Zərərçəkən «Azər-Yurd»un bir mənzili bir neçə nəfərə satmasıyla bağlı Zakir Qaralova şikayət etdi
Bakıda daha bir fırıldaqçı şirkət peyda olub. Bu barədə “Olaylar”a şirkət tərəfindən aldadıldığını iddia edən paytaxt sakini Rəşad Feyzullayev məlumat verib. Zərərçəkmişin dediyinə görə, Bakının Yasamal rayonu ərazisində “Azər-Yurd” Mənzil Tikinti Kooperativi adı altında fəaliyyət göstərən tikinti şirkəti ona 100 min manat ziyan vurub. Onun sözlərinə görə, vətəndaşlardan külli miqdarda pul alan şirkət onlara mənzil verəcəyini bildirsə də, sonradan şirkət rəhbərliyi vətəndaşları aldadıb.
Şirkət bir mənzili bir neçə vətəndaşa satmaqla dələduzluq edib vətəndaşlardan külli miqdarda pul mənimsəyib. Zərərçəkmişlərdən biri də Rəşad Feyzullayevdir. Onun sözlərinə görə, 2008-ci il noyabrın 15-də Bakının Yasamal rayonu, Şərifzadə küçəsi, 3137-ci məhəllədə tikilməkdə olan hündürmərtəbəli binadan 3 otaqlı mənzil almaq niyyətində olub və bu məqsədlə binanı tikən “Azər-Yurd” şirkətinə müraciət edib. Şirkətlə vətəndaş arasında razılıq əldə edilib və ikitərəfli mənzil müqaviləsi də bağlanıb. Müqaviləyə əsasən həmin binanın 4-cü mərtəbəsindəki 43 saylı 130,95 kvadratmetrlik mənzil Rəşad Feyzullayevə verilib. Rəşad Feyzullayev müqavilə əsasında aldığı mənzilə görə “Azər-Yurd” tikinti şirkətinə 98 min 212 manatı nəğd ödəyib və mənzili təhvil alıb. Həmin vaxtdan etibarən Rəşad Feyzullayev “Azər-Yurd” tikinti şirkətinin direktoru Kamil Hüseynov tərəfindən arxayın edilib və mənzilin ona verildiyi bildirilib. Bir müddət əvvəl isə mənzilində təmir işlərinə başlamaq üçün binaya gələn Rəşad Feyzullayev gördüklərinə inanmayıb. Məlum olub ki, onun qanuni mənzili şirkət tərəfindən başqa şəxsə satılıb və həmin şəxs də mənzilə görə şirkətə pul ödəyib.
Araşdırma zamanı məlum olub ki, “Azər-Yurd” Mənzil Tikinti Kooperativinin sədri Kamil Hüseynov həmin mənzili müqavilə əsasında Rəşad Feyzullayevdən başqa daha iki nəfərə satıb. Yəni, bir mənzil eyni qiymətə 3 ayrı-ayrı şəxsə satılıb. Məsələ ilə bağlı şirkət rəhbərliyinə müraciət edəndə isə məlum olub ki, mənzilin alqı-satqı müqaviləsini bağlayıb vətəndaşlardan pul alan Kamil Hüseynov mənzilləri satandan sonra şirkət rəhbərliyindən gedib və hazırda o, “AKKORD” Şirkətlər Qrupunda çalışır: “Kamillə görüşüb məsələyə aydınlıq gətirmək istəyəndə isə o məni təhqir edərək həmin mənzili satdığını təsdiqlədi. Məni yüksək rütbəli məmurlarla hədələyərək evdən əl çəkməyimi tapşırdı. Kamil deyir ki, o yüksək rütbəli məmurun qohumudur və ona görə də bu özbaşınalıqları arxayın həyata keçirir. Bizi hədələyir, mənzil iddiasından əl çəkməyimizi tələb edir və heç kimdən qorxmadığını bildirir. Hazırda mənzil başqa şəxslərə verilib və Kamil Hüseynov onlara da saxta müqavilə təqdim edib”.
Rəşad Feyzullayev məcburiyyət qarşısında məsələ ilə bağlı prezident Ilham Əliyevə, Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət edərək “Azər-Yurd” MTK şirkəti və qurumun sabiq rəhbəri Kamil Hüseynovun özbaşınalıqları barədə məlumat verib.