Gənclər Əli Əhmədovun cavabın verdi

«YAP icra katibinin düşüncələrində ciddi problemlər var»

Hakim partiya yenə özünə xas şəkildə dövlətin gənclərin qeydinə qaldığını sərgiləməyə çalışır. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyir ki, hökumətin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Bundan başqa, Ə.Əhmədovun məntiqinə görə, bu gün üçün sağlam düşüncəli gənclik YAP-ın ətrafında birləşib. Müxalifətin ətrafında birləşən gəncliyə görə, təəssüf hissi keçirdiyini deyən YAP funksioneri vurğulayıb ki, bu gənclər Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişi ilə siyasət yürüdən partiyalara xidmət edirlər.

Əbülfəz Qurbanlı: “Sağlam düşüncə aksiya keçirərək təhqiramiz ifadələr səsləndirməkdirsə, deməli, Əli Əhmədovun düşüncələrində ciddi problemlər var”

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, əgər Ə.Əhmədov aksiya keçirərək təhqiramiz ifadələr səsləndirən gəncləri sağlam düşüncəli sayırsa, deməli, onun özünün düşüncələrində ciddi problemlər var: “Sağlam düşüncə kimisə təhqir etmək, qara yaxmaq deyil. Məhz bu tip gənclər YAP-ın ətrafında birləşib. Mən Əli Əhmədova təklif edirəm ki, YAP-ın gəncləri ilə bizim debatımızı təşkil etsin. O zaman biz göstərərik kimin düşüncəsi necədir və hansımız xalqa xidmət edirik. YAP-çı gənclərdən fərqli olaraq Azərbaycanın xoş gələcəyi, demokratikləşməsi uğrunda biz bütün məhrumiyyətlərə dözməyə hazırıq. Əgər müxalifətin ətrafında cəmləşən gənclərin fikri var-dövlətdə və imtiyazlarda olsaydı, onlar YAP-ı seçərdilər”.
Azərbaycanda gəncliyin getdikcə siyasi proseslərə daha fəal qoşulmasından YAP-ın narahatlıq keçirdiyini deyən Ə.Qurbanlı vurğuladı ki, məhz bu gənclik Ə.Əhmədov kimilərinin komfortlu həyat sürməsinə mane olur.

Cəmil Hacıyev: “Əli Əhmədovun fikirləri bolşevik təfəkkürüdür”

ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev isə bildirdi ki, YAP funksionerləri bu cür açıqlamalar verməklə gənclər arasında qarşıdurma yaratmağa çalışır. Dövlətin resurslarının yanlış olaraq yalnız hakimiyyətyönlü gənclərə sərf olunduğunu deyən C.Hacıyev vurğuladı ki, halbuki müxalifət partiyalarında təmsil olunan gənclik Azərbaycanın inkişafını və demokratikləşməsini istəyir: “Azərbaycanın resursları gənclər ətrafında bərabər paylanmalıdır. Dövlət yalnız YAP-ın ətrafındakı gənclərə dəstək verməklə ayrı-seçkilik salır. Bu, bolşevik təfəkkürüdür ki, bizimlə olmayan bizə qarşıdır. Əli Əhmədov da bu fikirləri davam etdirir. Hakimiyyətin müxalifətçi gəncləri təcrid etməsi yanlışdır. Çünki məhz bu gənclər Azərbaycanın demokratikləşməsi, firavan gələcəyi uğrunda mübarizə aparırlar”.

Səxavət Soltanlı: “Əli Əhmədov həqiqəti heç zaman dilə gətirmir”

Müsavat Partiyası Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı YAP funksionerinin bu cür açıqlama ilə çıxış etməsini təəccüblü saymır. Hakimiyyət təmsilçilərinin illərdir eyni bəyanatla çıxış etdiyini deyən S.Soltanlı bildirdi ki, Ə.Əhmədovun bu dəfə söylədiklərinin də reallıqla əlaqəsi yoxdur: “Əksinə, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, ölkəmizdə də normal cəmiyyətin yaradılmasını istəyən sağlam düşüncəli gənclər məhz müxalifət partiyaları ətrafında cəmləşən gənclərdir. Ümumiyyətlə, Əli Əhmədov kimi siyasətçilər həqiqəti heç zaman dilə gətirmirlər. Və Əli Əhmədov bu açıqlamanı da verərkən reallığı nəzərə almayıb”.
Nahid Ismayıl: “Biz Azərbaycanda gənclərin hüquqlarının qorunmasına, demokratiyanın inkişafına çalışırıq”
“10 dekabr” Gənclər Təşkilatının sədri Nahid Ismayıl bildirdi ki, onların təşkilatı Azərbaycanda gənclərin hüquqlarının qorunması, demokratiyanın inkişafına çalışır. “Bizim təşkilat müxalifətin ətrafında deyil və biz xaricdən maliyyələşmirik. Bizim məqsədimiz ölkədə gənclərin pozulan hüquqlarının müdafiəsi, onlara bu istiqamətdə yardımların göstərilməsidir”, – deyə N.Ismayıl vurğuladı.

Xəyal