Polis dövlətin bir qoludu. Dövlətimiz isə başdan-ayağa, qollu-budaqlı bir polis dövlətidi. Ona görə də bu sahədə çalışanların 90 faizi bu rejimin tələblərinə cavab verir. Bəzən çoxları təəccüblənir ki, məgər polisdə çalışanlar adam deyil? Məgər onlar da bizdən biri – qardaşımız, qohum-əqrəbamız, ən sonunda bu millətin oğlu deyilmi? Bəlkə onları işə götürəndə seçib götürürlər? Bu cür suallar var. Yazıqlar olsun ki, bu sualların hər birinə, demək olar, müsbət cavab verməli olursan.
Sosial şəbəkələrdə polislər haqda yazılan qəzəbli sözləri oxuyanda adam gerçəkdən ruhdan düşür. Məgər polis qardaşlarımız barı bir dəfə özləri haqda deyilən bu naxoş sözləri eşitmirlərmi? Bu sözlər onları heçmi rahatsız eləmir? Sözün açığı, mən insanın vəzifə başında yaramaz bir varlığa çevrilməsinin səbəbini həmişə hakim olan rejimin xislətində, mahiyyətində axtarmışam. Ama başqa sualı verənlər də var: “Bəs onların öz vicdanına nə gəlib?”.
Elə Bərdədə baş vermiş son intihar olayını götürək. Qasımbəyli kənd sakini Cəmaləddin Paşayevin aprelin 19-da özünü yandırması və 23-də həlak olmasından gedir söhbət. Qısa xronologiya belədi ki, 7 nəfərlik ailəyə baxan mərhum yardım almaq üçün sosial müdafiə idarəsinə ayaq döyməkdən bezib, son dəfə 3 uşağını, hətta 8 aylıq körpəsini də götürüb aparıb idarəyə və idarənin müdiri Vidadi Imanquliyevə verib, “mən baxa bilmirəm, siz baxın” deyib, Vidadi müəllim də (ona heç şübhəsiz, rayonda “müəllim” deyirlər) 8 aylıq körpəni (adamın tükləri biz-biz durur), 2 və 3 yaşlı uşaqları dəhlizdə saxlayır. Cəmaləddin evinə dönür. Nəticə gözləyir və ümid eləyir ki, YAP məmurlarının ürəyi ətdəndi. Bu vaxt polis uşaqları evə gətirir. Cəmaləddinin ümidlərinin əksinə olaraq, polis ona arvad-uşaq qoymur. Söyür. Camaləddin özünü yandıracağını deyir. Necə deyərlər, dövləti hədələyir. Adı çəkilməyən, yalnız mayor rütbəsi ilə anılan polis “Yandırmayanın var yoxunu…”, “yandırmayanın arvad-uşağını…” deyə söyür. Camaləddin də benzini üstünə tökür. Polis işçisinin ürəyi soyumur: “Yalandan eləyir, üstünə su töküb, gedin, maşından benzin gətirin, özünü yandırsın”,- deyir. Və faciə baş verir.
Budur YAP hakimiyyətinin vətəndaşa qoyduğu qiymət. Bu, hətta yumurtanın yeni qiymətindən də aşağıdı. Özünü yandırmaq üçün üstünə tökdüyü benzindən isə çox-çox ucuzdu Azərbaycan vətəndaşı. Ölkə başçısının başı isə bölgələrə gedib öyrədilmiş, yağ-bal içində bəslənən zombilərin xoşbəxtlik nəğmələrini dinləməyə qarışıb. Əslində isə, nə bu görüşlərdə ölkə başçısının qarşısında cərgəyə düzülən insanlar gerçəkdi, nə onların danışdıqları, nə təbəssümləri, nə dua-sənaları, nə də onları dinləyənin qayğıkeş çöhrəsi. Əsil insanların ürəyi yanır, ciyəri, dalağı odlanır və sonunda əsil dövlət onların üstünə çımxırır:
“Yandırmayanın var yoxunu…”, “yandırmayanın arvad-uşağını…”.
Yalandan illərlə insanların ayağına yazılan su borclarını silməklə, yumurtanın qiymətini salmaqla, hardasa kanalizasiya xəttini yeniləməklə, altına-üstünə, böyür-başına qızılı hərflərlə bildirişlər vurulmuş körpülər, keçidlər tikməklə, parklar salmaqla, muzeylər açmaqla, Muğam Mərkəzi tikmək, muğam festivalları keçirməklə, içində təhsildən başqa hər şey olan qırmızı kirəmitli məktəblər tikməklə vətəndaşı xoşbəxt eləmək mümkün deyil. Bir qəpik dəyəri olmayan insanın nəyinə lazımdı bu cah-calallar, bu gözəlliklər?
Insana investisiya qoyulmalıdı, insana. Daşa, torpağa qoyulan xərcdən 8 aylıq məzlum körpələrin boğazına tozdan başqa heç nə getmir. Ac, yorğun, nuru qaçmış gözlərin gözəllik görməsi nəyə yarar ki! Insana isə investisiya heç vaxt qoyulmayacaq. Onun açılan ictimai tualetlər qədər də qiyməti yoxdu, çünki insana qoyulacaq xərcdən heç nə yemək, insana qoyulan xərclə turist cəlb eləmək olmur.
Hamının ürəyi yanır. Və bu yanğın getdikcə bütün ölkəni bürüyəcək. Onda FHN belə dada çatmayacaq…