Tarixi əməliyyatın sirli tərəfləri

Bin Ladeni 45 dəqiqəyə zərərsizləşdirdilər; Əməliyyat barədə Pakistana heç nə deyilməyib

 

“Əl-Qaidə” terror şəbəkəsinin lideri Üsəma bin Ladenin öldürülməsi dünya gündəmini zəbt edib. Pakistan ərazisində həyata keçirilən və dünyanın bir nömrəli terrorçusunun öldürülməsilə nəticələnən əməliyyatı ABŞ rəhbərliyi Ağ evdəki Böhran Otağından izləyib. Izləmə prosesini əks etdirən fotolarda ABŞ dövlət katibi Hillari Klintonun masasında diqqəti çəkən sənədin üzərinin örtülməsi isə müzakirələrə səbəb olub.

 

Gizlədilən sənəddə nələr var?

Ağ evdən yayılan açıqlamada bildirilib ki, söhbət çox gizli bir sənəddən getdiyindən fotoşəkil çəkilərkən onun üzərinin örtülməsinə ehtiyac yaranıb. Əməliyyatın izlənilməsi zamanı çəkilən fotolarda ABŞ prezidenti Barak Obama, vitse-prezident Co Bayden, müdafiə naziri Robert Qeyts və dövlət katibi Hillari Klintonun həddən artıq həyəcanlı olduğu görünür. Əməliyyatın saniyə-saniyə izləndiyi otaqda Silahlı Qüvvələrin baş qərargah rəisi Mayk Mullen və Milli Təhlükəsizlik Şurasının yüksək səviyyəli rəsmiləri də iştirak ediblər.
Obamanın terrorla mübarizə üzrə müşaviri Con Brennan 40 dəqiqəlik əməliyyatı Ağ evdəki Böhran Otağında qurulan “kompleks” ünsiyyət sistemi vasitəsilə izlədiklərini söyləyib: “Dəqiqələr, günlər qədər uzun oldu və prezident əsgərlərimizin təhlükəsizliyi üçün çox narahatlıq keçirdi. Mühit çox gərgin idi. Bir çoxları nəfəslərini saxlamışdı. Əməliyyat addım-addım irəliləyərkən bir səssizlik hökm sürürdü”.
ABŞ xüsusi təyinatlılarının binaya girməsi və içəridəki şəxsin bin Laden olmasının dəqiqləşməsindən sonra hər kəsin dərin nəfəs aldığını söyləyən Brennan onu da qeyd edib ki, əməliyyat zamanı istifadə edilən vertolyotlardan biri sıradan çıxarkən Böhran Otağında əsəblər gərilib.

Pakistan bin Ladeni necə qoruyurmuş?

“Əl-Qaidə” lideri Üsamə bin Laden Pakistan rəhbərliyinin köməyi səbəbindən ABŞ xüsusi xidmət orqanları üçün uzun illər əlçatmaz olub. “WikiLeaks” saytının dərc etdiyi sənədlər bir çox müşahidəçilərin bu versiyasını sübut edir. Həmin sənədlərə əsasən, Pakistanın təhlükəsizlik xidmətləri hər dəfə bin Ladeni ona qarşı planlaşdırılan əməliyyatlar barədə əvvəlcədən xəbərdar edirmiş. “WikiLeaks”in sənədlərində Pakistanın ISI xüsusi xidmətinin əməkdaşlarının bin Ladeni qoruduğu bildirilir.
Bundan başqa, “WikiLeaks”in sənədlərində qeyd edilib ki, Pakistanın ISI xidməti Əfqanıstana gedən “Əl-Qaidə” üzvlərinin hökumət aeroportundan gizli keçirilməsilə məşğul olurmuş.
“WikiLeaks”in açıqladığı sənədlərdə həmçinin bildirilir ki, bin Ladenin zərərsizləşdirilməsinə Quantanamo həbsxanasındakı məhbuslardan alınan məlumat kömək edib. “Əl-Qaidə” ilə əlaqədə ittiham olunan Saber Lal Melma adlı həmin məhbus 2001-ci ildə Pakistanın ISI xidmətinə “Əl-Qaidə” üzvlərini Pakistana keçirməkdə kömək edib.

