«Son proseslər AXCP-Müsavat birliyini yenidən aktuallaşdırdı»
Azərbaycanda ictimai-siyasi proseslər yaz havasına bənzəyir, tədricən qızışır. Ictimai Palatanın keçirdiyi son aksiyalar, cəmiyyətin fəallaşması, bunun müqabilində iqtidarın təşvişi, getdikcə artan narazılıqlar, daha ucadan səslənən ittihamlar neçə ildən bəri kök atmış qorxu buzunu əridir. Ölkədə baş verən proseslərlə bağlı bəzi suallarımıza aydınlıq gətirmək üçün AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya müraciət etdik.
– Söhbətimizə mitinq mövzusu ilə başlamaq istərdim. Ictimai Palatanın təşəbbüsü ilə iki mitinq keçirilib. Nəticələri necə qiymətləndirmək olar. Aksiyalara davammı, ya taktikanı dəyişmək lazımdır?
– Mitinqlər həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi rezonans doğurdu. Mitinqlər ərəfəsində hakimiyyətin nəzarətində olan TV-lərin gecə-gündüz aksiyalara qarşı əks-təbliğat kampaniyası aparması, cəmiyyətin indiki hakimiyyətdən narazı olan böyük əksəriyyətinin də bu aksiyalardan xəbər tutmasına və təsir effektinin böyüməsinə səbəb oldu. Ən başlıcası, müxalifətin varlığını az qala inkar edən hakimiyyətin təşvişi, xüsusilə 2 apreldə minlərlə şəxsin müxalifətin çağırışı ilə küçələrə çıxması və etiraz aksiyalarında yüzlərlə adamın həbsi Ictimai Palatanın bir alternativ kimi ictimai şüurda önə çıxmasına, dəyişikliklər istəyən əksəriyyətin maraq və istəklərinin təmsilçisi statusuna sahib olmasına yol açdı. Aksiyalar Azərbaycanda demokratik dəyişiklik məsələsini gündəmə gətirərək bu prosesdə beynəlxalq ictimaiyyətin də Azərbaycan xalqı ilə həmrəyliyinin yaranmasına şərait yaratdı. Məhz bu mitinqlərdən sonra beynəlxalq KIV-də Azərbaycanda demokratik mübarizəyə geniş yer verildi, beynəlxalq təşkilat və qlobal güclər Azərbaycan hakimiyyətinin demokratik azadlıqları boğmaq siyasətinə qarşı açıq və sərt tənqidlər səsləndirdilər. Məhz bu aksiyalar nəticəsində demokratik islahatlarla bağlı Azərbaycan iqtidarına qarşı beynəlxalq təzyiq təşəbbüsləri sistemli xarakter alıb və prosesin getdikcə dərinləşəcəyi gözlənilir. Ictimai Palata cəmi iki aksiya ilə iqtidar-müxalifət qarşıdurmasını iqtidar-cəmiyyət və iqtidar-beynəlxalq aləm arasında ziddiyyət müstəvisinə keçirə bildi. Məncə, bu da mübarizənin gələcək mərhələləri üçün siyasi və psixoloji baza yaratmaq baxımından əhəmiyyətlidir.
