Palatka mahnısı: O sənin güclü dövlətin…

Gördüklərinlə eşitdiklərin düz gəlməyəndə, gerçəklik bir cür, onunla bağlı söylənənlər ayrı cür olanda, bilməlisən – yalana bürünmüş ölkədə yaşayırsan. Yalanla başlayan, yalana bürünən, yalan içində gedilən yol yoxluğa aparan yoldur. Bugünkü Azərbaycan kimi!

“Azərbaycan dövləti güclü dövlətdir, biz çalışacağıq onu daha da güclü eləyək” (I.Əliyev). Qırx ildir çalışırlar… Hələ bir qırx il də çalışmaq istəyirlər – Azərbaycanı demokratiyadan diktaturaya gətirməklə. Azərbaycanı diktatura yollarıyla iri addımlarla irəlilətməklə!
Torpaq bütünlüyünü qotur bir “Ermənistan”ın ayaqları altında itirən, tapdaq eləyən dövlət də güclü sayılırsa, onda güclü dövlət necə olur?
Uşağını ordu cəhənnəmindən qurtarmaq üçün xalqın TƏK inəyini, nişan üzüyünü bazara çıxarmalı olduğu dövlət necə güclü olur?
Rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun, insan hüquqsuzluğunun DÖVLƏT SIYASƏTINƏ çevrildiyi dövlət necə güclü olur?
Çağdaş Azərbaycanımız üçün çox xarakterik olan, üstəlik, xalq arasında xeyli populyarlıq qazanan gözəl bir palatka mahnısı var: O sənin güclü dövlətin / Sənin olsun, sənin olsun! O sənin dünya şöhrətin / Sənin olsun, sənin olsun!
Mənə gücsüz dövlət verin, ancaq yaz çağı tarlama toxun əkməyə gücüm olsun!
Mənə gücsüz dövlət verin, ancaq uşağımı ürəyimcə geyindirib birinci sinfə göndərməyə yetən dolanışığım olsun!
Mənə gücsüz dövlət verin, ancaq sevdiyim qıza çay evində bircə çaynik çay almaq dəyərində yetənəyim olsun!
Mənə gücsüz dövlət verin, ancaq çağında sevib-sevilməyə, çağında özümə ev-eşik, yurd-yuva qurmağa olanağım olsun!
Mənə gücsüz dövlət verin, ancaq qızmar yay günü yanğımı söndürmək üçün bir parç pivə almağa pulum olsun!
Mənə gücsüz dövlət verin, ancaq polis idarələrində adamları adam yerinə qoyulsun!
Mənə gücsüz dövlət verin, ancaq onda Özgürlük, Demokratiya olsun!
Mənə gücsüz dövlət verin, ancaq onda insan hüquqları qorunsun!
Mənə gücsüz dövlət verin, ancaq onda hamının hüququ bir olsun!
Mənə gücsüz dövlət verin, ancaq onda düzlük olsun!
Mənə gücsüz dövlət verin, ancaq o… indiki Azərbaycan olmasın!

Bunlardır mənim, sənin, bizim hamımızın istənilən hakimiyyətdən istədiyimiz. Bunları bizə verməyən, verə bilməyən hakimiyyət getməli, yerini başqasına verməlidir! Bunu hamı – aşağılar da, yuxarılar da anlamalıdır. Ən başlıcası, yuxarılar anlamalıdır. Aşağılar bunu anlayıb, yuxarılar anlamayanda ortaya Bin Əli, Mübarək, Qəzzafi qırğınları çıxır. Bu qırğınlardansa daha çox yuxarılar itirir. Bunu çağında anlamaq, buna görə də yalan yolundan daşınıb, doğru yola yönəlmək gərəkdir.

Azərbaycan üçün bu gün çatışmayan bir başlıca nəsnə var: doğru yol! Indiki rejim bu yola gələ bilmirsə, bu yolu özü üçün gedilməz sayırsa, onda onun bircə yolu qalır – getmək! Bunun necə çətin olduğunu biz Bin Əlinin, Mübarəkin, Qəzzafinin, Əli Abdulla Salehin, Bəşər Əsədin getmək qabağı davranışlarından görürük. Qırğın törədə-törədə gedirlər, ancaq, ən başlıcası, gedirlər, getməli olurlar!

Getməli olduqları da çağa görədir, çağın istəyindəndir. Bu, yeni bir dönəm, yeni bir başlanğıcdır. Yeni dünya dönəmi, yeni dünya düzəni, yeni dünya başlanğıcı! Türkiyə baş baxanı Ərdoğan bildirir: “Naxçıvanla Qarabağ Türkiyənin problemidir”. Çox gözəl, bu da bir başlanğıcdır – Azərbaycan üçün uğuru sığortalanmış başlanğıc! Bu eləcə də Əliyevlər rejiminə, “Xalqı aldatdığın yetər, getməlisən!” deməkdir. Bu yerdə bizim deyəcəyimiz bircə söz var: yalnız Naxçıvanla Qarabağ deyil, Əliyevlər Azərbaycanı bütünlüklə Türkiyənin problemidir. Başqa cür desək, bu problem iki qardaş xalqın ortaq problemidir!