ilham-ramiz

İlham Əliyev Ramiz Mehdiyevi güdaza verir

PA rəhbərinin “antiinqilab” taktikası hakimiyyəti pis vəziyyətdə qoyub

İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “anti-inqilab taktikası”nın üzərindən birdəfəlik xətt çəkib. Və beynəlxalq təşkilatların yanında bu kampaniyanın bütövlükdə hakimiyyətin mövqeyi kimi başa düşülməməsini istəyib. Hakimiyyətə yaxın mənbə “Azadlıq”a belə deyib.

Söhbət ərəb inqilablarının Azərbaycana təhlükəsini önləməyin fonunda müxalifətə və beynəlxalq təşkilatlara qarşı aparılan kampaniyadan gedir. Ötən saylarımızda bu barədə məlumat vermişdik. Bildirmişdik ki, müxalifətə qarşı “zəhmətkeş aksiyaları” və beynəlxalq təşkilatların şantaj olunması əslində Ramiz Mehdiyevin planı olub. Bu kampaniyaya məhz Mehdiyevin müəlliflik etdiyini söyləmək üçün onun kommunist nomenklaturasına sadiqliyi və hakimiyyətdəki rusiyapərəst qüvvələrin başında dayanması faktına istinad etmək yetərlidir.

Lakin akademikin taktikası uğurlu nəticə vermədi. Əksinə müxalifətə qarşı kampaniya cəmiyyətdə ikrah hissi oyatdı. Beynəlxalq təşkilatların şantajı isə cəmiyyətin ümidsizliyə qapılan kəsiminin fəallaşmasına səbəb oldu. Hakimiyyət elə buna görə də taktikanı dəyişmək qərarına gəldi və artıq yeni plan hazırlanıb ki, bu barədə də ötən saylarımızda ətraflı məlumat verdiyimizdən təkrarçılıq etmək istəmirik.

Yeni xəbərlərdə həmçinin deyilir ki, beynəlxalq təşkilatların nümayəndələri Ilham Əliyevlə görüşlərində bu kampaniyaya açıq şəkildə etirazlarını bildiriblər. Və bu məsələ müzakirə olunanda hakimiyyətdəki ayrı-ayrı qruplar da dövlət başçısının nəzərinə çatdırıblar ki, kampaniyanın bu şəkildə aparılması Ramiz Mehdiyevin müəllifliyi və təşkilatçılığının nəticəsidir. Bundan sonra dövlət başçısı da diplomatik nümayəndələrlə görüşlərində məsuliyyəti PA rəhbərinin üzərinə atıb. Ilham Əliyevin bu addımını Ramiz Mehdiyevi güdaza vermək kimi də dəyərləndirmək olar.

İnformasiya şöbəsi