– Ancaq 17 aprel aksiyası haqqında fikirlər birmənalı olmadı…
– Bilirsiniz, demokratik dəyişikliklər üçün başladılmış və cəmiyyətin böyük əksəriyyətinin maraqlarını ifadə edən prosesə bir mitinqlə qiymət verib nəticə çıxarmaq doğru deyil. 17 aprel aksiyasında küçələrə çıxan insanlar heç də 2 apreldən az deyildi. Ancaq 17 apreldə polis yeni taktika tətbiq etdi. Əvvəllər polis mitinq üçün elan olunmuş meydanı mühasirəyə alıb daha çox meydanı gözləyirdi və mitinqçilər də polis kardonu qarşısında toparlanıb əks istiqamətə yürüşə başlayırdılar. Bu dəfə isə polis təkcə meydanı gözləməklə kifayətlənməyib, əməliyyat qrupları vasitəsi ilə meydandan xeyli kənarda aksiyaya gələn şəxsləri saxlayıb onların mütəşəkkil qaydada toplanmasına imkan vermədi. Bu, aksiyanın qarşısını almaqda taktikanın verdiyi üstünlük idi. Ancaq bizim üçün önəmli olan məsələlərdən bir budur ki, insanlar IP-nin çağırışı ilə küçələrə çıxmışdılar və 2 apreldə baş verən repressiyalar onları heç də qorxutmayıb. Təkcə 150-dən artıq şəxsin həbs faktı mübarizə ovqatının varlığından xəbər verir. Bütün bunlar onu göstərir ki, başlanmış prosesi davam etdirmək üçün siyasi və ictimai əsaslar var. Hətta 17 apreldə olanların beynəlxalq rezonansının kifayət qədər təsirli olması dünyanın Azərbaycan xalqının istəklərinə əvvəlki dövrdən fərqli olaraq nə qədər həssas yanaşdığını da göstərdi və hakimiyyətin avtoritar siyasətinə qarşı əks-təbliğat üçün əsas verdi.
Bütün məsuliyyəti müxalifətin üzərinə qoymaq doğru deyil
– Mitinqlər cəmiyyətdə ərəb dalğasının yaratdığı gözləntilərdən sonra başladı. Bu gözləntilər baxımından hazırkı situasiyanı necə dəyərləndirmək olar?
– Bilirsinizmi, bizim müxalifət çox fədakar olduğundan və illər uzunu bu rejimin siyasətinə qarşı təqib və təzyiqlərə məruz qalaraq müqavimət göstərdiyindən cəmiyyətdə belə fikir formalaşıb ki, hər şeyi onların əvəzindən müxalifət edəcək. Bütün məsuliyyəti müxalifətin üərinə qoymaq yanlış yanaşmadır. Nə ərəb ölkələrində baş verən son proseslərdə, nə də ondan əvvəl demokratik dəyişikliklərin olduğu ölkələrdə prosesi heç də partiyalar həyata keçirməyib. Xüsusilə bizdəki kimi repressiv rejimlərə qarşı mübarizədə dəyişiklik o zaman baş verir ki, xalq özü birbaşa proseslərdə iştirak edir. Yalnız xalqın qatıldığı kütləvi mübarizə prosesinin qarşısını həbslər və repressiyalarla almaq mümkün deyil. Əgər bu iş partiyaların üzərinə qoyulacaqsa, partiyanın bəlli sayda fəallarını həbs etməklə prosesin qarşısını almaq mümkün olur. Ona görə də xalqımız bu gerçəkliyi qəbul edib proseslərdə fəal rol oynamağın zəruriliyini qəbul etməlidir. Biz həmişə meydanlara çıxmışıq, itki və təzyiqlərə baxmayaraq mübarizənin önündə olmaqdan çəkinməmişik. Bu dəfə də belə etdik, mitinqlərə partiya fəallarının iştirakı ilə başladıq. Yüzlərlə fəalımız həbs olundu, 15 nəfər haqqında cinayət işi açılıb və bu şəxslər hələ də həbsdədir. Ancaq dəyişiklik istəyənlər, bu rejimin haqsızlığına məruz qalanlar kənardan müşahidəçi kimi tamaşa etdikcə, mübarizə meydanında özlərini görmədikcə konkret nəticələrin əldə olunması müddəti də uzana bilər. Bəlkə də kimlərsə qorxaq davranışa və ya ictimai məsuliyyəti dərk etməməyə bəraət qazandırmaq üçün xalqın bu proseslərdə fəal olmamasını müxalifətə inamsızlıqla bağlamağa çalışa bilər. Ancaq bu da tənqidə dözümsüz fikirdir, çünki ölkədə korrupsioner, saxtakarlıq üzərində qurulmuş rejimin dəyişməsi təkcə müxalifətin arzusu deyil ki, bu, həm də bu dəyişikliyi arzulayan hər kəsin istəyidir və müxalifətsiz də insanlar dəyişiklik üçün çalışa bilərlər. Baxın, ərəb ölkələrinin bir çoxunda xalq müxalifətsiz özü mübarizəyə qatılıb onu əzən rejimdən yaxa qurtardı. Ona görə də cəmiyyətlə açıq danışmaq lazımdır ki, insanlar özlərini mübarizənin iştirakçısı görmədikcə proses uzanacaq. Bu mərhələdə biz itkilər müqabilində Azərbaycanda demokratiya məsələsini beynəlxalq gündəmə daşımağa nail olduq. Kütləvi aksiyaların daha təsirli şəkildə davam etməsi indiki halda xalqın bizimlə birgə mübarizədə iştirak hazırlığına bağlıdır və biz bunu nəzərə almağa məcburuq.
