Müsavat hakimiyyətinin son dəqiqələri

28 aprel Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu gündür. 1920-ci ilin 28 aprelində üçrəngli milli bayrağı sovetlərin qırmızı bayrağı əvəzləyib və bununla da 28 may düz 71 il bayram kimi qeyd olunub. Indi sizə təqdim edəcəyimiz məqaləni Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov yazıb. Bu məqalə 1930-cu ildə “Kommunist” qəzetində çap olunub. Bu yazıdan 7 il sonra o, Bağırov məhkəmələri tərəfindən müsavatçılıqda ittiham edilərək güllələndi.

***

“Aprelin 26-da Qızıl Ordu Samur körpüsünü keçdi. Bununla əlaqədar olaraq Müsavat hökuməti vəziyyətin müzakirəsinə toplandı. Hökumət milyonerlərdən, mülkədarlardan, neft sahiblərindən və böyük tacirlərdən ibarət olan parlamanın çağırılmasını qərara aldı. Səhər tezdən aprelin 27-də parlaman toplansa da, bütün üzvlər özlərini necə xilas etmək fikri ilə başlarını itirdiyindən, danışığa söz tapılmadı. O zaman hökumət istefaya çıxdı. Bundan xəbər tutduqda biz vaxtdan istifadə edərək, hökumətin bolşeviklərə təslimi haqqında parlamana ultimatum verdik. Parlaman üzvləri özlərini o qədər itirdilər ki, tam bir dəqiqə ağızlarını belə aça bilmədilər.
Parlamana sədarət edən doktor Ağayev ultimatumu oxuduqda Ağamalıoğlu yerindən səslənərək: “Vəssalam, bazar bağlandı” – dedi.
Qısa müzakirədən sonra Məmməd Həsən Hacınskinin sədarəti alında M.Ə.Rəsulzadə, doktor Qarabəyov, Qardaşov, Ibrahim Əbilov və Ağamalıoğlundan ibarət bir komisyon təşkil olundu və danışıq aparmaq üçün onlara artıq ixtiyar verildi. AK(b) firqəsi Mərkəzi Komitəsi tərəfindən danışıq aparmaq üçün mən vəkil edilmişdim. Komisyon Behbud bəy Cavanşirskinin evində toplandı. Mən Yusif Məlikov, Bağı Cəfər və doktor Kazımovla oraya getdim. Hamı əyləşmiş idi. Mən daxil olanda M.Ə.Rəsulzadədən başqa hamı ayağa qalxdı. Nə istədiklərini soruşdum və 15 dəqiqədən artıq vaxtım olmadığını bildirərək təcili surətdə məsələnin həllini tələb etdim. Nə qədər vaxtın artırılmasını xahiş etsələr də, mən öz sözümdə möhkəm dayandım.
Komisyon Xanın (Fətəli xan Xoyski nəzərdə tutulur – red.) nahar otağına getdi. 13 dəqiqədən sonra nəticə tələb etdim. Komisyon daha bir neçə dəqiqə vaxt istədi və 5-6 dəqiqədən sonra çıxaraq parlamana xəbər vermək üçün vaxt istədilər. Iki saat vaxt verdim. Xəlvətcə ştaba qayıtdım.
Ştab Gimnaziçeski küçəsində 145 nömrəli evdə, AK(b)MK isə Şahski döngəsində 30 nömrəli evdə idi.
Axşam saat 6-da Məmməd Yusif Cəfərov örtülü avtomobildə məni axtararaq tapdı və parlamanın qərarını mənə verdi. Qərara parlamanın möhürü qoyulmuş və doktor Ağayevlə katib Hacinski (deyəsən, Mehdi bəy) tərəfindən imzalanmış idi. Parlaman təxminən gecə saat 11-12-də dağıldı. Biz Bünyadzadə Dadaşı və başqa yoldaşları həbsxanadan azad etdik və Azərbaycan Inqilab və Bakı Inqilab Komitəsi heyətini elan etdik. Gecə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayraqlarını asaraq yatdıqları halda, 28 apreldə səhər durarkən qızıl inqilab bayrağı gördü: Gecə, bütün qəzalarda inqilab komitələrinin təşkili haqqında qəza təşkilatlarına təklif verildi. Səhər zirehli qatarla Mikoyan və Musabəyov yoldaşlar Bakıya gəldilər. Qızıl Ordu isə iki gündən sonra gəldi. M.Ə.Rəsulzadə və kompaniyasının şöhrətsiz ağalığı böylə qurtardı”.

P.S. Müəllifin üslubuna cüzi dəyişiklik edilib.