Vallah, elmlə məşğul olmasam da, öz keçmiş ixtisasımla bağlı yenilikləri bir az izləyirəm. Bu, mənə mənəvi qida və impuls verir. Amma bir detal həmişə məyus edir. Idmanın bəzi növləri kimi milli elmimizin sədaları da çox uzağa getmir. Ayrı-ayrı uğurlu hallar var, amma bunlar qaydadan daha çox adicə istisnalardır. Ölkənin içində və xaricində bir neçə alimimiz var ki, özlərinin həqiqi uğurları ilə öyünə bilərlər. Amma hansı ölkədə bu yoxdur? Ən geridə qalmış ölkələrdə belə bu cür hallara təsadüf etmək olur. Mən indicə konkret misallar çəkməyəcəm. Bunları hamı bilir. Bircə detalı qeyd edim. Hətta ABŞ universitetləri haqda məşhur bir lətifə var. Deyirlər ki, ABŞ-da universitet də çinli tələbələr, rus professorlar deməkdir! Nə isə! Məni başqa bir detal fikrə qərq edir. Əgər akademiyanın binasında da “Azərbaycan iqtisadiyyatı indi dünyada fenomen deməkdir!” – demək mümkündürsə, daha mənim sözüm yoxdur. Siz sadə hesablama aparın. Büdcədən neft gəlirlərini çıxın və görün nə alınacaq?! Yaxud büdcədən Bakının faizini çıxın, görün, nə alınacaq? Ya da büdcədə elmə ayrılan xərclərə diqqət yetirin, onda özünüz hər şeyi başa düşəcəksiniz! Hər şey çox sadədir. Mən Çin möcüzəsi haqda çox eşitmişəm və bilirəm. Cənub-Şərqi Asiya ölkələri haqda oxumuşam. Hətta bir vaxt elə Türkiyə modeli haqda da danışırdılar. Amma mən heç yerdə “Azərbaycanın iqtisadi möcüzəsi” ifadəsinə rast gəlməmişəm. Dünyada müxtəlif rakursdan hesablamalar, sorğular aparırlar. Bu qiymətləndirmələrdə Azərbaycan öndə olubmu? Xatırlamıram. Ona görə də yadıma B.Dizraelinin elə bu yaxınlarda xatırladığım bir aforizmi düşür: “Yalan üç cür olur. Yalan, ikrah doğuran yalan və bir də statistika!”. Bəli, üstündən azı bir əsr yarım keçəndən sonra əsl siyasətçilərdən birinin fikrinə inanmaya bilmirsən.
Siyasət yenə də endi
Elə bil hər şeydə bir dalğavari proses var. Bir də görürsən siyasi həyatda bir canlanma yaranır. Amma az keçir proseslər səngiyir. Bəlkə Azərbaycanı “siyasi möcüzələr ölkəsi” adlandırmaq daha düzgün olardı. Niyə? Ona görə ki, burada adamı mitinq etdiyinə görə həbs edirlər! Bəs hanı Konstitusiya, hanı beynəlxalq hüquq?.. Bəli, “beynəlxalq hüquq”un başı möhkəm qarışıb, ABŞ-da yenə də idealistlərlə realistlər arasında polemika gedir. Terminoloji baxımdan tanış gəlir. Mən belə bölgü haqda ilk dəfə H.Kissincerin məşhur “Diplomatiya” əsərindən oxumuşdum. Bəli, ABŞ siyasətində həmişə bu cür polemika olub. ABŞ prinsiplər ölkəsidir, bu prinsiplər vaxtaşırı xarici siyasi fəaliyyətə də yol tapır. Yox, mən demirəm, onlar xarici siyasətdə çox üstün rola malik olur. Amma bu prinsiplər var və periodik olaraq onlar yada düşür və xatırlanır. Dünyanın digər ölkələrində belə deyil, oralarda yalnız tək bircə prinsip var: milli maraqlar!
Böyük dövlət həmişə olmasa da, hərdənbir olsa belə, başqa dövlətlərin marağını nəzərə alırsa, bunun özü də təqdirəlayiq hal kimi qəbul edilə bilər. Bilirsiniz, bu, nəyə bənzəyir? Arabir yadımıza düşür ki, biz tək bir küçədəki evdə yaşamırıq, şəhər var, ölkə var, qitə və nəhayət, Yer kürəsi var. Indi hamı qlobalizasiyadan dəm vurur. Amma qlobalizasiya planetar təfəkkür formalaşmadan mümkün deyil. Əsl planetar təfəkkürə isə hələ çox var… Indi daha çox “planetə kim nəzarət edəcək?” sualı aktualdır. Amma bir detal var. Onu mütləq nəzərə almaq lazımdır. Bu, sinergetikadan da əvvəl bəlli məsələdir, kökü turbulentlik nəzəriyyəsinə gedib çıxır. Məsələ bundadır ki, müəyyən effektiv ölçülər var və belə ölçülər dövlətlər üçün də mövcuddur. Dövlət ölçülərində müəyyən parametrlərə çatanda idarəetmədə problemlər yaranır, o, effektivliyini itirir. Məsələn, Rusiya imperiyası həmişə bu problemi yaşayır, çünki çox böyükdür. Nahaq yerə deməyiblər: Rusiyanı arşınla ölçmək mümkün deyil! Bundan əvvəlsə başqa bir söz deyilib. Bu da odur ki, Rusiyanın iki problemi var: yollar və axmaqlar! Düzdür, ruslar bunu permanent genişlənmə ilə kompensasiya etmək istəyirlər. Nə demək olar? Hələ ki, buna nail olurlar. Amma necə? Sual da budur…