Hakim BƏƏS partiyasından kütləvi istefalar başladı; Avropa Birliyi Suriya hakimiyyətinə qarşı sanksiyaları müzakirəyə çıxarır
Suriyada Bəşər Əsəd rejiminə qarşı günlərdir davam edən etiraz aksiyalarına dünən ara verilib. Iqtidar əleyhdarları əsasən ölkənin müxtəlif yerlərində keçirilən aksiyalar zamanı hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində dünyasını dəyişmiş nümayişçilərin dəfn mərasiminə qatılıblar. Minlərlə insanın iştirak etdiyi mərasim zamanı Bəşər Əsəd hakimiyyəti əleyhinə şüarlar səsləndirilib.
Iqtidarda olan BƏƏS partiyasının 200-ə yaxın üzvü isə ötən gün Bəşər Əsəd hakimiyyətinin ölkədə davam edən repressiya və qırğına etiraz əlaməti olaraq bu partiyadan istefa verdiklərini açıqlayıblar.
Onların imzaladıqları bəyanatda Suriya təhlükəsizlik orqanlarının və xüsusi təyinatlı bölmələrin döyüşçülərinin hərəkətləri pislənilir: “Məscid və kilsələrə hücumlara, dinc nümayişçilərin güllələnməsinə laqeyd qalmaq olmaz. Suriyalıların inkişafına səbəb olmuş dəyərlər məhv edilir”.
Dünən yayılmış məlumatlara görə, Avropa Birliyi bu gün Suriyaya qarşı sanksiyaları müzakirə edəcək. Bu barədə təşkilatın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun köməkçisi Maykl Man məlumat verib. Onun sözlərinə görə, Bəşər Əsəd rejiminə qarşı qadağalarla bağlı bütün mümkün variantlar nəzərdən keçirilir.
Almaniyada nəşr olunan “Deutsche Welle” qəzeti isə bildirib ki, rəsmi Berlin Suriyada davam etməkdə olan insan haqlarının pozulması hallarını kəskin şəkildə pisləyib. Qəzet Almaniya hökumətinin təmsilçisi Ştefen Zaybertə istinad edərək bildirib ki, Suriya rəhbərliyi artıq həftələrdir ki, özünü sərt cəza rejimi kimi göstərir.
Qərb ölkələri Bəşər Əsəd hakimiyyətinə qarşı sərt sanksiyalar paketini BMT Təhlükəsizlik Şurasına təqdim etsə də şura üzvləri Suriya ilə bağlı bəyanat qəbul edə bilməyib. Suriyadakı vəziyyətə dair BMT TŞ-nin iclasının keçirilməsi təşəbbüsü ilə bir sıra Qərb ölkələri çıxış ediblər. Məhz bu ölkələr Suriya hakimiyyətinin addımlarını pisləyən bəyanatın qəbul olunmasına nail olmaq istəyirdilər. Lakin Rusiya, Çin və Livan bu məsələyə qarşı çıxdıqları üçün bəyanatı qəbul etmək mümkün olmayıb.
Bundan əlavə, Türkiyə Suriyada yaranmış gərginliyin azaldılması üçün hərəkətə keçib. Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın başçılıq etdiyi nümayəndə heyəti Suriyaya yollanıb. Nümayəndə heyəti dünən səhər saatlarında Suriya rəsmiləri ilə görüşüb. Görüşdə Suriyada təxminən 2 aydır ki, davam edən hadisələr və Bəşər Əsəd rejiminin nəzərdə tutduğu islahatlarla bağlı türkiyəli qonaqlara məlumat verilib.
İnformasiya şöbəsi