Serj Sərkisyan geri çəkildi və müxalifətə dialoq təklif etdi
Ermənistan müxalifəti nəhayət ki, üç illik fasilədən sonra aprelin 28-də İrəvanın mərkəzi meydanında icazəli mitinq keçirib. Erməni Milli Konqresinin təşkilatçılığı ilə Azadlıq meydanında baş tutmuş aksiyaya minlərlə müxalifət tərəfdarları qatılıb.
Mitinqə hökumətin istefası tələb olunub. Müxalifət liderləri siyasi məhbusların azad olunması, Azadlıq meydanında mitinqlərin keçirilməsinə qadağanın ləğvi və 2008-ci il martın 1-də 10 adamın qətlə yetirilməsi üzrə ədalətli istintaqın aparılması tələblərini irəli sürüblər. Hazırda bu tələblərin ikisi yerinə yetirilib və yalnız “siyasi məhbuslar” azad edilməyib.
“EPRESS.AM” internet gəzetinin məlumatına görə, mitinq günü səhər saatlarında etirbarən Martuni və Sevan rayon mərkəzlərindən İrəvana ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yeranos kəndi yaxınlığında isə paytaxta gələn əsas avtomobil yolu polislər tərəfindən bağlanıb.
Müxalifət lideri, keçmiş prezident Levon Ter-Petrosyan Serj Sarkisyanın mayın 28-də Ermənistanın Müstəqillik Günü qeyd olunduğuna və siyasi məhbusların bu münasibətlə azad edilməsinə işarə etdiyini xatırladıb.
Ermənistan prezidenti Serj Sarkisyanın son çıxışları isə hakimiyyətin geri çəkilmək niyyətində olduğu anlamına gəlir. Ölkə rəhbərinin sözlərinə görə, Ermənistanda güclü hakimiyyətlə barəbar iqtidarın nöqsanlarını görməyə və onları həll etməyə çaöıran müxalifət var. Sərkisyan iqtidarın müxalifətlə əməkdaşlıq etməyə hazır olduğunu bildirib:“Biz ölkəmiz üçün ciddi uğurlar əldə edə bilərik. Biz gərginliyi aradan qaldırmaq üçün ilk addımı birinci atmağa hazırıq. Mən artıq ədliyyə nazirinə təkliflər təqdim etməyi tapşırmışam”.
İnformasiya şöbəsi