5 yaşlı qızın səsindən qorxub Natəvan Həbibinin səsinə sığınanlar

Həm xalqın etiraz səsini boğacaqsan, həm də yaxşı-pis səsi var deyə qarşına keçən hər kəsi öz partiyana dolduracaqsan?
Həm müxalifətin toplantılarında mikrafonlar işləməsin deyə işıqları söndürtdürəcəksən, həm də əli mikrafon tutan hər kəsi öz partiyana dolduracaqsan?

Dünən adları allah qoymasa, müğənni olan daha beş nəfərin YAP-a üzv etdirildiyi haqqında xəbəri oxuyanda ağlımdan ilk keçən bunlar oldu. Bunlardakı ağıla baxın, siz allah, bunlardakı məntiqə baxın! Bunlar elə bilirlər bir partiyanın səsinin gur çıxması üçün orada müğənni çox olmalıdır.

Oysa istəyirlər lap Şakiranı YAP-çı eləsinlər, istəyirlər lap Sezen Aksunun cibinə YAP bileti dürtsünlər, xeyri yoxdu. Heç bir müğənninin səsi ədalət istəyən, özgürlük istəyən, hüquq istəyən, rifah istəyən xalqın səsindən daha gur çıxa bilməz.

Mənim bu mövzuda uzun-uzadı nəsə yazmaq fikrim yoxdur. Ona görə də kəsə getmək istəyirəm.
Bunu Ilham Əliyev də bilsin, onun böyür-başındakılar da: 5 yaşlı Məryəmin “Azadlıq!” bağıran, “Istefa!” hayqıran səsindən qorxub, altını batırıb, Natəvan Həbibinin səsindən imdad diləyən, aşıq Samirənin səsinə sığınan bir zehniyyət məğlubiyyətə məhkumdur.
Həm də tezliklə! Həm də ən yaxında!
Ramiz Mehdiyev YAP haqqında da məqalə yazacaqmı?
Bunu da yazım, ürəyimdə qalmasın. Bir ara rejimin baş ideoloqu, akademik-administrator
Ramiz Mehdiyev telekanallarda şou-biznesin baş alıb getməsindən möhkəm əsəbləşmiş, kağız-qələmə sarılıb onların qabırğasına döşəyən yazılar yazmışdı, xatırlayacaqsınız.
Indi məni çox düşündürür: cənab Mehdiyev telekanallar haqqında yazdığı tənqidi məqalələrdən birini də bu qədər sürətlə yeniulduzlaşdırılması, azəristarlaşdırılması, çal-çağırlaşdırılmasından sonra YAP haqqında yazacaqmı?

Ümumiyyətlə, həm telekanallarda düşük-düşük, mənasız-mənasız müğənnilərin at oynatmasından gileylənməyiniz nədir, həm də onları bir-bir, üç-üç, beş-beş YAP-a doldurmağınız nə?

Bəs YAP-ın adı necə olsun?

Ha, bu arada, rejim başbilənlərinə bir də bir sualım var, lütf eləyib cavablandırsalar çox məmnun olardım: cənablar, bir halda ki, bir yandan müğənni istehsal edib o biri yandan partiyanıza doldurursunuz, o zaman YAP-ın adını dəyişmək zamanı da gəlməmişdirmi?
Fikrimcə, nəinki zamanı gəlmiş, hətta vaxtı keçməkdədir. Əgər məndən soruşursunuzsa, ən doğrusu YAP-ı bundan sonra YUP adlandırmaqdır – Yeni Ulduz Partiyası…
Susmuş şairin susmuş heyranları

Keçənlərdə Ramiz Rövşən yeni yazdığı bir şeirlə heyranlarının ağzını açıq buraxmışdı. Həm “mən iyrənib də susa bilərəm” deyə ictimai-siyasi məsələlərdən yaxasını kənara çəkən, həm də rejimin prokuror-jurnalisti Ismayıl Ömərovdan iyrənməyib ITV-də dəxli olmayan mövzularda dil-dil ötən Ramiz müəllim bu şeiri Azad qadın heykəlinə xitabla yazmışdı.

Amma gəl gör ki, Azad qadının heykəlinə acıyan şair 17 aprel mitinqində “Azadlıq” bağıran qadının şərlənməsinə susdu. Və heyranlarından biri özündə cəsarət tapıb soruşmadı: Azad qadın heykəlinə acıyırsan da, “Azadlıq!” bağıran qadının şərlənməsinə niyə susursan? 

Bir sərəncamın özəti

Ilham Əliyevin akademiklərin maaşını artırmasına palaz-palaz şərh verməyi artıq sayıram. Kralın bu haqda sərəncamını qısaca belə özətləyək getsin: Ramiz Mehdiyevin maaşını artırmaq üçün akademiklərin də maaşını artırmaq.