Akademiki türməyə salan Ilham Əliyev

Ilham Əliyev alimlərlə görüşdü və sonra elm adamlarının maaşına 5-10 qəpik artım etdi. Mən maraqlandım, bu artımdan sonra da alimlərin maaşı, orta təhsilini güclə başa vuran yol polisi çavuşunun əməkhaqqına çatmayıb.

Alimlərlə çavuşların yaşayış tərzi mənə həmişə sovet ordusundan qalma bir lətifəni xatırladır. Varlı gizirin qonşuluğunda kasıbyana yaşayan zabit hər dəfə rütbəsi qalxanda sevincək halda həyat yoldaşına xəbər verir. Zabit bir gün “General oldum” müjdəsini verəndə arvadının reaksiyası belə olur: “Lap yaxşı, əzizim de görüm, bəs nə vaxt gizir olacaqsan?”

Ilham Əliyev elm haqqında çox danışa bilər, bu danışıq haqda yaltaqlar lap monoqrafiya da yaza bilər. Bunların heç biri sərt Azərbaycan reallığını dəyişməyəcək. Azərbaycan hakimiyyəti elmə düşməndir. Bu ölkədə elm adamını ən hörmətsiz adam zümrəsi edən də avtoritar rejimdir. Əzəldən bəllidir, avtoritar rejimlər düşünən başları sevməz, əyilən başları sevər.

Dünyada Ilham Əliyevin elmə qayğısından danışmaq qədər mənasız mövzu tanımıram. Kimlərsə bu mövzuda cuşa gəlmək istəyirsə, mən onları təmkinli olmağa səsləyirəm. Dostlar, Azərbaycan tarixində iki akademiki Ilham Əliyevdən başqa heç bir rəhbər türməyə yollamayıb. Təkrar edirəm, Azərbaycan tarixində Ilham Əliyevdən başqa heç kim akamediki türməyə salmayıb.

Və bunu da unutmayın. Ilham Əliyevin birinci və axırıncı dəfə ictimailəşən qəzəbi alimə qarşı olub. Yadınızdadı? O, alimi otağından da qovmuşdu…Ziyanverici hakimiyyət
Ictimai Palatanın 2 aprel mitinqinə görə müxalifət fəallarına sutkalıq həbslər verilir, 10-dan artıq adama cinayət işi açılıb. Hökumət bu əməllərinə belə haqq qazandırır: “Bu adamlar şüşələri sındırıb, polisin maşınını əzib, xülasə, dövlətin və vətəndaşların mülkiyyətinə ziyan vurublar”.Əlbəttə bu, tər-təmiz şərdir, lakin bu şər bizə hakimiyyətin gerçək simasını göstərmək üçün bir fürsət yaradır.

Əvvəla, dövlətin və vətəndaşların mülkiyyətinin qədrini bilən hakimiyyət korrupsiya ilə məşğul olmaz. Elə o mitinqə çıxan insanlar da hakimiyyətin talan və soyğunçuluğuna etiraz etmək üçün küçələrdəydi. Mağazanın şüşəsinin qırılmasından guya, əndişələnən hakimiyyət bəs necə olur ki, şəhərin mərkəzində göz görə-görə insanların evini uçurub onları sürgün edir? Bakıda və əyalətlərdə əhalinin mülkiyyət hüququna açıqca təcavüz edənlər Ilham Əliyev və onun məmurları deyilmi?

Keçək Bakının sirrinə dönən bazar yanğınlarına… Son iki ildə azı, 5 dəfə iri bazarlar yanıb. Yanıb yazdım, ancaq orada var-yoxları əldən çıxan sahibkarlar “yandırıblar” deyir. “8-ci kilometr bazarı” 3 dəfə dalbadal od tutub. Konkert adlar çəkilir, bazarın yanmasında maraqlı ola biləcək şəxslərin adı mediada dəfələrlə hallanır. Ancaq heç vaxt hakimiyyət o cinayətlərin araşdırılmasına maraq göstərməyib. Bir nəfərə də “gözün üstə qaşın var” deməyib.

Ötən ilin yazında Aran bölgəsində baş verən Kür daşqınlarının vətəndaşların və dövlətin əmlakına vurduğu ziyanın miqdarı yüz milyonlarla ölçülür. “Kürü tutub damlasınlar” iddiasında deyiləm. Ancaq o daşqınlar elə-belə deyildi axı. Mütəxəssislər bir ağızdan bəyan edirdilər ki, daşqının bunca fəlakətli olması səhlənkarlığın nəticəsidir. Yerli əhali isə daha aydın fikirlər səsləndirdi. “Bu, bizə qarşı dövlət terrorudur” deyirdilər. Niyə görə o fəlakətin törənməməsinə cavabdeh olan bir məmura qarşı cinayət işi başlanmadı? Yəni, doğrudanmı yüz milyonlarla pulu suda axıdanların hamısı məsum idi?