Qüdrət Həsənquliyev Ziya Məmmədovla Heydər Əsədovu ittiham etdi
Deputat Qüdrət Həsənquliyev nəqliyyat naziri Ziya Məmmədova Hava Limanına ictimai nəqliyyatın işləməməsinin səbəblərinə aydınlıq gətirilməsilə müraciət edib. Deputat bildirib ki, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada hava limanına ictimai nəqliyyat işləmir:
“Yaranmış vəziyyət sadə vətəndaşların hava limanına gediş-gəlişi üçün ciddi problemlər yaradır və ailə büdcələrinə ziyan vurur. Hava limanına ictimai nəqliyyatın işləməməsindən ən çox ziyan çəkən insanlar isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının sakinləridir… Bununla bağlı ölkə parlamentində bir neçə dəfə məsələ qaldırılsa da, təəssüf ki, problem hələ də öz köklü həllini tapmayıb”(modern.az).
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın şəxs olan Qüdrət Həsənquliyev bir neçə dəfə Ziya Məmmədovu tənqid edib. Bu tənqidlər də təbii ki, qruplararası mübarizədən doğur.
Eyni gündə başqa bir sayta – qafqazinfo.az-a müsahibəsində deputat Ziya Məmmədovun qudası Hesablama Palatasının sədri Heydər Əsədovu tənqid edib. Neft pullarının xarici banklarda saxlanılmasına toxunan deputat bildirib ki, bu pullar gəlir gətirmir. Və buna məsul olan şəxslər də məsələ barədə danışmaq istəmirlər: “Narahatdırlar ki, ictimaiyyət maraqlanar və onlara tam aydın olar ki, o pullar gəlir gətirmir. Bunu Mərkəzi Bankın, Hesablama Palatasının sədri də etiraf edib ki, o pullar gəlir gətirmir. Gətirsə də 0.5%. Mən Hesablama Palatasının sədrinə deyirəm ki, aşağı faizlə gəlir gətirir, o isə deyir ki, yox biz onu banka qoymamışıq, səhm almışıq. Sonra da etiraf edir ki, gəlir aşağıdır və deyir ki, onun nə qədər gəlir gətirəcəyini əvvəlcədən hesablamaq olmaz. Hansısa şirkətin səhmini almısan və nə qədər gəlir götürəcəyini proqnozlaşdıra bilmirsənsə, deməli sən dövlətin, xalqın pulları ilə çox böyük risk etmisən”.



