ABŞ səfirləri Gürcüstanda niyə toplaşır?

Rahim Hacıyev: «Son dövrlərdə Azərbaycan və Ermənistana ABŞ-ın marağı artıb»

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Gürcüstanın paytaxtı Tbilisi şəhərində görüş keçirəcəklər. APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu məqsədlə Gürcüstana gedib.

Tiflisdə ABŞ-Gürcüstan tərəfdaşlığı Xartiyası çərçivəsində demokratiyanın inkişafı üzrə işçi qrupun iclası keçiriləcək. Iclasa ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Tina Kaydanau sədrlik edəcək. Onunla birlikdə dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavininin köməkçisi Ketlin Fitspatrik də Gürcüstana gəlib. Toplantıda bölgədə yaranmış vəziyyət, regional təhlükəsizlik və iqtisadi əlaqələrin inkişafı müzakirə olunacaq.

Siyasi şərhçi Rahim Hacıyevin fikrincə, ABŞ səfirlərinin Qafqazın yeganə demokratik ölkəsi olan Gürcüstanda toplaşmasının simvolik mənası var: “Regionda çox ciddi marağı olan ABŞ Gürcüstanın demokratikləşməsini təmin etməklə bu ölkəylə bağlı planlarının müəyyən hissəsini həyata keçirmiş olub. Cənubi Azərbaycanın iki ölkəsində – Azərbaycan və Ermənistanda antidemokratik rejimlər mövcuddur. Son dövrlərdə hər iki respublikaya ABŞ-ın marağı artıb. Bundan əvvəlki səfirlərlə müqayisədə indi səfirlər çox açıq bəyan edirlər ki, ABŞ-ın buradakı əsas marağı demokratik rejimlərin qurulmasıdır. ABŞ həm Ermənistan, həm də Azərbaycanda demokratik prosesləri dəstəkləyir və bu proseslərin uğurla başa çatmasından ötrü çalışır”.
R.Hacıyevin fikrincə, səfirlərin Gürcüstanda toplaşmasının çox mühüm bir səbəbi onların diplomatik fəaliyyətində yeni mərhələnin başlamasıdır: “Şübhə yoxdur ki, regionda gedən prosesləri analiz edərək bundan sonrakı fəaliyyətləri ilə bağlı planlar cızacaqlar. Məqsəd hər üç ölkədə fəaliyyət göstərən səfirlər arasında koordinasiyanı təmin etmək və daha ciddi işləməkdir”.

Elmin