Bin Ladeni ələ verən kuryer necə aşkarlanıb?

Dörd il əvvəl bir adamın adının bəlli olmasından başlanan əməliyyat sonda ABŞ tarixində ən çox axtarılan adamın öldürülməsinə gətirib çıxardı. Terrorda şübhəli bilinənlərin həbsxanada dindirilməsi zamanı Üsamə bin Ladenin ən çox inandığı kuryerin ləqəbi müəyyənləşmişdi. Bu, Əbu Əhməd əl Küveyti idi.
Məlum olmuşdu ki, elektron kommunikasiya təhlükəli olduğundan təcrid olunmuş vəziyyətdə yaşayan bin Laden öz adamları ilə Əbu Əhməd vasitəsilə əlaqə saxlayıb. Kəşfiyyat rəsmilərinin dediyinə görə, onlar ləqəb əsasında kuryerin adını tezliklə müəyyən ediblər. Onun əsl adı Şeyx Əbu Əhməddir. Ancaq onun adını 2007-ci ildə müəyyən etsələr də, coğrafi mövqeyini heç cür təyin edə bilmirmişlər.
Ekspertlərin 2 illik araşdırmalarından sonra kuryerin harda olması müəyyən olunub. Abbotabadakı 3 mərtəbəli binada kuryerin olduğu dəqiqləşdirilib. Bina bir tərəfdən 4-6 metr, digər tərəfdən 2-2,5 metr hündürlüyündə olan hasarla əhatə olunmuşdu. Şübhəli o idi ki, binada yaşayanlar zibili atmırdılar, yandırırdılar. Evdə telefon və internet yox idi.
ABŞ rəsmilərindən birinin sözlərinə görə, kəşfiyyatçılar fikirləşiblər ki, iki il axtarılan kuryer burada belə təhlükəs

iz yaşaya bilirsə, deməli, bura çox qiymətli hədəfdir. Bu fikrə gəlmək həlledici məqam olub. Ötən ilin sentyabrında Mərkəzi Kəşfiyyat Idarəsi artıq bin Ladenin Abbotabadakı binada gizləndiyinə dair yekun qərar qəbul edib. Bir nömrəli terrorçu Pakistan ərazisində gizlənsə də, onun zərərsizləşdirilməsi əməliyyatının yeri və keçirilməsilə bağlı rəsmi Islamabad rəhbərliyinə heç bir məlumat verilməyib.

Obama bombardmana veto qoyur

Kəşfiyyatın və Ağ evin hərbi rəsmilərinin aylarla davam edən analizindən sonra bin Ladenin tapıldığına dair ehtimallar dəqiqləşib. Kəşfiyyat və Ağ evin hərbi müşavirləri bu nəticə ilə Barak Obamanın qarşısına çıxırlar. Prezident bununla razılaşır və “Irəli!” əmrini verib.
Martın ortalarından Obama milli təhlükəsizlik komandası ilə birlikdə əməliyyat planını müzakirə etməyə başlayıb. Altı həftəlik müzakirələr zamanı müəyyən olunub ki, Abbotabadakı binada 22 adam gizlənir. Bəziləri təklif edib ki, bina bombalansın. Ancaq Obama bu təklifə qadağa qoyub. Onun fikrincə, bin Ladenin ölümünə sübutlar lazım idi və tələfat mümkün qədər az olmalıdır. Əməliyyatın keçirilməsi ABŞ-ın Xüsusi Təyinatlı qoşunlarından olan “dəniz suitilərinə” həvalə olunub. Əməliyyata Mərkəzi Kəşfiyyat Idarəsinin rəhbəri Lionel Panetta başçılıq edirdi.
Əməliyyat aprelin 30-da başlanmalı olsa da, hava şəraitinin pis olması üzündən proses mayın 1-nə təxirə salınıb. Əməliyyat 40-45 dəqiqə çəkib və nəhayət, ABŞ-ın 10 il axtardığı bin Laden öldürülüb.

