ABŞ Azərbaycanda çevriliş hazırlayır?

Bu cür informasiyaların dövriyyəyə buraxılmasının bir neçə məqsədi var

Rahim Hacıyev: «Azərbaycan hakimiyyəti bu yolla müxalifətə qarşı repressiyalara zəmin hazırlamağa çalışa bilər»

Regionda cərəyan edən proseslərdə Rusiya üstünlüyü Qərbin əlindən almağa çalışıb və bu cəhd aşkar şəkildə hiss olunur. Rusiya Islam Komitəsinin sədri, politoloq Heydər Camalın açıqlaması bu istiqamətdə müəyyən fikirlər yürütməyə əsas verir.
Heydər Camal iddia edir ki, Amerika Azərbaycanda dövlət çevrilişi etmək niyyətindədir. Bu məqsədlə Gürcüstandan istifadə ediləcəyi ehtimal olunur. Bununla da “bir güllə ilə iki dovşan vurulur”. Yəni, həm Azərbaycanın beynəlxalq aləmlə, xüsusən də ABŞ-la münasibətləri daha da gərginləşir, həm də Gürcüstan Rusiyanın istəyinə uyğun olaraq təcrid olunmuş vəziyyətə salınır.
Azərbaycan hakimiyyətinin Yaxın Şərqdə baş verən proseslərdən ciddi narahatlıq keçirdiyi bəlli olduğundan, Rusiya məhz bu “sarı simdən” istifadə edir. Gürcüstana isə “inqilabların mərkəzi” adının verilməsinə, ABŞ-ın region ölkələrindəki səfirlərinin məhz Tbilisidə bir araya gəlməsi bəhanə olub.
Siyasi ekspert Rahim Hacıyev deyir ki, bu cür informasiyaların dövriyyəyə buraxılmasının bir neçə məqsədi ola bilər. ABŞ-ın əsas partnyoru kimi Gürcüstanın daim Rusiya tərəfindən təzyiqlərlə üzləşdiyini deyən ekspertin sözlərinə görə, Kreml imkan düşən kimi Gürcüstanda ona sərf edən hakimiyyəti yaratmağa çalışır: “Rusiya həmişə Gürcüstandakı rejimə qarşı müəyyən addımlar atır. Bu baxımdan Rusiyada Gürcüstanı regionda təcrid etmək məqsədi olub və bu gün də var. Ona görə də Gürcüstanla Azərbaycan arasında soyuqluğun yaradılması ilk növbədə Rusiyanın maraqlarına uyğundur. Digər tərəfdən, Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycan hakimiyyətinin Gürcüstandan təhlükə hiss etməsinə çalışılır”.
Bu cür informasiyaların yayılmasında Rusiya xüsusi xidmət orqanlarının əlinin olmasını istisna etməyən Rahim Hacıyevin fikrincə, Azərbaycan hakimiyyəti eyni zamanda, bu yolla müxalifətə qarşı repressiyalara zəmin hazırlamağa da çalışa bilər. Bu cür informasiyanın Azərbaycanın daxilindən deyil, kənar qaynaqdan gəlməsi də xüsusi taktika ola bilər: “Hakimiyyət bununla həm Qərbə qarşı apardığı təbliğata, həm də müxalifətə qarşı repressiya siyasətinə bəraət qazandırmağa çalışa bilər. Çünki bu informasiya – ABŞ-ın Azərbaycanda çevriliş etməyə çalışması barədə fikirlər başqa politoloqun dilindən səslənir. Amma təkcə bu cür informasiyanın dövriyyəyə buraxılması yetərli deyil. Bu informasiya eyni zamanda, etibarlı qaynağa əsaslanmalıdır. Amma Heydər Camalın Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə söylənilənlər onun fikirlərinin yalnız bir politoloq düşüncəsi olmadığını deməyə əsas verir”.
ABŞ-ın Azərbaycanda çevriliş etmək istəyi barədə səslənən fikirlərin reallıqdan uzaq olduğunu deyən ekspertin sözlərinə görə, əgər Vaşinqtonun bu cür ideyaları olsaydı, onun ilkin mərhələdə deşifrə olunması mümkün deyildi. Çünki bu cür planlar yalnız müəyyən addımlar atılandan sonra açığa çıxır: “Yaxın Şərqdə baş verən proseslər Azərbaycan hakimiyyətini ciddi narahat edir. Ona görə Azərbaycan cəmiyyətində də başlayan aktivliyin qarşısının alınması üçün müəyyən addımlar atırlar. Və bu məqsədlə xalqın demokratiya arzusu kənar layihələr kimi təqdim olunur. Amma bu yanaşma yanlışdır və heç bir real əsasa söykənmir”.

Xəyal