Terrorizm lənətə layiqdir. Lakin avtoritar hakimiyyətlərin hamısı kimi, Azərbaycan iqtidarı da bir qayda olaraq terrorizmə qarşı çıxışları ilə siyasi alver edir. Bir az küncə sıxışan kimi onlar özlərini elə aparırlar ki, guya dünyada bircə ağır problem var, o da terrorizmdir. Yeniyetmənin polis bölməsində döyülüb öldürülməsi, müxalifətçinin şərlənməsi, jurnalistin oğurlanması isə sanki mininci dərəcəli, əhəmiyyətsiz bir məsələdir.
Daxili siyasətdə Qarabağ problemini ritorikaya çevirib, digər problemləri unutdurmağa çalışdıqları kimi, beynəlxalq arenada da terrorla mübarizənin arxasında gizlənməyə çalışırlar. Hansı təşkilat, hansı dövlət insan haqlarının ağır durumunu diqqətə çəkirsə, Azərbaycan tərəfi dərhal ölkəmizin anti-terror cəbhəsində yer aldığını gözə soxur. Azərbaycanda islamçıların həbsi də bu məqsədə xidmət edir. Mesaj belədir: baxın, biz Bin Ladençiləri tuturuq. Və yaxud: biz olmasaq, sabitlik pozulacaq, Bin Ladençilər hakimiyyəti alacaqlar…
Məhz belə olub son illərdə. Ərəb ölkələrində də belə idi. Mübarək də bunu deyirdi…
Lakin ən dəhşətlisi odur ki, terrora qarşı olmağı ilə özünü gözə soxan, o cəbhədə özünə yer tutan avtoritar hakimiyyətlərin mahiyyəti terrorçuluğa çox yaxındır. Görəsən insanların azadlığını, malını, canını almağın müxtəlif növlərinin mahiyyətcə nə fərqi var? Yəqin ki, yalnız bir fərq ola bilər, hansı daha amansızdır, hansı daha çox qurban tələb edir. Amma mahiyyət çox yaxındır. Ən yumşaq avtoritar hakimiyyətlər də müxtəlif üsullarla insanların həyatını, rifahını, canını məhv edir. Terrorçular bunu silahla edirsə, digərləri başı pambıqla kəsməyi bacarırlar. Bunların aralarında xeyli fərq olsa da, bir-birilərinə çox yaxındır.
Faşizm haqda biz dəhşətlə danışırıq. Amma o da totalitarizmin, mürtəce hakimiyyətlərin bir növüdür. Azadlıqları qəsb edən digər hakimiyyətlərlə onların yaxınlığını daha yaxşı anlamaq istəyənlər məşhur yazıçı Umberto Ekonun “Əbədi faşizm” adlı essesini oxusun. Eko hətta öz ölkəsində, hətta Avropa kimi demokratik rejimlərdə faşizm nişanələrini, faşizməbənzər təzahürləri, ur-faşizmləri bəşəriyyət üçün təhlükə sayır. Və bununla heç də Amerika açmır: “Ur-faşizm özünü ən günahsız növ və formalarla təqdim edə bilər.”
Bəli, bir də baxırsan ki, hitlersayağı absurdlarla, özünəvurğunluqlarla hakimiyyəti əldə saxlayan bir diktator faşizmi lənətləyir. Qəddafi Bin Ladeni lənətlədiyi kimi. Əli-ayağı qana batmış Bəşər Əsəd terrorizmi pislədiyi kimi. Əndican qatili Islam Kərimovun Yuldaşev mifi ilə terrorizmə qarşı mübarizə aparması kimi. Günahsız tələbə Cabbarı həbsə atan Əliyevlər hakimiyyətinin beynəlxalq anti-terror koalisiyasına daxil olması kimi…
Mahiyyətcə terrorizmə və faşizmə yaxın olan avtoritar rejimlər həm də terrorçu yetişdirir. Sevdiyim qısa bir tarixçəni danışacağam. Ölkəsindən didərgin salınan Özbəkistanın demokrat lideri Məhəmməd Saleh 11 sentyabr terrorundan sonra Osloda Nobel Institutunda təşkil olunan möhtəşəm bir konfransa dəvət almışdı. Tədbir terrora qarşı təşkil edilmişdi. Saleh orada tam fərqli çıxış etdi: “Mən terroru lənətləyirəm. Lakin siz namaz qıldığı üçün anası polis bölməsində döyülən, düz sözü dediyi üçün atasının bostanı traktorla tapdanan özbək gəncini düşünün. O görür ki, bütün dünya bunları törədən Kərimovun dostudur. Və başlayır içindəki qəzəbə və terrorçuların şirin vədinə inanmağa. Onların ora itələnməsində Kərimovun və dostlarının heçmi günahı yoxdur?!”
Həmin tədbir az qala pozulacaqdı. Amma bu həqiqəti heç kim unutmadı. Indi bütün dünya anlayır ki, terrorun mənbəyi avtoritar hakimiyyətlərdir. Baxın, ərəb inqilabları onsuz da Bin Ladenin siyasi məhvini hazırlamışdı. Gənclər Bin Ladenin yanına avtoritar rejimlərin zülmündən qaçıb gedirdi. Amma indi başqa yol tapıldı. Doğru yol. Çünki indi hamı dərk edir ki, terror və avtoritarizm qardaşdır.