Ağ xalatda qara ləkə…


Yaxud Göz İnstitutunun kor həkimləri

Uzatmadam sizə kimdən deyim, nədən danışım, Zərifə Əliyeva adına Göz İnstitutunda baş verənlərdən. Göz İnstitutuna müraciət zərurəti yarandığından ora baş çəkəndə öyrəndiklərimdən heyrətlənmədim, ilk düşündüyüm də bu oldu: “Ölkədəki analoqsuz inkişaf budur”.
Sən demə, korrupsiyaya qarşı aparılan “uğurlu” siyasətin nəticəsi olaraq Göz İnstitutunda indiyə qədər 10 günlük kursu 50 manat rüşvətə başa gələn müalicə üçün istifadə olunan kompyüter aparatlarının hamısı yaxınlıqda yerləşən Əlillərin Bərpa Mərkəzinin “C” korpusunda kirayələnmiş bir otağa köcürülüb və xəstələr də özəl müəssisə adına orada qəbul olunur, özü də 60-70 manata. Bunu mənə Göz İnstitutunun komputer müalicə şöbəsində sadəcə xəstəxanaya müraciət etmiş birinə verilə biləcək izah kimi əməkdaşlardan biri söylədi, mən də heç bir maraq nümayiş etdirmədən səbəbini soruşdum. Əməkdaş heç nədən şübhələnmədən səmimi şəkildə bildirdi ki, rüşvət almaq yığışdırılandan sonra burda xəstələrdən o aparatlara görə pul ala bilmədiklərindən belə ediblər.
Əminəm ki, kimsə təəccüblənmədi. Dövlət xəstəxanası kimi əslində pulsuz xidmət göstərməli olan institut indiyə qədər 50 manat rüşvət alırdısa, indi dövlət xəstəxanasının avadanlıqlarını xəstəxanadan “oğurlayıb” başqa yerə aparır, orada hələ aldığı rüşvətin üstünə 20 manat da qoyur və beləcə, dövlət xəstəxanalarında rüşvətə qarşı mübarizə aparmağın unikal nümunəsini yaradır.
Doğurdan da inukal fırıldaqdır və yəqin ki, başqa ölkədə hər hansı bir həkim belə unikal fırıldağı, ya da mədəni oğurluğun yollarını axtarıb tapa bilməzdi. Bu “mədəni oğurluğu” Göz İnstitutunun baş həkimi yəqin ki, tək düşünüb təşkil etməyib. Bu müalicə şöbəsinin müdirinin verə biləcəyi qərar da deyil.
Çox maraqlıdır, görəsən, korrupsiya ilə belə “qeyri-adi mübarizə” metodunu kimi düşünüb? Kimsənin haqqını yemək istəməzdim, kim düşünbsə böyük bir “afərin” haqq edir.
Səhiyyə nazirliyinin bu işdən xəbəri yoxdursa (ki mən buna inanmıram, çünki xəstəxananın baş həkimi bu işi tək görüb oradan gələn gəliri də tək mənimsəyə bilməz) bundan sonra xəbəri olmuş olar. Hər nə qədər diqqətləri bu tip ”mədəni oğurluq” faktlarının miqyasını genişləndirmək kimi metodların düşünülməsinə yönəlmiş olsa da, yəqin ki, nazirliyin mətbuatı izləyən xidməti var. Yox əgər xəbərləri varsa və elə o aparatlardan gələn gəliri də qardaş malı kimi bərabər bölürlərsə, daha nə deyə bilərik? “Cibinizə bərəkət” deyilsin, ya “millətin gözünün kor olmasından qazandığınız pul gözünüzü tutsun” deyib bədduamı edilsin, bunu da oxucunun öhdəsinə buraxıram…
Bilirəm ki, dindirən kimi maaşın az olmasından gileylənib danışmağa, öz əməllərinizə haqq qazandırmağa başlayacaqsınız, amma belə olmur, ey, ağ xalatlı qara əməlli həkimlərmiz! Maaşınız azdırsa bunun çarəsini kasıb, yoxsul vətəndaşı soymaqda tapmayın.  Yaxşı yaşaya bilmirsinizsə sizi bu günə salmışlarla hesabını çəkin, daha sizdən də pis gündə olanları niyə talayırsınız? Günahkar sizə müraciət edib ağrımasından şikayətlənən xəstə deyil, sizi insan yerinə qoymayıb yeddi illi ali təhsildən sonra 150-200 manatdan asılı edənlərdir. Bu dövləti idarə edənlərin bir səhər yeməyinin qiyməti nə qədər tutar? Əmin olun ki, sizin aylıq maaşdan qat-qat cox…
Səhiyyə Nazirliyinin və Göz İnstitutunun bu işdən sorumlu olan əməkdaşları, görəsən sizin bəsirət gözünüzü nə açacaq? Gözünüzü kor edən dünya malının gözünüzdən gəldiyi gün olacaq!?.
Sizə vicdan dərsi demək fikrində deyiləm – boşuna zaman xərcləmək istəməzdim, kor quyu olduğunuz bəlli zatən. Haqq anlayışınızı da dartışmağa ehtiyac duymuram. Amma heç olmasa geyindiyiniz o ağ xalatın rəngi ilə qara əməlləriniz arasındakı təzadı görəndə bir an, çox qısa da olsa bir an nə etdiyinizi düşünün…
Düşünmək qabiliyyətiniz korşalıbsa, onda ilk olaraq onu bərpa etməyə çalışın!