İlham Əliyev diplomatik izolyasiyadadır

Rahim Hacıyev: «Qərb artıq çox ciddi siqnal alıb ki, Ilham Əliyevlə bundan sonra normal əməkdaşlıq mümkün deyil»

Hakimiyyətinin ilk dövrlərində xarici ölkələrə etdiyi səfərlərin sayına görə turist-prezident adını qazanan Ilham Əliyev son vaxtlar bu vərdişindən əl çəkməli olub. Təbii ki, o, bunu öz istəyi ilə etməyib. Ölkə başçısının ünvanına gələn dəvətlərin sayı xeyli azalıb. Bu da səbəbsiz deyil. Qərbin demokratiya tələblərinə məhəl qoymayan Əliyev bunun qarşılığında belə bir münasibətlə üzləşib. Bir neçə beynəlxalq tədbirləri çıxmaq şərti ilə Əliyev heç yerə dəvət edilmir. Hətta ötən il ABŞ-da keçirilən nüvə sammitinə də dəvət edilmədi. Xatırladaq ki, ölkə başçısının son bir ildə cəmi bir neçə ölkəyə rəsmi səfəri olub. Sonuncu səfəri Latviyaya olub və bu, daha çox qaz anlaşması əldə etmək məqsədi daşıyırdı. Vəziyyətin bu həddə çatmasını hökumətdə də anlayırlar. Bu səbəbdən də diplomatların və ardıcıl bir neçə ölkənin prezidentinin Azərbaycana səfərləri təşkil edilir.
Bəs Ilham Əliyevin xarici dövlətlərdə, əsasən də Qərbdə arzuolunmaz şəxsə çevrilməsinin əsas səbəbi nədir?
Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Azərbaycan hakimiyyəti, başda Ilham Əliyev olmaqla, müəyyən dövrlərdə Qərblə münasibətlər saxlaya bilirdi. Lakin Qərbin demokratiya tələblərinin intensivləşməsi, eyni zamanda neftin dünya bazarında qiymətinin artması nəticəsində Rusiyanın mövqeyinin güclənməsi Azərbaycan hakimiyyətinin əsl simasını açıb göstərdi: “Iqtidar faktiki olaraq Rusiya ilə eyni mövqedən çıxış etməyə başladı. 2008-ci ildə neftin qiyməti 140 dollar olanda belə bir açıqlama verdi ki, heç kim bizim işlərimizə qarışmasın. Heç kim bizə dərs keçməsin, özümüz bilərik nəyi necə edərik. Lakin iqtisadi böhran Rusiyanın vəziyyətini pisləşdirdi. Bu, Azərbaycan hökumətinə də təsirsiz ötmədi”.
Ekspertin sözlərinə görə, hakimiyyət Qərblə ciddi əməkdaşlıqdan imtina edib ki, bu da Qərbin iqtidara münasibətini dəyişib: “Istər ”Nabukko”, istərsə də NATO, Avropa Birliyi ilə bağlı əməkdaşlıq məsələlərində Azərbaycan hakimiyyəti artıq imitasiya siyasəti apara bilmədi. Çünki çox qəti və sərt şəkildə tələblər qoyuldu ki, NATO ilə daha ciddi əməkdaşlıq olmalıdır. Obama hakimiyyətə gələndən sonra ABŞ-ın mövqeyinin dəyişməsi, demokratik dəyərlərə üstünlük verməyə başlaması Amerika-Azərbaycan münasibətlərinə çox pis təsir etdi. 2009-cu ildə Türkiyədə olarkən Obamanın dəvətini Ilham Əliyev qəbul etmədi. Qərb üçün bu, artıq çox ciddi siqnal idi ki, Ilham Əliyevlə bundan sonra normal əməkdaşlıq mümkün deyil”.
Ekspert Ilham Əliyevin diplomatik izolyasiya vəziyyətinə salındığını da qeyd etdi. Bu da onun bilavasitə apardığı siyasətin nəticəsidir.

Fizzə