Prezident Administrasiyası qarşısında toqquşma

«Mur-Ay» və «Qış bulvarı»nın qurbanları yolu bağladılar

 (VİDEO)

 

 

Aldadılan vətəndaşlar meriyanın qəbul otağına hücum etdilər

Axır ki, birləşdilər. Özü də çox möhtəşəm şəkildə. “Mur-Ay” tikinti şirkətinin aldatdığı payçılar və “Qış bulvarı” layihəsinin qurbanları birlik nümayiş etdirərək ötən gün etiraz aksiyası keçirdilər. 500-ə yaxın narazı vətəndaş izdihamlı yürüş edərək Prezident Administrasiyası (PA) önündə toplaşdılar. Uzun müddətdir mülkiyyət hüquqları uğrunda mübarizə aparan insanlar ölkə başçısı Ilham Əliyevdən kömək diləyirlər. “Ilham, Ilham” və “Abu, Abu”…

Ənənəvi olaraq PA-nın “Ilham, Ilham”, “Ilham çıx” şüarları səsləndirən “Mur-Ay”çılara Şəmsi Bədəlbəyli və Füzuli küçəsinin sakinləri də qoşuldu. Etirazçılar bundan öncə onları qəbul etmiş məsul şəxslərin verdiyi vədlərə inanmadıqlarını, yalnız ölkə başçısının qəbulunda olmaq istədiklərini dilə gətirdilər. Ancaq əraziyə cəlb olunmuş xeyli sayda polis aksiya iştirakçılarına mane oldu və onları PA-nın qarşısından uzaqlaşdırarkən qarşıdurma yarandı. Asayiş keşikçilərinin zorakılığı nəticəsində çarəsiz qalan insanlar Bakı Şəhər Icra Hakimiyyətinə (BŞIH) üz tutdular. Sakinlər etiraz aksiyasını meriyanın önündə davam etdirdilər. Onlar “Abu, Abu” (Abutalıbovun qısa variantı – R.D) şüarları qışqırmağa başladılar. Daha sonra yenə də “Ilham, Ilham” deməyə davam etdilər. Bu şüarlara görə asayiş keşikçiləri aksiyaya heç bir müdaxilə etmədi.

60 kvadratdan az və çox

“Mur-AY” şirkətinin aldatdığı payçılar dedilər ki, şirkət rəhbərliyi onların 26 milyon vəsaitini mənimsəyib. Belə ki, Məhəmməd Xiyabani küçəsi 18 ünvanında tikilmiş yeni binada bir mənzil 7-8 vətəndaşa satılıb. Elə mənzillər var ki, 11-13 vətəndaşa satılıb. Bir sözlə, 1000-ə yaxın vətəndaşa ziyan dəyib. Ona görə də qurbanlar çıxış yolunu aksiya keçirməkdə görürlər. Çünki onların müraciətinə heç bir aidiyyəti qurum baxmır. Baxmayaraq ki, adıçəkilən şirkətin bir neçə məsul şəxsi həbs olunub. Ancaq vətəndaşlar ya batan pullarının qaytarılmasını, ya da yeni mənzillərlə təmin olunmalarını tələb edirlər. Eynilə Şəmsi Bədəlbəyli, Füzuli və Mirzağa Əliyev küçələrinin keçmiş sakinləri təklif olunan kompensasiya ilə razılaşmadıqlarını söyləyirlər. Onlar iddia edirlər ki, “Qış bulvarı” layihəsi adı altında milyonlar yeyilib. Vətəndaşların sözlərinə görə, H.Abutalıbov insanlar arasında ikitirəlik yaradıb. Mənzili 60 kvadratdan çox olanlara başqa ərazidə ev, ondan az olanlara isə kvadratına 1500 manatdan kompensasiya verilib. 

Merdən yaxşı və pis xəbər

Aksiyaçılar tələb etdilər ki, Bakı meri Hacıbala Abutalıbov onların hamısını birdən qəbul etsin. Ancaq meriya nümayəndəsi yalnız 5-10 adamın qəbul olunacağını dedi. Bundan sonra gərginlik daha da artdı. Aksiya iştirakçıları meriyanın qəbul otağına hücum etdilər və burada hay-küy qopdu. Polis isə vətəndaşlara şifahi şəkildə izah edirdi ki, 10-10 qəbula getsinlər. Ancaq deyilənlərlə razılaşmayan zərərçəkənlər yolu bağladılar. Nəhayət, bundan sonra meriya geri çəkildi və icra başçısı narazı sakinləri meriyanın həyətində qəbul etdi. Abutalıbovla sakinlərin görüşündə jurnalistlərin çəkiliş aparmasına polis icazə vermədi. Görüşdən sonra vətəndaşlardan öyrəndik ki, onlar icra başçısına təkliflər veriblər. 

Abutalıbov həmin təklifləri hökumətə təqdim edəcəyini və mayın 4-də nəticəni onlara çatdıracağını deyib. Mənzilin pulunu nağd ödəyənlərə həmin evin verilməsi, qismən ödəyənlərin pulunun qaytarılması nəzərdə tutulub. Sakinlər problemləri müsbət həll edilməyəcəyi təqdirdə yenidən aksiya keçirəcəklərini söylədilər. Görüşdə iştirak edən “Qış bulvarı” layihəsinin qurbanları ürəkaçan cavab almadılar. Mer onlara bildirib ki, məhkəməyə müraciət edə bilərlər. Ancaq kompensasiyaların məbləği dəyişməyəcək. 

***

“Azadlıq”a məlumat verən şəxsin sözlərinə görə, “GEN” MMC şirkətinin qurbanları da növbəti aksiyalarda “Qış bulvarı” və “Mur-Ay” şikayətçilərinə qoşulacaqlar…

Ramin DEKO