Ştefan Füle: «Münaqişə tərəfləri güc tətbiqinin qəbuledilməz olduğunu anlamalıdır»
“Avropa Ittifaqı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində insidentlərin davam etməsindən ciddi şəkildə narahatdır”. APA-nın məlumatına görə, bu bəyanatla Avropa Ittifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında çıxış edib.
O qeyd edib ki, münaqişə tərəfləri güc tətbiqinin qəbuledilməz olduğunu anlamalıdır:”Bununla belə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən tərəqqi müşahidə olunur, eyni zamanda militarist bəyanatlar bu prosesin inkişafına kömək etmir. Avropa Ittifaqı ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini dəstəkləməkdə davam edəcək. Münaqişənin beynəlxalq hüququn prinsipləri – güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ prinsiplərinə əsasən həlli baş tutmadan qonşuluq mümkün olmayacaq”.
Ştefan Füle daha sonra bildirib ki, AB bundan sonra onların təhlükəsizliklərini təhdid edən qonşuluqlarındakı problemlərə biganə olmayacaqlar. O, qeyd edib ki, Azərbaycan və Ermənistan Avropaya real inteqrasiya xətti tutsa və nəticədə hər iki ölkədə Avropa Birliyinin əsas dəyərləri – fundamental azadlıqlar, demokratiya, insan haqlarına hörmət, eləcə də, hüququn aliliyi və adalətə söykənən cəmiyyət qurulsa, o zaman Qarabağ münaqişəsinin həlli daha da sürətlənər.