Nurəddin Məmmədli: “Xalq daha çox yoxsulluqdan narazıdır və bu halda siyasi hüquqlara bu qədər önəm verilməsi…”
Bugünlərdə internet saytlarından birində keçirilən sorğunun nəticələri Azərbaycan vətəndaşlarının prezident Ilham Əliyevdən daha çox nə istədiklərini üzə çıxardı. Nəticələrdən belə məlum oldu ki, insanlar daha çox ölkədə demokratiyanın tam bərqərar olmasını, neft gəlirlərinin əhali arasında ədalətli bölünməsini və bacarıqlı kadrlardan ibarət yeni hökumətin formalaşdırılmasını arzulayır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, sorğunun nəticələri ölkədəki vəziyyətə adekvatdır. Amma bununla belə N.Məmmədli ölkə vətəndaşlarının siyasi hüquqlara bu qədər önəm verməsini Azərbaycan üçün yenilik sayır: “Bütün dünyada cəmiyyəti inkişaf etdirən orta təbəqədir. Bu təbəqəyə tox olub daha yaxşı yaşamaq istəyənlər daxildir. Azərbaycanda əhalinin əksəriyyəti öz həyat səviyyəsindən, yoxsulluqdan narazıdır. Belə olan halda siyasi hüquqlara bu qədər önəm verilməsi Azərbaycan üçün yenilikdir. Çünki iqtisadi vəziyyəti pis olan adamlar bir qayda olaraq başqa heç nə düşünmürlər. Ona görə deyirlər ki, siyasət ac insanlar üçün deyil. Bununla belə sorğunun nəticələrində demokratiya istəyi birinci gəldi. Demək ki, ölkənin avtoritar üsullarla idarə olunması ölkə vətəndaşlarını ən çox narahat edən məsələdir. Əslində bütün digər problemlərin də kökü bundadır”.
N.Məmmədli deyir ki, ərəb ölkələrində baş verən son olaylar da məhz siyasi hüquqların tapdanması ilə bağlıdır: “Bu ölkələrdə sosial-iqtisadi vəziyyət bizdən daha yaxşıdır. Əhalinin böyük əksəriyyəti yaxşı maaş və pensiya alır. Amma siyasi hüquqlarına qarşı total hücumlar o toplumların ayağa qalxmasına səbəb oldu”.
Gültəkin