“Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.Ilham Əliyevin AMEA-dakı uzun müddət müzakirə mövzusu olası çıxışından sitatdır bu. Doğrudan da dövlət dilinin qorunması çox aktuallaşıb. Niyə belə vəziyyət yaranıb?
Bir halda ki, ana dilini qoruyası Dövlət Dil Komissiyası adlı qurumun başında Artur Rəsizadə dayana, dövlət dilinin saflığımı qalar? Azərbaycan dilini bilməyən Artur müəllimin Dövlət Dil Komissiyasının sədri olması bu dilin anasını ağlar qoymaq demək deyilmi?Bir halda ki, prezidentin doğmaca atası – Heydər Əliyev 2002-ci ildə Dövlət Dili haqqında Qanun imzalaya, amma aradan keçən 9 il ərzində Əsasnamə hazırlanmaya, bu, qeyri-ciddi yanaşmanın təzahürü deyilmi?
Qanuna görə, dövlət dilini mükəmməl bilməyən heç bir şəxs vəzifə tuta bilməz. Artur Rəsizadə, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Cahangir Əsgərov və bir çoxları dövlət dilini hansı səviyyədə bilirlər? Bunları vəzifəyə mən təyin eləmişəm?
Qanunla, 5 ildə ən azı (!) bir dəfə Orfoqrafiya lüğəti tərtib olunmalıdır. Sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə dərc edilib. Aradan 7 illik bir zaman keçir. Hanı növbəti Orfoqrafiya lüğəti? AMEA-ya təşəkkür edən cənabi-möhtərəmin ümumiyyətlə, xəbəri varmı bu məsələlərdən?Ana Yasamıza və Dil Qanununa əsasən, ölkədə dövlət dili Azərbaycan dilidir. Bu xaraba qoyulan məmləkətin bütün dövlət idarələrinin qarşısında iki dildə yazıya rast gəlinir – Azərbaycan və ingilis dilində. Niyə xarici dildə lövhə olmalıdır? Hansı zərurətdən doğub bu? Bu ölkə ikidillidirsə, qanunla tənzimləyin, yox, birdillidirsə, onda atanızın imzaladığı qanuna hörmət edin!
Qanunda açıq şəkildə göstərilir ki, bütün müəssisə və təşkilatların, ticarət obyektlərinin adı dövlət dilində yazılmalıdır. Çıxın Bakı küçələrinə, görün Dövlət Dilinin gününü! Kim cavabdehdir bu qanun pozuntusuna?
Ölkədə 21 rusdilli, 365 qarışıq – rus və Azərbaycan bölməli – məktəb fəaliyyət göstərir. Rus dilində təhsil alan şagirdlərin sayı 100 min nəfərdir. 100 min nəfərlik şagirdin heç 20 mini rus millətindən deyil. Kimdir bu məktəblərdə öz övladlarına rusca təhsil verənlər? Ümumiyyətlə, müstəqil ölkənin ali məktəblərində hər hansı başqa dildə bölmənin fəaliyyət göstərməsi ayıb, utanc gətirən və milli ləyaqətə sığmayan bir hadisədir!Ramiz Mehdiyev bir müddət öncə “Azərbaycanda rus dilinə dövlət səviyyəsində qayğı var” sözlərini elə dedi ki, guya fəxr olunası bir məsələdən danışır. Müstəqil bir ölkədə əcnəbi dilə dövlət qayğısını çəkinmədən dilə gətirmək yalnız bu iqtidarın ideoloqunun ağlına gələ bilər. Vikiliks-in yaydığı xəbər hələ soyumayıb: Azərbaycanda Əliyevlər başda olmaqla bir çox ailələr rusdillidilər, evlərində rusca danışırlar. Övladları ilə əcnəbi dildə danışanlar Azərbaycan dilini qorumaqmı istəyəcəklər?Azərbaycan dilinin qorunmasının yalnız bir yolu var – qanunlara hörmət etmək. Bu sülalə rejimi ölkədə qanunları tapdamaqla məşğuldur, Dövlət Dili çox veclərinədir.
“Analoqsuz” qurtardı, keçdik “fenomen”ə
Daha “analoqsuz inkişaf” sözünün bir qəpiklik dəyəri, hörmət-izzəti qalmayıb. Ona görə möhtərəmimiz keçib yeni istilaha, Azərbaycanın inkişafını “fenomen” adlandırır.
“Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik”.Bzejinski ölkənin inkişafının 4 istiqamətini göstərir. Amma bizdə “fenomen” inkişaf 3 ana, 3 bala olmaqla 6 istiqamətə bölünür. Ana istiqamətlər bunlardır: nöyütü çıxarıb satmaq, çıxarıb nöyütü satmaq, satıb nöyütü yenə çıxarmaq!Bala istiqamətlər isə belə sıralanır: nöyütdən gələn gəliri təmir-tikinti adıyla büdcədən oğurlamaq; cari təmir adıyla büdcəyə süpürgə çəkmək; rüşvət və korrupsiya ilə camaatın qanını sümürmək.Bir də əsas, lap fundamental, fenomenal, analoqsuz, canım sizə desin, misli görünməmiş, tayı-bərabəri olmayan ATA istiqamət var: toyuqlara nəzarət etmək və yumurtanın qiymətini banlatmaq!
Gərək, hörmətli Ramiz müəllim buna da bir kitab həsr eləsin: “Inkişafın Azərbaycan modelində yumurta fenomeni”.