Kürün deltasından yenə həyəcanlı xəbərlər

Çayın dənizə tökülən hissəsinin dərinliyi 30 sm-dir

Mehman Əliyev: «Məmurların himayə etdiyi balıq mafiyasının biznes maraqları hələ də üstün gəlir»

Kür çayının Xəzərə tökülən hissəsi yenə lillənib. Aparılan araşdırmalar göstərir ki, çayın dənizə tökülən hissəsinin dərinliyi hazırda 30 sm-dir. Bu isə həyəcan təbili çalmağa əsas verir. Çünki ekspertlərin fikrincə, keçən il Kürün daşmasının başlıca səbəbi çayın deltasının tutulması idi. Amma hələ belə görünür ki, baş verən olay mətbuatda geniş işıqlandırılmasına baxmayaraq, heç kimi narahat etmir. Elə keçən il baş verən fəlakətə görə heç kəsin cəzalandırılmaması bunu deməyə əsas verir. Amma siyasi ekspertlərin proqnozlarına görə, Kürdə növbəti daşqın cəmiyyətdəki hazırkı aktivliyin fonunda hakimiyyətin sellə yuyulub aparmasına gətirib çıxara bilər.
Kür Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyevin sözlərinə görə, ümumiyyətlə, keçən il çayın təmizlənməsi prosesi yarıda saxlanılıb. Iyul ayının sonunda artıq Kürün deltasının təmizlənməsinin faktiki dayandırıldığını deyən M.Əliyev vurğuladı ki, burada məmurların himayə etdiyi balıq mafiyasının biznes maraqları hələ də üstün gəlir. Belə ki, deltanın lillənməsi balıq tutanların bir növ işini asanlaşdırır. Ona görə balıq mafiyası Kürün deltasının təmizlənməsində maraqlı deyil.
Keçən il Kürün deltasının təmizlənməsinin dayandırılması ilə bağlı bir neçə dövlət strukturuna müraciət etdiyini nəzərimizə çatdıran M.Əliyev bildirdi ki, müraciətlərə təzadlı cavablar gəlib. Məsələn, Fövqəladə Hallar Nazirliyi təmizlik işlərinin davam etdiriləcəyini bildirib. Eyni zamanda o da vurğulanıb ki, bu məqsədlə Hollandiyanın bir sıra şirkətləri ilə müqavilə imzalanacaq. “Kaspar”dan isə bildirdilər ki, işlər dayandırılıb və buna görə Meliorasiya və Su Təsərrüfatı Idarəsi ilə əlaqə saxlanılmalıdır. M.Əliyevin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə belə bir cavab gəlibmiş ki, guya Kürün deltasının təmizlənməsi hələ də davam edir. Halbuki “Kaspar” işlərin dayandırıldığını öz cavab məktubunda etiraf edibmiş.
M.Əliyev daha sonra söylədi ki, Kürün deltasında hazırda da ciddi problemlərin müşahidə olunması fəlakətin ola biləcəyinə işarədir. Hazırda baş verənlərə biganəliyin müşahidə olunması isə məsuliyyətsizliyin göstəricisidir. Digər tərəfdən, ötən ildən fərqli olaraq Mingəçevir su anbarında vəziyyətin normada olduğunu deyən M.Əliyev bildirdi ki, araşdırmalara görə, anbardan suyun buraxılması qrafik üzrə aparılır. Və gələcək aylarda suyun səviyyəsi artarsa, anbar onu qarşılamağa qadir olacaq.

Xəyal