Radikal müxalifət, ekstremist hakimiyyət faktoru

Azərbaycan açıq-aydın Ərəbistan devrimləri yoluna sürüklənməkdədir. Aylardan bəri Yəməndə, Suriyada baş verənlər başlanğıc formasında Azərbaycanda da baş verməkdədir. Yəməndə də, Suriyada da Tunisdə, Misirdə baş verən demokratik dəyişiklikdən güc alan xalq Əli Salehdən, Bəşər Əsəddən də demokratik dəyişiklik istədi. Onlarsa xalqı aldatmaq yolu tutdular. Buna görə indi Yəməni də, Suriyanı da qanlı qırğınlar bürüyüb. Ancaq Tunis, Misir dalğası bu ölkələrə gəlib çatanadək radikal reformalar yoluyla xalqın illərlə yığılıb qalmış acığını yumşaltmaq, qırğınları önləmək olardı. Elə bil bilərəkdən diktatorlar bunu etmədilər. Elə bil bilərəkdən onlar özləri işi indiki qırğınlara gətirib çıxardılar. Görünür, diktatura rejimləri başqa cür ola bilmirlər.

Sözü gedən ölkələrdə, diktatura rejimlərində çağın istəyini-gərəyini anlayan kimsə tapılmadı. Beləsi olsaydı, xalqın ayağa qalxdığı, dəyişiklik istədiyi hər yerdə iş gəlib qan tökülməsinə çıxmazdı. Bəşər Əsəd Suriyada özünün Kremlə bağlı KQBşnik atasından yalnız hakimiyyəti miras olaraq almamışdı. O eləcə də atasından “fövqəladə vəziyyət” rejimini miras almışdı. Bu rejim Suriyada 48 il (qırx səkkiz il!) idi sürməkdəydi. Yalnız indi, xalqın iki aylıq dirənişindən sonra, AntiBəşər bu ata kursundan qalma rejimə son qoydu. Ancaq bu, formal olaraq belədir: düzünə qalsa, 48 illik yaramaz rejimə xalq özü, xalqın dirənişi son qoydu.

Bəşər Əsəd Londonda oxuyub. Bizdəki bir sıra kimsələr kimi ingilis dilini də gözəl bilir. Ancaq, nə yazıq, bu adamda ingilisin demokratiya kültüründən bir azacıq da yoxdur. Uzun illər Londonda yaşasa da o, ingilisin demokratiya kültürü ilə bağlı ən saya bilgilərə belə yiyələnməyib. Ancaq o, atasının diktator-diktatura vərdişlərinə bütünlüklə yiyələnib. Buna görə də o, yaşca xeyli gənc olsa da, atası kimi əski ideya-baxış yiyəsidir. Bu əski ideya-baxışlar sistemi onu istər-istəməz demokratiya istəyən xalqla yağıcasına davranışlara sürükləyir. Ərəb ölkələrinin hamısında olduğu kimi, Bəşər Əsəd də xalqı düşmən güclərə uymaqda suçlayır. Özünün 10 illik hakimiyyəti boyunca, atası kimi, xalqı aldatmaq yolu tutan bu adam indiki xalq qalxımları dönəmində suçu atasının, özünün diktatura rejimində axtarmaq yerinə, xalqda axtarır. Bu da diktatorların atributiv özəlliklərindəndir. Öz suçlarını xalqın üzərinə atmaqla onlar özlərini qaçılmaz olaraq uğursuzluğa-yoxluğa sürükləyirlər…

Ata-oğul Əliyevlər qanımıza yerikləmiş ermənilərlə 18 illik hakimiyyətləri boyunca ardıcıl olaraq deyə-gülə dialoqda bulunublar. Azərbaycan müxalifətini yağı gözündə görən ata-oğul əliyevlər 18 illik hakimiyyətləri boyunca müxalifətlə dialoq nə olduğunu bilməyiblər, tərsinə müxalifətlə dialoqa aparan bütün yolları qapayıblar, qapamağa çalışıblar. Niyə? Özlərinin çoxsaylı cinayətlərinə görə! Ərəb diktatorları bir-birinin ardınca yıxıla-yıxıla gedir, kimsə “gözü çıxan qardaşdan” dərs alıb, çağında müxalifətlə dialoq yolu tutmur. Hamısı yalnız iş-işdən keçəndən sonra müxalifətlə dialoq qurmağa çalışır, gecdən-gec olduğundan, hamısının çalışması boşa çıxır!

Bu gün biz bu sayaq görsənişləri bütünlüklə Azərbaycanda da görürük: əliyevçi rejim müxalifətlə gerçək, effektli dialoqa aparan yolları bütünlüklə qapamaqdadır. Özü 18 ildən bəri xalqla, müxalifətlə bağlı EKSTREMIZM sərgiləyən bir hakimiyyət müxalifəti radikalizmdə suçlamaq yolu tutur. Elə bununla da rejim özü-özünü çıxılmazlığa – dalana sürükləyir. Xalqı (müxalifəti) eşitməyən, saya salmayan, yalnız süngüyə söykənən bir rejim gec-tez xalqın ACIQ süngüsü ilə üzləşməlidir. Moskvada, Parisdə, Londonda… açılan aldadıcı sərgilər, görüntülərdən də göründüyü kimi, eləcə diktatura sərgiləridir – diktaturaya demokratiya donu geydirməyə çalışan sərgilər! Sovetlər dönəmi belə sərgilərlə daha zəngin idi…