May ayında xeyir iş niyə dayanır?

Bunun dinə və yaxud adət-ənənəyə hansısa bağlılığı yoxdur

Biz azərbaycanlıların başqalarına oxşamayan qəribə adətlərimiz var. Bəzən bu adətlər xeyir məqsədə xidmət etsə də, elə inam və əlamətlər də var ki onunla hazırda hesablaşmağına dəyməz. Bu baxımdan uzun illərdir ki, ilin bir ayına o birilərindən fərqli münasibət bəslənilir. Bu da may ayıdır ki, soydaşlarımız həmin ayı “ağır ay” adlandıraraq bütün xeyir işləri saxlayır. Bir növ, adətə çevrilən bu məsələ az qala qanuni şəkil alıb.
Söylənən məsələyə Islam dinində heç bir qadağa olmadığını bildirən ilahiyyatçı-ekspert Elşad Miri, müqəddəs aylarda da xeyir iş görməyin mümkünlüyünü qeyd etdi. Belə ki, ilin müəyyən, deyək ki, Ramazan, Məhərrəm ayında xeyir işin atributu sayılan içki və sair məsələni ixtisara salan insanlar yalnız həmin müddətdə özlərini müsəlman kimi aparmağa çalışır: “Bu aylardan başqa, qalan vaxtlarda hesab edirlər ki, sərbəstlikdir. May ayında xeyir iş görməməyə gəlincə, bununla bağlı müxtəlif versiya var. Versiyanın biri budur ki, erməni soyqırımıyla bağlı həmin ayda yas saxlayırlar. Amma bütövlükdə götürəndə bu ayda xeyir işi saxlamağın heç bir əsası yoxdur”.
Psixoloq Dəyanət Rzayev söyləyir ki, may ayında xeyir iş görməmək xristianlardan gəlmə adətdir. Belə ki, ruslar “nə o yan-bu yana gedirsən” deməklə ayın bekarlığını göstərirlər. Bu mənada mayda ciddi iş görməyə ehtiyat edənlərə səslənən psixoloq, bunun hansısa psixoloji məqamlarla əlaqəsi olmadığını bildirir: “Bunun xalqın hansısa adət-ənənəsi, dinimizlə əlaqəsi yoxdur. Elə matəm günləri var ki, məsələn, 20 Yanvar, məhərrəmlik və sair tarixlərdə xeyir iş görmək düzgün qarşılanmır. Bundan başqa, Ramazanda iftar açandan, gün batandan sonra xeyir iş görülə bilər. Amma may ayında azərbaycanlıların xeyir iş görməsinin hansısa dini, qanuni və psixoloji qadağası yoxdur. Bir də ki, hansısa əşya, ay və yaxud əlamətə görə insanların inanaraq iş görməməsinin özü haramdır, düzgün deyil”. Beləliklə, əlacsızlıqdan may ayında xeyir iş görsə də, daima qorxu və şəkk-şübhə içində qalan insanların qorxusunun da əsası yoxdur. Bunu da psixoloq söyləyir.
Astroloq Firudin Qurbansoyun fikrincə, bu ayda xeyir iş görməmək xristianlardan gəlmə adətdir. Yəni bunun müsəlmanlara heç bir aidiyyəti yoxdur: “May ayında xeyir iş görmək heç də ziyanlıq gətirmir. Amma hansı ayda reallaşmağından asılı olmayaraq, çalışın həftənin şənbə və ikinci günü xeyir iş görməyin. Çünki şənbə günü bədbəxtlik, çərşənbə axşamı günü isə dava-dalaş günü sayılır”.

Nigar