Saleh “barışıq planı” üçün şərt qoydu

Yəmən prezidenti Qətər dövlətini müxalifəti dəstəkləməkdə günahlandırdı

 

İki aya yaxındır minlərlə insanın küçələrə axışaraq istefasını tələb etdiyi Yəmən prezidenti Əli Abdulla Saleh bütün ölkəni bürümüş, eləcə də Misir, Suriya və digər ərəb ölkələrindəki anti-hökumət nümayişlərinin Qətər dövləti tərəfindən maliyyələşdirildiyini bildirib.

 

Onun sözlərinə görə, Qətər Yaxın Şərq regionunda böyük güc olmaq üçün hərəkətə keçib. Saleh bildirib ki, Qətər böyük maliyyə imkanlarına malik olsa da, bu vəsaiti necə istifadə etməyi bilmir, ancaq Yaxın Şərq regionu çərçivəsində böyük güc olmaq istəyir. Yəmən prezidenti onu da bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının Yəməndə böhranla bağlı hazırladığı razılaşmanın bazar ertəsi Ər-Riyadda keçiriləcək imzalanma tədbirində Qətər nümayəndələri iştirak etsə, “barışıq planı”na imza atmaqdan imtina edəcək.

Xatırladaq ki, Yəmənin hakim “Milli Birlik Konqresi” partiyası ötən həftə Fars Körfəzi Əməkdaşlıq Şurasının təklif etdiyi planı qəbul edib. Plana əsasən milli birlik hökumətinin formalaşdırılmasından sonra 30 gün ərzində prezidentin istefası nəzərdə tutulur. Hökumətin təyinatından sonra prezident səlahiyyətlərini vitse prezidentə təhvil verməli, müxalifət isə nümayişləri dayandırmalıdır. Bu planda prezident və onun ailəsinə toxunulmazlıq da vəd verilib.

İnformasiya şöbəsi