Qubad İbadoğlu: «İctimai-siyasi mühitdə dəyişikliklər ehtimalı neft ixracatı ilə məşğul olan ölkələrə təsir göstərib»
Dünyanın bir nömrəli terrorçusunun məhv edildiyi xəbəri dünya bazarlarında ciddi reaksiya yaradıb. Dünya mətbuatında yayılan xəbərlərə görə, Üsamə bin Ladenin ölüm xəbəri gündəmə gəldikdən sonra dərhal “qara qızıl”ın qiyməti ən azı 1 faiz artıb. Bununla yanaşı, dollar da bahalaşıb. Həmçinin ABŞ fond birja indekslərinin fyuçersləri də bahalaşıb. Dünən Avropa birjalarında keçirilən hərraclarda da birjalar qiymət artımları ilə başlayıb. Təbii ki, buna da əsas səbəb “Əl-Qaidə” liderinin məhv edilməsi xəbərinin yayılmasıdır (“anspress”). Maraqlıdır görəsən, Bin Ladenin ölümü ilə dünya iqtisadiyyatının bir-birinə dəyməsi arasında hansı əlaqə var?
Iqtisadçı ekspert Qubad Ibadoğlu deyir ki, dünyanın əsas neft hasilatçısı və ixracatçısı müsəlman ölkələridir. Bin Laden də müsəlman dünyasında terror şəbəkəsinə malik bir şəxs olub: “Bin Laden dünya siyasətinə təsir göstərmək imkanında olan adam idi. Onun ölümünün yaradacağı terror hadisələri, ictimai-siyasi mühitdə dəyişikliklər ehtimalı neft ixracatı ilə məşğul olan ölkələrə psixoloji təsir göstərir. Birbaşa əlaqəni isə görmürəm. Çünki Bin Laden özü nə neft hasilatçısı, nə də ixracatçısı idi”.
Q.Ibadoğlu deyir ki, dolların bahalaşması bir daha bu məsələnin Amerikanın qələbəsi ilə nəticələndiyini göstərir.
Gültəkin