Bin Laden niyə sağ tutulmadı?

ABŞ xüsusi təyinatlılarının öldürdüyü Üsəma bin Ladendən müsahibə götürən azsaylı jurnalistlərdən biri Robert Fisk dünyanın bir nömrəli terrorçusunun canlı ələ keçirilməməsinin səbəblərinə maraqlı münasibət bildirib. Onun fikrincə, bin Laden sağ ələ keçsəydi, çox şeylərin üstünü aça bilərdi.
“O, bir xəyanət nəticəsində öldürüldü?” sualına isə Fisk belə cavab verib: “Təbii ki, Pakistan onun yerini lap əvvəldən bilirdi, ”Əl-Qaidə” lideri həm Pakistan kəşfiyyatının, həm də ordunun xəyanətinə hədəf oldu”.
Üsəma bin Ladenin öldürülməsindən sonra intiqam hücumlarının vüsət alacağına dair xəbərdarlıq edən Fisk Ərəb dünyasındakı inqilabların əslində, “Əl-Qaidə”ni siyasi cəhətdən zərərsizləşdirdiyini də söyləyib: “Bin Laden şəxsən özü mənə Ərəb dünyasındakı Qərbmeylli rejimləri, Mübarək və Bin Əli diktatorluğunu yıxmaq istədiyini söyləmişdi. Yeni bir Islami xəlifəlik yaratmaq istəyirdi. Ancaq son bir neçə ayda milyonlarla Ərəb müsəlman ayağa qalxdı və şəhid olmağa, amma Islam üçün deyil, azadlıq və demokratiya üçün can verməyə hazır olduqlarını göstərdi. Bin Laden bu diktatorları devirə bilmədi, amma milyonlar bacardı. Onlar xəlifə də istəmirdilər”.
Tanınmış jurnalist dünyanın bir nömrəli terrorçusunun sağ ələ keçirilmə ehtimalına da toxunub. Onun sözlərinə görə, bin Ladenin öldürülməsi məsələsi ədalətin zəfəri kimi qələmə verildi. O, məhkəmə qarşısına da çıxarıla bilərdi. Lakin ən doğru yol kimi, onun fiziki məhvi seçildi: “Bin Laden özü də sağ ələ keçməsini istəməzdi. Ancaq mühakimə prosesi bin Ladendən başqa, bir çoxları üçün narahatlıq yaradacaqdı. Əfqanıstanın Sovet Ittifaqı tərəfindən işğal edildiyi dövrdə Mərkəzi Kəşfiyyat Idarəsilə əlaqələrindən danışa bilərdi. Islamabadda Səudiyyə kəşfiyyatının rəhbəri şahzadə Türki əl Fəysal ilə gizli toplantının detallarını söyləyə bilərdi. Minlərlə kürdün kimyəvi silahla öldürüldüyü qırğından deyil, 153 adamın öldürülməsində ittiham olunaraq bu kimyəvi materialların ABŞ-dan gəldiyini açıqlamadan, Donald Ramsfeldlə dostluğunu və Iran müharibəsi zamanı ABŞ-dan aldığı dəstəyi söyləmədən asılan Səddam kimi”.

Klinton “Taliban”ı dinc fəaliyyətə çağırdı

“ABŞ və digər dövlətlər bin Ladenin ölümündən sonra da terrorla mübarizədə cəhdlərini artırmalıdır”. Belə bir bəyanatla ABŞ dövlət katibi Hillari Klinton çıxış edib. Onun sözlərinə görə, dünyanın bir nömrəli terrorçusunun ölümündən sonra da “Əl-Qaidə” və onlarla müttəfiq olan “Taliban”la mübarizəni davam etdirmək lazımdır. Klinton “Taliban”a xəbərdarlıq ünvanlayaraq, təşkilatı dinc siyasi mübarizəyə çağırıb.

İnformasiya şöbəsi