Səni soyduqca doymur gözüm…

Dişlərim sazdı, nə qədər yesəm səni azdı, Azərbaycan, Azərbaycan!

Vallah, kim nə deyir desin, himnin dəyişməsi yaxşı olar. Onsuz da bu dövlətin xalqa heç bir aidiyyəti yoxdur. Seçkini keçirib özlərinə parlament qururlar, qanunlar qəbul edib o qanunları öz istəklərinə uyğunlaşdırırlar, indi də qoy öz himnlərini yaratsınlar.

Bir də, BIZIM HIMNIMIZIN saxta deputatların, talançı məmurların olduğu yerdə oxunması böyük haqsızlıqdır. Təbii, Himnimizin sözlərini bunlar anlamır. “Sənə hər an can qurban” ifadəsini bu adamlar necə anlasın axı?! Vətənə qurban olmaq yox, vətəni öz nəfslərinə qurban etmək bunların təbiətinə, xarakterinə daha uyğundur.
yAp-ın yeni himninə gəlincə, təklifim var. Təklif edirəm ki, yAp-ın himninin sözlərini Zəlimxan Yaqub yazsın, ondan yaxşı namizəd ola bilməz. Məsələn, orada belə cümlə də ola bilər:

Səni soyduqca doymur gözüm, Azərbaycan, Azərbaycan!

Dişlərim sazdı, nə qədər yesəm səni azdı, Azərbaycan, Azərbaycan!
Musiqisini də dəyişdirmək istəsəniz, meyxana “ustalarından” birinə müraciət edin. Zəlimxan Yaqub yazar, meyxana “ustalarından” biri də çıxıb əlindəki təsbehi çevirə-çevirə xalqın yox, məhz sizin himninizi oxuyar.

Madam ki, himnin Azərbaycana deyil, yAp-a aid olması vacibdir, daha nə olmalıdır?! Bundan gözəl “sənət əsəri” ola bilərmi hakimiyyətdəkilərin zövqünü oxşayan?! Görünən kəndə nə bələdçi? Yaratdıqları televiziyalarda hər gün bu “sənətkarların”, saray şairlərinin çıxışlarını dinləyirlərsə, onda elə himnləri də buna uyğun olmalıdır.
Yeni himn hakimiyyətdəki “elitar təbəqənin” himnidir, qoy necə istəyirlər, elə də yazıb oxutdursunlar.
Təklif məsələsini bitirib qoyuram bir tərəfə. Indi də keçək bizim HIMNIMIZIN kimin, niyə xoşuna gəlməməsinin səbəblərinə.
Himn bizə Cümhuriyyətimizin, Rəsulzadə və onun əqidə yoldaşlarının yadigarıdır. Bax, əsl məsələ burada üzə çıxır. Rəsulzadə Heydər Əliyevin böyük öndər yolunda BÖYÜK ƏNGƏLdir. Bu əngəli aradan qaldırmaq üçün ona aidiyyəti olan hər şeyi yox etmək niyyətindədilər.
Ölkənin az qala, hər metrində Heydər Əliyevin heykəlləri ucalır. Rəsulzadənin, Cümhuriyyət qurucularının hər hansı birininsə, heykəli yoxdur. Analoqsuz inkişaf edən ölkəmizin pulu yoxdur ki, heykəl qoysun. Ancaq ümummilli liderin heykəllərinə pul tapılır. Amma başqalarına gələndə, israfçılıq olur. Büdcənin hər qəpiyini “qoruyan”, qoruyub-qoruyub, axırda da vecsiz hasarlar, körpülər tikən hakimiyyətin bu “qənaətcil siyasətinə” indi bir söz demək niyyətində deyilik.
Mətləbdən uzaq düşdük, qayıdaq ona ki, doğrudan da yAp-ın liderinin adının əbədi, əzəli olması üçün Rəsulzadə ilə bağlı nə varsa, hamısı məhv edilməlidir. Kim düşünübsə, əla düşünüb. Eşq olsun, hər şeyi məhv etsinlər, sonra da bu düzənlikdə rahatlıqla indi çörəyini yedikləri liderlərinə sədaqətlərini nümayiş etdirsinlər.
Eşq olsun hakimiyyətdəkilərin lider sədaqətinə, çörəkləri dizlərinin üstündə deyilmiş. Heç olduqları halda gəlib hər şey olduqlarını zənn edə-edə yaşayırlar öndərlərinin sayəsində. Indi deyək ki, narkorluq edin?!

Odur, Liviya xalqı onu “yaradan” lideri Qəzzafinin üzünə ağ oldu. Qəzzafi də bu nankorlara nə dedi? Dedi ki, “sizi mən yaratmışam, nankor siçovullar!” Amandır, ölkəmizin göz muncuğu olan yAp-ın nankor olmasını istəmirik. Qoyun, nə istəyirlər etsinlər, təki taladıqlarını rahatlıqla yeyə bilsinlər.
Kim düşünübsə, əla düşünmüş, amma birtərəfli düşünmüş!

Çünki bir deyil, yüz dəfə də himn dəyişsəniz, indiki – Cümhuriyyətimizin yadigarı olan HIMNIMIZI ölkəsinin azad olmasını istəyənlərin ürəyindən silə bilməyəcəksiniz. Zorən insanlara himndəki sözləri öyrədib məktəblərdə oxutdurmaqla lider yaratmaq olmur. Sovet Ittifaqının ideologiya maşınının yarada bilmədiyi “Lenin baba” hekayəsini niyə təkrar edirsiniz. Axı o Lenin baba nağılı elə sizin gözləriniz önündə bitib. Özü də necə – daha bunu təkrarlamağa ehtiyac yoxdur.
Söyləməsi bizdən…