Prezident Administrasiyasında qəbul əzabları

«Açın qapıları, düşün aşağı, ya da örtün qapıları, özü də bərk-bərk»

Bu yaxınlarda panika başladı ki, prezident islahatlara start verib. Onlardan biri korrupsiyaya qarşı mübarizə, digəri isə “yumurta islahatı” . Amma o, öz Administrasiyası daxilində islahatlara başlamalı olduğu halda buna getmədi.
Məmurlar əlində incidilən xalq dərdini demək üçün Prezident Administrasiyasına üz tutur. Lakin orada növbəti haqsızlıqla rastlaşanda onda gör bir başa iki qapaz necə təsir edir?
Yadımdadır, Sovetlər dönəmində həmin o binanın (indiki Prezident Aparatının) qəbul şöbəsində bir nəfər oturardı. Həmin adam şikayətçinin şikayətini dinləyib məsələ ilə bağlı əlaqədar təşkilatlarla əlaqə saxlayaraq məsələni yerindəcə həll edərdi. Daha xalq nə Prezident (və ya birinci katib) axtarırdı, nə də onun şöbə müdirlərini. Işləri düzəlirdi, çıxıb gedirdilər. Indi Prezident Administrasiyasının Qəbul şöbəsində 3 nəfər oturub. Necə deyərlər, üçü birə dəyməz, biri də heçə.
Administrasiyanın girişində divarda siyahı asılıb. Şöbə müdirlərinin əlaqə telefonu, qəbul vaxtı və s. Amma di gəl ki, həmin şöbələrin müdirlərindən biri də aşağı düşməyi özünə yaraşdırmırlar. Fuad Ələsgərovu isə şikayətçilər özünəməxsus şəkildə aşağı düşürürlər: Şikayətçilər dəstə halında çölə çıxıb, “Fuad, Fuad” qışqırandan sonra aşağı düşür. Biri bir balaca səsini qaldırdımı 9-cu bölmənin polisləri o saat “ştık” kimi hazır olurlar. Ən çox döyülənlər qadınlar olur. Təsəvvür edin, Prezident Administrasiyasının qəbul şöbəsində polis gəlib adam döyür! Özlərinə qəsd edən kim, qanlarını orada tökən kim! Özünü doğrayan bir kişidən sonra qapının girəcəyinə aeroportda qoyulan yoxlayıcı aparat qoydular. Içəri girdin, hər yerin yoxlanılır. Millət qorxudan ora gəlirsə, o boyda mühafizəsi olan Iqamətgah görəsən, nədən qorxur? Qəbul şöbəsindən öz haqlarını tələb eləmək istəyənlərə polis çağırılır və onlar bölməyə aparılır. Səbail rayonunundakı 9-cu polis bölməsinin işi-gücü Prezident Administrasiyasından bölməyə şikayətçi daşımaqdır. Onlar ancaq oradan gələn zənglərlə məşğuldur.

***

Indi qəbul şöbəsində 3 nəfər oturur. Biri qadın, ikisi kişi. Onlar vətəndaşların qarşısında bir-birləri ilə kobud davranır, öz kolleqalarına, qadına irad tutur, qadın olduğuna əhəmiyyət vermirlər. Camaat da öz dərdini unudub onlara baxır. Özlərində təskinlik tapırlar ki, kobud davranış buralara qədər gəlib çıxıb, deməli… Hərçənd ki, azdan-çoxdan işləyən, elə o qadındır. Danlanan da odur, millətin qabağına da çıxan odur, onların üzünü ağardan da odur.
Vaxtilə qəbulda Kamal adlı bir şöbə müdiri var idi. Yaşlı olsa da milləti birtəhər yola verirdi. Indi yaşlı, pensiya müddətini elə qəbul şöbəsində başa vurmaq istəyən, əsəbləri pozulmuş Hafiz Məmmədov vətəndaşlarla etik normalara uyğun olmayan tərzdə davranır. Hövsələsi daralır. Sanki onu katorqaya göndəriblər. Həyətdə bir qrup şikayətçi giley edir ki, qəbula düşə bilmirlər. Hafiz müəllimin otağına girib ona söz demək istədikdə: “Tualetə getməyə də qoymayacaqsız?”- deyir. Elə ki, əsəbiləşdi, o dəqiqə polis çağırır. O, vətəndaşları çox ləng qəbul edir, ona görə ki, kompüterdə yaxşı yaza bilmir. Hamı bu adamı bu işə kimin və nə üçün təyin etdiyindən təəssüflənir.
Nə isə, möcüzəli işlər baş verir oralarda…

Z.Məmmədova