Hakimiyyət Hacı Məmmədovun ifşasından qorxur

Sabiq əməliyyat müvəkkilinin MTN-dən kənara çıxarılmaması onun bildiklərini ürəyində saxlaması üçündür

Ağır cinayətlərdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən DIN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla bağlı hansısa araşdırma aparılır. Bu barədə Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov milli təhlükəsizlik naziri Eldar Mahmudova istinadən məlumat verib. Elçin Behbudovun sözlərinə görə, Eldar Mahmudovla söhbətində Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıb: “Eldar Mahmudov mənə bildirdi ki, Hacı Məmmədovun barəsində bəzi araşdırmalar hələ də davam etdirilir. Hacı Məmmədov Eldar Mahmudova məktub yazaraq xahiş edib ki, təhlükəsizliyini qorumaq üçün onu nazirliyin istintaq təcridxanasında saxlasınlar”.
Elçin Behbudovun milli təhlükəsizlik nazirinə istinadən verdiyi bu açıqlama əslində Hacı Məmmədovun indiyə qədər hansı səbəbdən MTN-nin təcridxanasında saxlanılmasının “izahı” kimi başa düşülməlidir. Çünki bu məsələ hələ də müəmma olaraq qalır. Lakin nazirin “izahatında” xeyli ziddiyyətli məqamlar var və ona görə də qəbul edilməsi caiz deyil.
Birincisi, “Hacı Məmmədov olayı” ilə bağlı hətta məhkəmə istintaqı da başa çatıb və bu dəstənin üzvləri cəzalarını alıblar. Bu halda Hacı Məmmədovla bağlı hansı araşdırmadan söhbət gedir, aydın deyil. Əgər araşdırılası məqamlar var idisə, onda nə üçün məhkəmə tez-tələsik yekunlaşdırılıb? Bundan başqa, Hacı Məmmədovla bağlı hansısa araşdırmalar aparılırsa, nə üçün bu barədə ictimaiyyətə məlumat verilməyib?
Ikincisi, Eldar Mahmudov bildirib ki, Hacı Məmmədov təhlükəsizliyinin qorunması üçün MTN-nin təcridxanasında saxlanılmasını xahiş edib. Hacı Məmmədovla həbs edilənlərin hamısı, hətta bu dəstənin başçısı kimi qələmə verilən DIN-in Baş Cinayət Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirov da cəzaçəkmə müəssisəsindədir. Beş il ərzində onlardan heç birinin həyatına hər hansı təhlükə müşahidə olunmayıb. Bəs Hacı Məmmədov nədən ehtiyat edir? Bir halda ki, dəstənin başçısı hesab edilən şəxs təhlükəsiz şəkildə cəzasını çəkir, deməli, Hacı Məmmədovun da həyatına hər hansı təhlükə ola bilməz. MTN rəhbəri belə düşünməsə də, məntiq belə deyir.
Bu halda sual oluna bilər, əgər Hacı Məmmədovun MTN-nin təcridxanasında saxlanılmasının səbəbi Eldar Mahmudovun söylədikləri deyilsə, bəs nədir? Bu suala cavab vermək üçün sabiq əməliyyat müvəkkilinin törətdiyi cinayətlərə və məhkəmə zamanı verdiyi bəyanatlara diqqət etmək lazımdır. Hacı Məmmədovun əsas hədəfi məmurlar və hakimiyyətə yaxın şəxslər olub. Ona görə də hələ əvvəldən deyilirdi ki, sabiq əməliyyat müvəkkilinin törətdiyi cinayətlər heç də özfəaliyyət deyil. Hacı Məmmədov özü də məhkəmə prosesində bəyan eləmişdi ki, o, osminoqun bir qoludur. Sabiq əməliyyat müvəkkili bununla yüksək səviyyədə gələn sifarişlərin sıravi icraçısı olduğuna işarə vurmuşdu. Hacı Məmmədovun indiyə qədər MTN-nin təcridxanasında saxlanılmasının əsas səbəbi məhz budur. Ola bilər ki, məhkəmədə “osminoqun bir qoluyam” bəyanatını verən sabiq əməliyyat müvəkkilinin cəzaçəkmə müəssisəsində daha çox şey danışa biləcəyindən ehtiyat edirlər. MTN-nin təcridxanasında bu, mümkün deyil. Yeri gələndə Hacı Məmmədovun yerinə Eldar Mahmudov da danışa bilir, amma cəzaçəkmə müəssisələrində nisbətən “söz azadlığı” var.

Vidadi Məmmədov