Katibəmdən üzr istə!

Katibəmdən üzr istə!Nədən yazsan, hansı mövzuya toxunsan, gedib dirənəcək avtoritar rejimin mahiyyətinə.Hətta KATIBƏ mövzusunun da dirəniş yeri o murdar mahiyyətdir.
Bütün avtoritar rejimlərdə icra strukturlarının rəhbərləri tabeçiliyində olanlara qul, kölə kimi yanaşır.O rəhbərlər katibələrini isə özlərinin şəxsi “malı” hesab edirlər.

Nədən ki, katibələr müdirlərin sənədlərini səliqə-sahmana salmaqdan, qəbula gələn əməkdaşları yola verməkdən, poçta qoyulan məktublara dərkənar yazdırmaqdan başqa daha bir funksiyanı yerinə yetirirlər.

Əksər katibələr həm də müdirlərin intim hisslərini nizamlamaqla məşğuldurlar.Məhz bu funksiyaya rəğmən katibə avtomatik olaraq, müəssisəsdə müdirdən sonra ikinci şəxsə (bəzən də birinci) çevrilir.Bu olaydan sosial şəbəkələrin birindən xəbər tutdum.Yaxınlarda Azərbaycanın elm müəssisələrinin birinin rəhbəri gənc, savadlı və ləyaqətli bir qızcığazı işdən azad edib.Səbəb heç də o gənc qızın işinin öhdəsindən gələ bilməməsi deyil.

Yeganə səbəb onun müdirin katibəsinə salam verməməsi olub.Qəbul otağına şöbədən sənəd gətirən gənc bir əməkdaşın katibəyə salam verməməsi öncə katibənin, sonra da müdirin heysiyyatına toxunub.Və göstəriş verilib ki, gənc qız katibədən üzr istəsin.

Tələb yerinə yetirilmədiyi üçün yekə bir alim məsum qızcığazı işindən kənarlaşdırıb.Indi o elm müəssisəsində cümlə əməkdaşlar ironiya ilə yekə alimlərinin katibəsinin gücündən danışırlar.Qəbul otağının yanından keçəndə başlarını içəri salıb katibənin kefini xəbər alırlar.Katibəyə sayğı göstərmək vəzifəni sığortalamaq kimi dəyərləndirilir.Xoşagəlməz bir hadisə baş versə, kara gələn və sözü keçən katibədən başqa kim  ola bilər ki.

Alim, yoxsa tədqiqatçı və ya araşdırıcı

Səhv etmirəmsə, Azərbaycanda 10 minə yaxın “elmlər namizədi” və “elmlər doktoru” olmalıdır.Başqa sözlə, 10 min ALIMi varmış Azərbaycanın.Desəm ki, bu 10 min adamın içərisində barmaqla sayılacaq miqdarda ALIM tapmaq olar, feodal düşüncəlilər, XXI əsrin 11-ci ilində yaşadığımızdan bixəbər olanlar mənimlə razılaşmayacaq.

Başlayacaqlar qanqaldan, üçyarpaq yoncadan, tək və cütdırnaqlılardan, erməni dostluğundan, “Əsli-Kərəm” dastanından, daha nə bilim nələrdən namizədlik dissertasiyası yazmış kəsləri alim kimi qələmə verməyə.Dəlləyin işi saç kəsib, üz qırxmaq, çobanınkı dana, qoyun otarmaqdır.Alimin işi də tədqiqatlar aparıb elmə töhfələr verməkdən ibarətdir.Sizi bilmirəm, mənə Azərbaycanda ALIM kimdir sualını versələr, Yusif Məmmədəliyevin, Azad Mirzəcanzadənin, Xudu Məmmədovun, Rafiq Əliyevin və daha beş-altısının adını çəkərdim.5-6 vərəqdən ibarət namizədlik dissertasiyası yazmış adama alim demək olmaz.Hansı kriteriyaya söykənərək tarixdən namizədlik dissertasiyası qələmə almış Mübariz Qurbanlıya, yaxud fəlsəfə elmləri namizədi Əli Əhmədova ALIM demək olar? 

Belələrinə tədqiqatçı deyək, araşdırmaçı deyək, fəqət alim deməyək.

Ayıbdır.

Əgər onlara ALIM deyiriksə, Lomonosova, Nyutona, Eynşteynə, Saxarova, Mendeleyevə, Bill Geytsə nə deyək o zaman?

Alim, dünya elmini öz icadı ilə zənginləşdirəndir.

Namizədlik dissertasiyası cızma-qara edən deyil.Plagiatlıqla elmlər namizədi, elmlər doktoru olan da deyil.Azərbaycanda 10 minə qədər elmlər namizədi və elmlər doktoru var.

Onlardan neçəsini ALIM adlandırmaq mümkündür?Sualın cavabını elm müəssisələrinin rəhbərlərinin katibələrindən də xəbər ala bilərsiniz.Nədən ki, “yekə alimlərimizin” hansı işlər gördüyünü onlar daha yaxşı bilirlər.