AXCP-Müsavat birliyinə – superpartiyaya ehtiyac var
– Indiki halda mitinqlərdən başqa müxalifətin ata biləcəyi başqa hansı addımlar var?
– Müxalifətin atacağı addımlar təkcə mitinqlərlə məhdudlaşmır. Mitinqlər həm də cəmiyyətin etiraz potensialına bir baxışdır və biz daim bu potensialın gücləndirilməsi və təsirli gücə çevrilməsi üzərində çalışırıq. Bu baxımdan indiki mərhələdə ən vacib məsələ müxalifətlə cəmiyyətin ünsiyyət imkanlarının artırılması və xalqın Ictimai Palata ətrafında təşkilatlandırılmasına nail olmaqdır. Ictimai Palatada həm vətəndaş cəmiyyəti təmsilçilərinin, həm də siyasi partiyaların birgə fəaliyyəti bu qurumun ölkədəki protest elektoratının maraqlarının təmsilçisinə çevrilməsinə və daha çox ictimai dəstək qazanmasına əlavə imkan yaradır. Elə buna görə də yaxın vəzifələrdən biri IP-nin strukturlaşmasını başa çatdırmaq, onu ölkənin bütün coğrafiyasını əhatə edən quruma çevirməkdir. Bu yöndə əsas işlərdən bir də IP-nin mövcud hakimiyyət komandasına alternativ kimi təqdimatını həyata keçirmək və ölkənin aktual məsələlərini gündəmə gətirərək ictimai müzakirələr təşkil etməkdir. Digər vacib məsələlərdən biri də Azərbaycanda demokratik proseslərə beynəlxalq səviyyədə daha geniş dəstək qazandırmaq, bu istiqamətdəki təmasları artırmaq və bu yöndə xaricdəki soydaşlarımızla sistemli iş birliyinin qurulmasıdır. Internetin verdiyi imkanlardan istifadə edib xalqın siyasi proseslərdə iştirakı ilə bağlı yuxarıda toxunduğumuz məsələlər istiqamətində maarifləndirmə işinin təşkili də vacib məsələlərdəndir.
Bununla bağlı ən önəmli məsələ məncə, yarımçıq qalmış AXCP- Müsavat birliyi ilə bağlı prosesə yenidən qayıdaraq məsələni yekunlaşdırmaqdır. Son proseslər də bir daha göstərdi ki, bu iki qüvvənin birliyinə ehtiyac, bu ideyaya cəmiyyətimizdə də böyük rəğbət və dəstək var. Bu prosesi uğurla başa çatdırmaq iradəsi olarsa, bu, cəmiyyətdə çox böyük ruh yüksəkliyi yaradar, superpartiyanın xalqı siyasi proseslərə qoşması üçün geniş imkanlar açar.
Hakimiyyətin qarşısında iki yol var
– Hakimiyyət müxalifətin etiraz aksiyalarına qarşı sərt reaksiya verir. Islahatlara başlamır, beynəlxalq aləmdən gələn tələblər də nəzərə alınmır. Nə qədər belə davam edəcək?
