün – 10 mayda Ilham Əliyev qızılgül, Ziya Məmmədov zanbaq, Kəmaləddin Heydərov lalə, Misir Mərdanov yasəmən, Zəlimxan Yaqub süsən… və adları yazılmayan “vətən, prezident aşiqləri” gül-çiçək libasına girib Fəxri Xiyabana getmiş olsalar, təbiətə, ölkəyə, vətəndaşlara milyonlara maddi və mənəvi xeyir dəyər. Amma təəssüf ki, qanqalların gül libası geyinməsi mümkün deyil.

P.S. Cənablar, ölkədə tüğyan edən “qəfil ölüm qripi”ndən insanları qorumaq üçün onlara GÜL bayramı yox, AZAD ölkə lazımdır. Unutmayın, ən dərin çatlar ürəkdən gülə bilməyənlərin, azad olmayanların qəlbində yaranır…