pul-korrupsiya

1 milyonu bircə dəfəyə cibə qoymağın yolu

Füzulidə daşqınların vurduğu ziyanın aradan qaldırılması üçün ayrılmış 100 min manatın aqibəti də qaranlıq qalır

Rayonun keçmiş icra başçısı N.Muxtarovun necə bir tamaha sahib olduğu və bu tamahın da rayon əhalisinə edilmiş hansı zülmlər hesabına başa gəlməsi barədə qəzetimizdə yazmışdıq. Onun və başçının 1-ci müavini vəzifəsində çalışmış Şakir Hacıyevin barəsində əldə etdiyimiz yeni məlumatlar bizi yenidən bu mövzuya qayıtmağa vadar etdi.
Avropa Yenidənqurma və Inkişaf Bankından işğaldan azad olunmuş ərazilərdə fermer təsərrüfatlarını dirçəltməkdən yana Füzuli rayonunda fəaliyyət göstərən 24 fermer təsərrüfatı üçün ayrılmış 1 milyon 200 min dolları o zamanlar rayonda Fermerlər Assosiasiyasının prezidenti kimi çalışan Nəbi Muxtarovun yaxın qohumu Yusif Hüseynov rəhbərlik etdiyi təşkilatın balansına daxil etsə də, onu təyinatı üzrə istifadə edə bilmədi. Başçı bu pulun da mənimsənilməsi üçün gərək olacaq “əməliyyatı” qurmaqda o qədər də əziyyət çəkmədi. Rayonun işğaldan azad edilmiş kəndlərində ermənilərin yararsız hala salıb saxladığı 10-15 texnikanı bir əraziyə toplatdıraraq üzərində “kosmetik təmir” apartdıran Muxtarov, fermerlərə həmin texnikanın AYIB-in vəsaiti hesabına alındığını bildirib və “avadanlıqlara” sakitcə sahib durmağı məsləhət görmüşdü. Qalan vəsaitə toxumluq buğda və gübrə aldıran başçı, alınanları təsərrüfat rəhbərlərinə nəğd pula sataraq əvəzində onları yuxarıda adı çəkilənləri pulsuz almaları barədə sənədə imza atmağa məcbur etmişdi.
Dövlət Neft Şirkəti 2009-cu ildə Horadiz qəsəbəsində (o zaman qəsəbəyə şəhər statusu verilməmişdi) 1 milyon manatlıq təmir-bərpa işləri aparmışdı. Görülən bu işlərin də işığı N.Muxtarovun gözlərini elə qamaşdırıb ki, üzərindən balaca bir zaman kəsiyi keçməmiş, dövlət büdcəsindən rayon üçün ayrılmış məbləğin 1 milyon manatını cibinə qoyaraq Dövlət Neft Fondunun gördüyü işlərə sərf olunan vəsaitin rayonun daxili imkanları hesabına başa gəldiyini bildirmişdi.
2010-cu ildə Araz və Kür çaylarında daşqınların ətraf ərazilərə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı respublika büdcəsindən Füzuli rayonu üçün ayrılmış 100 min manata qədər maliyyə vəsaitinin də taleyi elə daşan çayların suyu kimi bulanıq oldu. Bu pulun rayonun Arazboyu kəndlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı xərcləndiyi deyilsə də, sonradan bütün deyilənlərin ağ yalan olduğu meydana çıxdı. Əlaqədar təşkilatların rəsmilərinə bu işlə bağlı onlardan maliyyə yardımı gözləyən əhaliyə, vəsaitin Nəbi müəllimin qonaq-qarasına xərcləndiyini deməkdən özgə  bir çarəsi qalmadı.
