abd-kongres

ABŞ Konqresmenləri Əliyevdən demokratiya tələb etməyə gəlir

“Amerika xalqı demokratik, insan haqlarına inanan ölkələrlə dost olmaq istəyir”

 

Yaxın vaxtlarda Azərbaycana gələcək yüksək səviyyəli Amerika nümayəndə heyətindən Respublikaçı Konqresmen Bill Şuster  və Demokrat Konqresmen Kristofer Murfi gözlənilən səfərləri barədə “Azadlıq” radiosunun Mərkəzi Xəbər Xidmətinə müsahibə veriblər.

 

Həm də Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədri olan Şuster deyib ki, Azərbaycan ABŞ-ın ən qətiyyətli müttəfiqlərindən biridir. Şusterin fikrincə, Azərbaycan cənubda İran, şimalda isə Rusiya ilə qonşu kimi “çox-çox çətin” qonşuluq şəraitindədir və belə bir şəraitdə hələ də Amerikaya bir dost, müttəfiq kimi baxması diqqətə layiqdir.

Bill Şuster

Şuster Azərbaycanda aparacaqları müzakirələrə də toxunub. “Orada olarkən hökumət rəsmiləri ilə görüşəcəyəm və ümid edirəm ki, prezidentlə də görüşümüz olacaq və mən demokratik təsisatların normal fəaliyyət göstərməsi, seçkilərinin azad və ədalətli keçirilməsi zərurətinə inamımı bir daha diqqətə çatdıracam. Çünki son nəticədə Amerika xalqı hansısa ölkəyə, o cümlədən müttəfiq ölkəyə bu meyarla qiymət verəcək.

Biz indi Yaxın Şərqdə baş verənləri görürük və Amerika xalqı demokratik təsisatları olan, insan haqlarına inanan, şəffaf hökumətləri olan ölkələrlə dost olmaq istəyir.

Bütün bu məsələləri biz prezidentlə görüşdə dilə gətirəcəyik. Amma eyni zamanda görüşdə Amerikanın azərbaycanlılar kimi qətiyyətli müttəfiqlərinin olmasını yüksək qiymətləndirdiyini də ifadə edəcəyik”, – deyə Şuster bildirib.

Kristofer Murfi

Kristofer Murfi də səfərin mühümlüyünü ifadə edib: “Bizim nümayəndə heyətinə Nümayəndələr Palatasının 6 üzvü daxildir. Konqresmen Şuster Amerika-Azərbaycan münasibətlərində təcrübəli olsa da, bizlər, nümayəndə heyətinin digər üzvləri üçün bu, Azərbaycana ilk səfərdir. Biz düşünürük ki, oraya getmək vacibdir. Çünki bu ölkənin çox mühüm siyasi əhəmiyyəti olsa da, çox vaxt Amerika Konqresindən görməli olduğu diqqəti görmür. Konqresmen Şusterin dediyi kimi, bu bir imkandır ki, Respublikaçı və Demokratlardan ibarət qrup bu səfər zamanı geniş anlaşma əldə edərək Vaşinqtona qayıdandan sonra bunun əsasında ikitərəfli münasibətlərin təbliğatçısına çevrilsinlər”.