– Iqtidarda belə bir düşüncə hakimdir ki, islahatlara gedilsə, bu bir tərəfdən cəmiyyətdə gözləntiləri artıracaq, başqa tərəfdən isə hakim elitanın korporativ maraqlarını qurban vermək zərurəti yaradacaq. Eyni zamanda idarəetmə və iqtisadi islahatlar siyasi islahatlar üçün də tələbat yaradacağından oyun qaydalarını dəyişmək zərurəti meydana çıxacaq ki, bu da avtoritar metodlarla hakimiyyətdə qalmağı mümkünsüz edə bilər. Başqa bir məqam da odur ki, dövlət başçısı kimi Ilham Əliyev özünü demokratik rəqabətə hazır görmür. Ona görə də hakimiyyətin saxlanılmasının tək yolu kimi cəmiyyətdə qorxu yaradacaq repressiv siyasətin davam etdirilməsi və mövcud qaydaların dəyişdirilməməsi kursu götürülüb. Hətta Misirdə Hüsnü Mübarəkin heykəlləri yığışdırılsa belə, Azərbaycanda onu götürmürlər ki, bu, hakimiyyətin geri çəkilmə təəssüratı yarada bilər. Təsəvvür edin, mühafizəkarlıq o səviyyədə ifrata varıb ki, uzaq bir ölkənin diktatorunun heykəli Azərbaycan iqtidarının simvollarından birinə çevrilib. Bu siyasətin davam etməsi hakimiyyətin daha çox təcrid olunmasına, cəmiyyətdəki narazılıqların getdikcə artmasına, beynəlxalq təzyiqlərin güclənməsinə gətirib çıxarmaqdadır. Baxın dinamikaya, əvvəllər mitinq qərarı cəmiyyəti o qədər də maraqlandırmırdı, ancaq indi bu, artıq sosial sifarişə çevrilib və müxalifətin keçirdiyi aksiyalar, demək olar, bütün təbəqələr arasında ictimai müzakirələrə səbəb olur. Vəziyyət dəyişməz qalarsa, bir azdan insanlar təkcə mitinqlərlə bağlı müzakirələrlə kifayətlənməyib, dəyişikliklər üçün müxalifəti belə gözləmədən meydanlara çıxmağa məcbur olacaqlar. Artıq ilkin simptomlar var və son zamanlar müxalifətin iştirakı olmadan yerlərdə keçirilən lokal aksiyalar, özünü yandırma halları spontan etiraz dalğasının simptomları sayıla bilər.
Bu gün iqtidarın qarşısında iki yol var. Yuxarıdan islahatlar başladıb müəyyən təminatlar müqabilində dinc üsullarla, kimsənin burnu qanamadan dəyişikliklərə yol açmaq və seçki yolu ilə hakimiyyətin formalaşmasına razılaşmaq. Bu halda real islahatlara başlamağın qazandırdığı ictimai dəstək və rəğbət indiki hakim komandaya gələcəkdə ölkədə qalıb siyasi proseslərdə güc mərkəzi kimi sivil qaydada fəaliyyəti davam etdirməyə imkan verər. Ikinci yol da budur ki, cəmiyyətin indiki halı əsas götürülərək həmişə belə olacağı fikri ilə hakimiyyət inad və israrla hazırkı kursu davam etdirir və dəyişikliklər prosesi bir qədər ertələnir. Ancaq sonda xalqla və beynəlxalq aləmlə artan gərginlik ərəb ölkələrində baş verən proseslərin təkrarı ilə nəticələnir və o zaman hər şey itirilir. Tarix qarşısında da xalqa qarşı cinayətlərin məsuliyyəti hazırkı komandanın üzərində qalır. Məncə, bir qədər də hakimiyyətdə qalmağın müqabilində bu riskli yolu seçmək praqmatik baxımdan belə doğru deyil. Demokratik dalğa Iran və Rusiyada da qalib gələndən sonra hakimiyyətin müqavimət imkanı çox zəifləyəcək və məncə, iqtidardakı ağıllı adamlar indidən bunları nəzərə almalıdırlar.
Vidadi Məmmədov