Şou-biznes əhlinin bir neçə nümayəndəsi hakim partiyaya üzv qəbul olunub. Dünən informasiya kanalları bunu elə təqdim ediblər ki, sanki Türkiyənin superstarı Tarkan AK Partiyə üzv olub. Təbii ki, belə hadisə yalnız normal siyasi inkişaf prosesində olan ölkələrdə heyrətlə qarşılana bilər. O ölkələrdə ki, nə bir pop ulduzunun siyasi elitada təmsil olunmaq ehtiyacı var, nə də siyasi elitanın o ulduzu sıralarına qatmaq tələbi. Heç AK Parti millət vəkilliyi üçün müraciət edən qosqoca Ibrahim Tatlısəsi siyahıdan kənarda qoydu. Hər halda, bununla cəmiyyətə də bir mesaj verildi ki, hər kəs öz işi ilə məşğul olsa, ölkəyə daha artıq faydası dəyər. Şübhəsiz, mən bununla sənət adamlarının parlamentdə təmsil olunmasının əleyhdarı kimi çıxış etmək niyyətində deyiləm. Sadəcə, hər kəsin çəkisi elin “tərəzi gözündə” açıq-aşkar görünür.
Əlbət ki, sivil ölkələrdə sənət adamları və ya şou əhli cəmiyyətə siyasətçilərdən daha artıq xeyir gətirir. Dünya təcrübəsindən bilirsiniz, bu populyar şəxslər qazandığı böyük pullardan ölkə büdcəsinə necə yüksək vergi verir, xeyriyyə işlərinə milyonlar xərcləyir və fəlakətə məruz qalmış istənilən bölgəyə də yardım etməyi özünə insanlıq borcu sayır. Onların partiya vəsiqəsi daşıyıb siyasətlə məşğul olmağa nə vaxtı var, nə də marağı, bütün güclərini qoyublar öz işlərinə. Məsələ burasındadır ki, adamlar iş görməyi də bacarırlar.
Hakim partiyaya yeni üzv edilən müğənnilərdən yalnız iki nəfəri tanıyıram. Amma heç onların repertuarından da indiyə kimi ortaya çıxarılacaq bir hit eşitməmişəm. Bizdə gözəl səslər var və inanıram ki, həmişə də olacaq. Problem ondadır ki, insanlar bu ölkədə öz səslərinin deyil, başqa havaların arxasınca gedirlər. Azərbaycanda pop musiqisinin yox səviyyəsində olması əsasən bununla bağlıdır. Siz hazırda bu düşərgəni təmsil edən müğənnilərin oxuduqları mətnlərin sözlərinə diqqət etsəniz, hər şey aydınlaşar. Bəzən istəmədən elə düşük söz yağmuruna qulaq yoldaşı olursan ki, adamın əti tökülür. Hələ mən “siyasiləşmiş” müğənnilərimizi demirəm. Azərbaycanda şair qıtlığı nə dərəcədəymiş ki, Tünzalə Misirin keçmiş birinci xanımı Suzanna Mübarəkin sözlərinə mahnı bəstələmək məcburiyyəti ilə üzləşir? Yaxud Azərin buradan Türkiyəyə Qənirə Paşayevanın söz yığınına yazılmış biabırçı mahnıyla gedir və hələ onu mötəbər bir tədbirdə – “TRT Avaz”ın açılışında səsləndirir.
Bizim Hollivud səviyyəsində film çəkməklə bağlı problemimiz ola bilər. Bəlkə böyük teatr tamaşaları hazırlamaq, dünya turnelərinə çıxmaqla öz mədəniyyətimizi təbliğ etmək çətinliyimiz də ola bilər. Amma pop musiqisinin inkişafı daha çox o istiqaməti seçən şəxslərin istedadını düzgün dəyərləndirməsi, bilgisi, dünyagörüş səviyyəsi, uğurlu söz və bəstə seçimi ilə bağlıdır. Azərbaycanda pop və ya estrada musiqisini seçmiş müğənnilərdən hansı buna əməl edir? Ad göstərməkdə çətinlik çəkirəm? Məhz bu səbəbdəndir ki, yolumuz hər ölkədən kənara düşəndə hədiyyə olaraq yalnız xalq musiqisi yazılmış diskləri götürə bilirik.
Pop musiqiçilərimiz düşünsünlər, nədən heç olmasa, bizə yaxın ölkələrdə, lap elə Türkiyədə populyarlaşmasınlar. Amma bunun üçün yuxarıda bəhs etdiyim məsələlər haqqında yaxşı-yaxşı düşünmək lazım gələcək. Əsası, oxumağı peşəkar şəkildə öyrənməkdir, sonrası öz-özünə yoluna düşüb gedir. Öyrənmək istəyənlərə, nümunə üçün Tarkanın son albomundan “Kayıp” şarkısını dinləməyi tövsiyə edirəm.