b.esed2

Əsəd rejimi evlərə soxuldu

Müxalifətə qarşı xüsusi əməliyyata start verildi

Suriyada Bəşər Əsəd hakimiyyəti etiraz aksiyalarının qarşısını almaq üçün islahatlar keçirmək əvəzinə, müxalifətə hücuma keçib. Əsəd rejimi hakimiyyət əleyhinə aksiyalara qatılanlar və xüsusi fəallıq göstərənlərə, təslim olmaq üçün 15 gün vaxt verib.

Suriya Daxili Işlər Nazirliyi açıqlama yayaraq, “ölkədə baş verən hadisələrə qatılıb qanunazidd hərəkətlər törədənlərin” mayın 15-nə qədər silahlarıyla birlikdə təslim olacaqları təqdirdə, cəzadan azad ediləcəklərini bildirib.

Hakimiyyətə qarşı etirazların mərkəzinə çevrilən Dəraa vilayətində kütləvi həbslər başlanıb. Qanlı əməliyyatlar nəticəsində vilayətə nəzarəti bərpa edən Əsəd rejimi etiraz aksiyalarına qatılanlara qarşı xüsusi əməliyyat keçirib. Təhlükəsizlik qüvvələri evlərə daxil olaraq insanları həbs ediblər. Yaranmış qarşıdurmalar nəticəsində 10 nəfər həlak olub, 499 nəfər həbs olunub.

Suriyanın şimalında yerləşən və kürdlərin sıxlıq təşkil etdiyi Qamışlı şəhərində iki kürd müxalifət fəalı saxlanıb. Onlara qarşı kütləvi ixtişaşlar və asayişin pozulması maddəsilə ittiham irəli sürülüb.

 

Informasiya şöbəsi