Bu ölkədə heç bir halda fərqli fikir söylənilə bilməz – kimsə xordan ayrılmamalıdı. Əgər hansısa bir düşüncə, fikir, söz daşıyıcısı varsa, Ilham Əliyev iqtidarı onu ya həbsə atır, ya satın alır, ya da həyatını cəhənnəmə döndərir: qısası, bütün vasitələr işə salınır ki, o, susdurulsun;
Bu ölkədə düşünülmüş surətdə təhsili bərbad vəziyyətə salıblar: tədris sıfrın altındadır. Ali məktəblərdə qiyməti, diplomu rüşvətlə və ya hansısa siyasi oyunda göstərdiyin hoqqabazlıqla almalısan, işə pulla girməlisən və yalnız bir məqsəd olmalıdır – rüşvət yığmaq və yuxarılara ötürmək;
Bu ölkədə bir dənə yeni ideya, yeni texnologiya, yeni beyin yaşamamalıdır. Son illərin statistikasına baxın: on minlərlə beyin, intellekt bu ölkəyə tüpürüb çıxıb gediblər. Qalanlar ya zillət içində sosial məngənələrdə məhv olur, ya da manqurta çevrilir, ləyaqətini yaşam reallıqlarına dəyişib içindən qırılmış, əli hər yerdən üzülmüş şəkildə yaşayır;
Bu ölkədə elmə bir qrup məddah, yalaq və yaltaq başçılıq edir: Milli Elmlər Akademiyasının dünya elmində sonuncu yerdə bərqərar olmasından Ilham Əliyevin xüsusi rahatlıq hissi keçirdiyi bir neçə gün öncə hamıya bəlli oldu. Bunlara elm yox, alim adına geydirilmiş bir yığın yaltaq, məddah lazımdır;
Bu ölkədə hamı sındırılır: Birincidən başlayaraq aşağıya doğru insanların alçaldılması, təhqir olunması, ləyaqətinin tapdanması prosesi gedir. Əlahəzrət möhtərəmin təpiyi və şilləsi altından ləyaqətsizcəsinə qurtulan hansısa oliqarx-məmur bütün ətrafının ləyaqətini sındırmağa başlayır, onu biqeyrət və binamus kimi yaşamağa vadar edir. Hansısa idarə və müəssisəyə girmək – ləyaqətinin tapdanmasına şərait yaratmaq deməkdir. Ona görə ya idarələrə girməməlisən, ya da ləyaqətinə, şərəfinə, qüruruna əlvida deməlisən. Bir ölkədə yaşayıb, onun aparatından kənarda olmaq mümkün deyil axı! Ona görə ölkə başdan-başa bir alçaqlar ölkəsinə dönməkdədir…
Ilham Əliyevə yalnız və yalnız qoyun lazımdır: səhər naxıra, axşam axura gedən, süd, yun vermək üçün yaşayan və süd-yun vermək üçün bala doğan qoyun! O, heç nə düşünməməlidir, heç bir ideya vermələlidir, qüruru olmamalıdır, təfəkkürü, düşüncəsi, ağlı ancaq və ancaq necə yaşamaq və hardan çörəkpulu qazanmağa xərclənməlidir.
Ilham Əliyevin arzusu böyük və güclü bir ölkənin şərəfli prezidenti olmaq deyil; O, düşüncəsiz, məddah, yalaq, piylənmiş beyni puldan başqa heç nə fikirləşməyən, lazım olanda bıçağa gələsi əmlik quzuların, qocalıb-qartıdığına görə heç bir xeyir verməyən, ancaq yeni nəslin özünə uyğun təlim-tərbiyəsində xidmət göstərəcəyi nəzərə alınıb da sosial yardımlarla saxlanılan şikəst əgərlilərin, toy toğlularının, lazım gələndə döyüşdürmək üçün yetişdirilən əl qoçlarının, mamlı-matan keçilərin, ətindən yağ daman şişliklərin, bir də onların təhlükəsizliyini təmin edəsi faraş itlərin – elə bu qoyun-leşlərlə bəslənmiş quduz köpəklərin – başçısı olmaq istəyir.
Ilham Əliyevə istədiyi vaxt çomaqla toparlayacağı, qabağına qatıb ağlına gələn səmtə aparacağı, istədiyi vaxt “ömrünü mələdib” pay götürəcəyi qoyun və it sürüsü lazımdır. Adam 8 illik prezidentliyi müddətində yorulmadan, usanmadan çoban olmaq arzusunu bu cür həyata keçirməkdədir.
Amma qoyunlarla dövlət idarə olunmaz, axı: bunun dostu-düşməni var, xarici siyasəti, diplomatik əlaqələri, iqtisadiyyatı, mədəniyyəti, infrastrukturu var, axı!
Qoyunla torpaq alınmır, yol tikilmir, körpü salınmır! Heç düşündünüzmü ki, 15 ildi tikilən bir körpü niyə 48 dəfə uçur? Özünüzdən soruşdunuzmu ki, 6 aydı istifadəyə verilən yol ötürücüləri niyə sıradan çıxmalıdır? Ağlınıza gəlirmi ki, dünyanın super dövlətlərinin ünvanına qotur qəzetdə, saxta parlamentdə söyüş yağdırıla bilməz!
Məgər bilmirsinizmi ki, qoyunlarla aparılan çoban siyasətinin, iqtisadi inkişaf modelinin, mədəni “intibahının” sonu necə olacaq?
Bilmirsinizmi ki, bizləri qoyun eləmək istəyirsizsə, düdəmə Jirinovskinin sözü olmasın, siz də ən yaxşı halda çoban adlandırılacaqsınız: qoyunları otaran çoban…