Nazir əlillərin maşınlarını alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən tədbirdə biabırçı olaylar baş verib

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun daha bir maxinasiyasının üstü açılıb. Sən demə aprelin 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir sıra məmurların və telekanalların iştirakı ilə keçirilən tədbirdə Çernobıl əlillərinə paylanan avtomobillər sonradan geri alınıb.
Bu barədə “Yeni Müsavat” qəzetinə əlillərdən biri məlumat verib. Həmin əlil qəzetə bunları deyib: “Çernobıl əliliyəm. Dünən bizi çağırıb yığdılar nazirliyə. Dedilər ki, sizə maşın verəcəyik. Şərt irəli sürdülər ki, siz bizim dediyimizi telekanallarda deyin. Naziri pis vəziyyətdə qoymayın. Tərifləyin, biz də sizi razı salacağıq. Bizə demişdilər ki, açarları verəndən sonra maşınınızı sürün gedin. Hamınız bir yerə gedin ki, bız çağıranda gələ biləsiniz. Dedikləri kimi etdik. Getdik ”Nizami” metrosunun qarşısında dayandıq. Biz nazirliyə qayıdanda orda kənar adam qalmamışdı. Hamısı nazirliyin əməkdaşları idi. Dedilər açarları qaytarın verin sənədləşmə işlərini həll edək, gəlib götürərsiniz. Biz də qaytarıb verdik, amma maşınımızı qaytarmadılar. Keçən il də bu cür olmuşdu. Digər əlil yoldaşlarımızın da başına bu cür oyun açmışdılar. Bir nazir əlilin maşınına göz dikirsə, daha mənim sözüm yoxdur”.
Tədbirdə başqa bir biabırçı olay da baş verib. Nazir Fizuli Ələkbərovun çıxışı zamanı yaşlı bir qadın ona yaxınlaşmaq istəyib. Nazirin mühafizəçiləri qadının qarşısını kəsərək, ona sözünü deməyə imkan verməyiblər. Vəziyyətin belə olduğunu görən qadın “pulumu verin, məni qəbul edin” deyərək çığırıb-qışqırmaqla israrla nazirlə görüş tələb edib.
Füzuli Ələkbərovun göstərişi ilə telekanalların kameraları söndürülüb və qadını mühafizəçilər sürüyüb aparıblar. Bundan sonra heç nə olmamış kimi nazir yenidən çıxışına davam edib.

İnformasiya şöbəsi