Rəhbərinin “bir armudun başında” qurulmuş işin oyunu hansı məharətlə həyata keçirdiyini izləyən icra başçısının 1-ci müavini Şakir Hacıyev elə vəzifəyə başladığı ilk günlərdən “mən kimdən əksiyəm, kimdən kəməm” prinsipini önə çəkərək fəaliyyətə başladı. Qarşısında tam ayrı bir vəzifə dayandığının fərqində olmayan bu “işbazlar” vəzifə borclarını yalnız və yalnız çapıb-talamaqda görürdülər…
Ş.Hacıyevin işləklərini saymaqla qurtarmaq olmaz. Araq və siqaretin satışı üçün gərək olacaq lisenziyanın qiyməti 120 manat olduğu halda, alıcılara 240 manata satılmasınımı, Həzi Aslanov adına sovxozun 3200 baş qoyununu özünün “Üç çinar” müəssisəsinə “ərməğan” edərək mənimsədiyinimi, Iltifat Həsənov tərəfindən özəlləşdirilmiş keçmiş Avtobazanın həyətində qanunsuz tikililər tikdiyinimi, hər ay ərazidə fəaliyyət göstərən ticarət obyektlərindən 8-10 min manat pul yığdırmağınımı? Saymaqla qurtarmır axı.
1993-cü ildə rayonun Haramı adlanan sahəsində aztəminatlı ailələrin istifadə etməsi üçün dövlət tərəfindən ayrılmış 450 hektar sahəni özününküləşdirərək əkib becərib, bu təsərrüfatın kimlər üçün ayrılmasının fərqində olmayıb. Yaxud da özünü həmin aztəminatlı ailələrin sırasında görüb. 18 il müddətində hər il yuxarıda adı çəkilən sahədən orta hesabla götürmüş olduğu 1200-1500 ton buğdanın bir qismini həmin ailələrə paylamaq, N.Muxtarovu bilmirəm, amma Allaha xoş gedərdi.
Bu gün Əhmədbəyli dördyolunda ticarət obyektini reklam etdirdiyi reklam şitinin həmin o görməli yerini bir zamanlar “ulu öndər” və “hörmətli prezident” deyə çağırdığı şəxslərin birgə portreti “bəzəyirdi”. Görünür, iqtisadi maraqlar siyasi və ictimai maraqlardan üstündür…
Rayonda illərlə davam etmiş “neft əməliyyatı” da kasıb payı yeməkdə püxtələşmiş bu “işbazların” hansı tamah yiyəsi olduğunu bir daha ortaya qoyur.
Hazırda Füzuli rayonunda 65 min ailə yaşayır. Orta hesabla götürəndə bu, təxminən 15 min ailə deməkdir. Qış aylarında əhaliyə yardım kimi ailə başına 1 ay müddətində 40 litr yanacaq ayrılmasına baxmayaraq aldıqları yanacağın 30 litrdən artıq olmadığını bu gün rayonda hər bir kəs təsdiq edər. Adi bir riyazi hesablama aparsaq, kəsilmiş yanacağın 150 min litr elədiyini görərik. Bunu da 5 aya vursaq (6-cı ay mart olduğu üçün havaların istiləşməsini bəhanə gətirən “ortaqlar” ayrılmış yanacağı tam şəkildə satışa göndərirdilər) alınmış rəqəmin 750 min litr olduğunu görərik. Bunun da üzərinə mart ayı üçün nəzərdə tutulub, amma verilməyən 600 min litri gəlsək, cavabın 1 milyon 350 litr elədiyi bəlli olur. Yanacağın ümumi qiymətilə hər il neft satışından əldə olunan 700 min manat gəliri N.Muxtarovla Ş.Hacıyevin hansısa yetimlər evinin hesabına göçürməsinə mən dəvənin quyruğu yerə dəyəndə inanaram. Gözləri bununla da doymayan “ortaqlar” həmin yanacağın Şirvan şəhərindən daşınmasında istifadə olunan vəsaitdən də qazanc götürüblər. Belə ki, daşınma üçün hər reys (500-dən artıq) 50-60 manata başa gəldiyi halda, sənəddə bunu 120 manat qeyd elətdirərək qalan məbləği həzm-rabedən keçiriblər.

Qardaşxan