Diktatorlar necə yaradılır?..

Liviya diktatoru Qəzzafi yüzlərlə günahsız insanın ardınca  öz övladlarının da ölüm fərmanını yazdı. Anlamsız hikkəsi ilə dünyayla vuruşa biləcəyini düşünən bu diktatorun ruh xəstəsi olduğunu söyləyənlər indi daha haqlı görünürlər. Həqiqətən, bir idarəçinin, bir siyasət adamının bu hala gəlməsinin səbəbləri nədir ki?

On doqquzuncu əsrin Nobel mükafatlı fransız yazıçısı Andre De Guillaumın “Dünya necə idarə olunur?” adlı məşhur bir kitabı var. “Həvəsli diktatorun əl kitabı” adlanan bu nəşrdə müxtəlif dövrlərdən olan “güc dəliləri”nin hekayələri çox maraqlı və komik bir şəkildə anladılır. Burada hər şeyin hazır “resepti” var – kukla hökumətin necə qurulacağı, müxalifətin necə susdurulacağı, rəqiblərdən necə yaxa qurtarılacağı tarixdən gəlib-keçmiş siyasət adamlarının dilindən söylənən lətifələrlə təqdim edilir.

Tarixin ən acı səhifələri yazılan diktator dönəmləri haqqında belə lətifələr boşuna yaranmır. Buna əsas verən köklü səbəblər var. Ən komik məsələ odur ki, dünyadakı nəhəng diktatorları çox halda xalq özü yaradır. Böyük din alimləri, filosoflar, intellektuallar yetirmiş alman xalqı Hitleri necə yaratdı? Necə oldu ki, belə ağıllı bir xalq onu uçuruma aparan ruh xəstəsini dəstəkləyib öz ölüm hökmünə imza atdı? Bəli, bir diktatorun yetişməsində ən gülünc məqamlar da buradan doğur. Bəzən ağıl və qabiliyyəti bir dükanı idarə etməyə belə yaramayan birinin dövlətin başına qədər qalxması öz üzərinə ağırlıq və cavabdehlik götürmək istəməyən çoxluğun vecsizliyi üzündən baş verir. Heç bir halda çiynini yük altına vermək istəməyən bu çoxluq demək olar ki, öz əliylə gələcək diktatora yol açıb onu irəli aparır. Bəzən belə asanlıqla açılan qapılar qarşısında o özü də çaşıb qalır. Zamanla da hamıdan güclü, hamıdan zəkalı, hamıdan cəsur olduğuna inanmağa başlayır və sonda istədikləri də olur…

Bir xalq üçün əsl faciə buradan başlanır. Insanlar məsuliyyət hissini itirdiyi, onun bir yük olduğunu düşündüyü zaman artıq hökm başqa birinə keçər. O zaman da nə şəxsiyyət qalar, nə də azadlıq…

Dünyadan gəlib-getmiş diktatorların aqibəti haqqında yüzlərlə ibrət hekayələri var. Tək gerçək odur ki, bu tip şəxslərdən hələ həyatını xoşbəxt sonluqla başa vuran olmayıb. Buna partizanların vurub öldürdüyü Italiya diktatoru Benito Mussolinini də göstərə bilərik, devrildikdən bir neçə gün sonra arvadı ilə birlikdə güllələnən Rumıniya diktatoru Nikolay Çauşeskunu da, təhqiramiz halda dar ağacından asılan Səddam Hüseyni də, onlarla başqalarını da. Xalqın yol verdiyi səhvlə yetişdiyi məqamda illərlə oturub, sonra Allahlıq eşqinə düşənlər haqqında bu lətifə də sonluq olaraq yerinə düşər….Xəlifə Harun ər-Rəşidin qardaşı Bəhlul Danəndə bir gün məhəllədə yol gedərkən açıq pəncərədən baxır ki, hakim otağında yoxdur, tez keçib oturur onun yerində. Bunu görən nəzarətçilər bağırır:

– Vay divanə Bəhlul, sənin bu yerdə nə işin var? Qalx buradan, yox ol. Bəhlul Danəndə aldığı bir neçə yumruqdan sonra çölə atılır. Bunu görənlər soruşur: 
– Divanə Bəhlul, nə iş tutdun ki, səni bu qədər döydülər? O da cavab verir: 
– Mən hakimin yerində bir dəqiqə oturdum, ya oturmadım, əvəzində bu qədər yumruq yedim. Amma hakim sabahdan axşama qədər oranı zəbt edib oturmaqdadır, nə qədər kötək yeyəcəyini artıq Allah bilir…