NATO Qəzzafini öldürmək qərarı verdi

Liviya diktatoru Misratanı yenidən bombalatdı; Obama üsyançılara 25 milyon yardım ayırdı

Liviyada Müəmmər Qəzzafi rejiminin xalqa qarşı qətliamı davam edir. Qəzzafinin əsgərləri ölkənin üçüncü böyük şəhəri və günlərdir mühasirədə saxlanılan Misratanı hava və qurudan atəşə tutublar. Halbuki Liviya rejimi Misrataya hücumların və Qəzzafiyə bağlı hərbçilərin şəhərin mühasirəsini dayandıracağını bildirmişdi.
Bundan başqa, diktatorun əsgərləri üsyançıların nəzarətindəki Zintan qəsəbəsini top atəşinə tutub. Üsyançıların Əbdürrəhman adlı təmsilçisi qəsəbənin mərkəzinə qrad mərmiləriylə təşkil edilən hücumda bəzi evlərin dağıldığını bildirib. Onun sözlərinə görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.
Birləşmiş Millətlər Təşkilatını təmsil edən bir heyət dünən Liviyanın paytaxtı Tripoliyə səfər edib. Səfərin məqsədi ölkədə davam edən döyüşlər zamanı törədildiyi iddia edilən insan hüquqları pozuntularının araşdırılması olacaq. Qəzzafi rejimi BMT- nin nümayəndə heyəti ilə əməkdaşlıq edəcəyini açıqlayıb. BBC-nin verdiyi məlumata görə, BMT missiyası Qəzzafi qüvvələrinin törətdiyi cinayətləri araşdıracaq.

Əməliyyatlara komandanlıq ABŞ-a verilə bilər

Ötən gün yayılmış başqa məlumata görə, Respublikaçı senator Con Makkeyn Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlara rəhbərliyin NATO-dan alınaraq ABŞ-a verilməsini təklif edib: “Liviyada müharibənin gedişini dəyişmək üçün yeganə çıxış yolu əməliyyatlara komandanlığın NATO-dan ABŞ-a verilməsidir”.
Senator bildirib ki, Liviya liderinin iqamətgahının bombardman edilməsi BMT qətnaməsinin tələblərindən kənara çıxsa da, buna haqq qazandıran amillər var: “Əgər sizin vəzifəniz humanitar fəlakətin qarşısını almaqdırsa, bunu həyata keçirmək üçün yeganə imkan Qəzzafiyə bu böhranı yaratmağa mane olmaqdır”.
ABŞ prezidenti Barak Obama xüsusi memorandumla Liviya lideri Müəmmər Qəzzafi rejiminə qarşı müharibə aparan Liviya müxalifətinə 25 milyon dollar dəyərində qeyri-hərbi yardım göstərməyi Dövlət Departamentinə və Pentaqona həvalə edib.
“Bu qeyri-hərbi yardım mallar və xidmətlər şəklində mülki əhalinin qorunmasına çalışan Milli Keçid Şurasına veriləcək”, – deyə memorandumda bildirilib.

NATO-dan Putinə cavab: “Qəzzafi qanuni hədəfdir”

“Associated Press” agentliyinin verdiyi məlumata görə, Pentaqonda görüşən ABŞ müdafiə naziri Robert Geyts və Ingiltərənin müdafiə naziri Liam Foks Rusiyanın baş naziri Vladimir Putinin Müəmmər Qəzzafinin NATO hücumlarının hədəfinə çevrilməsiylə bağlı açıqlamasına münasibət bildirib.
Pentaqon şefi vurğulayıb ki, Liviya diktatoru koalisiya qüvvələrinin hava hücumuna təhlükə törədən qoşuna rəhbərlik edir: “Biz onu xüsusi hədəfə almırıq, ancaq BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Müəmmər Qəzzafini qanuni hədəf sayırıq”.
Xatırladaq ki, Putin Kopenhagendə çıxışı zamanı Liviya diktatorunu müdafiə etmişdi. Baş nazirin sözlərinə görə, dünyanın heç bir ölkəsində Liviya diktatorunun öldürülməsi barədə sanksiya yoxdur. Putin bəzi ölkə rəsmilərinin Müəmmər Qəzzafini öldürməyə cəhd göstərdiklərini etiraf etdiklərini də söyləmişdi.

İnformasiya şöbəsi