Pampersli YAPçılar

YAP üzvlərinin sayı 500 mini ötüb.
Düşünməyin ki, bu partiya iqtidarda olduğundan, üzvlərinin hamısı yağ içində böyrək kimi yaşayır.
YAP-ın kef çəkən üzvləri yalnız vəzifədə olanlardır.
Bir də kef çəkən YAPçıların qohum-qardaşı nisbətən adam kimi yaşayır.
Qalanları acından ölmür, yaşamaq üçün mücadilə aparırlar.
Eynən Müsavat Partiyasının və AXCP-nin üzvləri kimi.
Sadəcə, müsavatçılardan və cəbhəçilərdən fərqli olaraq, Allahdan bəxş edilən haqları uğrunda mübarizə aparmırlar.
Susurlar.
Və rejimin səfasını görənlər kimi iqtidarı öyüb, müxalifəti söymürlər.
Öymürlər ona görə ki, özləri də üzvü olduqları partiyanın xalqın başına açdıqları müsibətdən xəbərdardır.
Söymürlər ona görə ki, müxalifətin tələbləri onların da ürəyincədir.
Öz aramızdır, aylıq maaşı 25 kilo qoyun ətinin ekvivalentində olan YAPçı müəllim və ya dövlətin rəva bildiyi əmək haqqı 20 kilo dana ətinə zorla çatan YAPçı həkim müxalifəti nədən söyməlidir?
Ya onu it günündə yaşadan iqtidarı niyə öyməlidir?
Onlar zorən YAP-a üzv yazdırılıblar.
Iş yerlərini itirməmək üçün.
Iqtidarı öyən, müxalifəti söyən isə birinci qrup YAPçılardır.
O kəslər ki, bahalı evlərdə yaşayır, super maşınlarda gəzir, obyektlərə sahibdir.
Və o kəslər yalnız YAP iqtidarının varlığında əhəmiyyət kəsb etdiklərini anlayırlar.
Bilirlər ki, rejimin islahatlara başlaması, yaxud dəyişməsi başlarında çatlayacaq.
Odur ki, hər vəchlə iqtidarı müdafiə etməyə cəhd edirlər.
Azərbaycan adlı məmləkətdə danaotarandan akademikədək hər kəs yaxşı bilir ki, son 18 ildə nə qədər feodal düşüncəli YAP üzvü kapital sahibinə çevrilib.
Nə qədər YAP üzvü eşşəkdən enib son model Mersedesə minib.
Nə qədər YAP üzvü iri obyektlərin, istehsal sahələrinin səhmlərini alıb.
18 il əvvəl kənd çayxanasında çaypulunu borca yazdıranlar, dəmiryol vağzalında, Malakan bağında manatı dollara, rus rubluna dəyişənlər bu gün fironlar kimi yaşayır.
Müxalifətə qarşı savaş açan da məhz YAP-ın bu tipli zatlarıdır.
Onlar komfort yaşamaqda davam etmək istəyirlər.
Istəyirlər ki, yesinlər, dağıtsınlar, külli-ixtiyar sahibi olsunlar.
Istəyirlər ki, gülbalaları lüks avtomobillərdə gəzsin, fitnes klublar, əyləncə mərkəzləri, restoranlar özlərinin sərəncamında olsun.
Istəyirlər ki, müxalifət gözlərini yumsun, harınlara “əhsən” desin, çəpik çalsın, təzim etsin.
Kimsə də cürət edib onlara gözünün üstündə qaşın var deməsin…
Ərəb ölkələrində əsən inqilab küləklərindən sonra rüşvətlə səltənət qurmuş YAP üzvləri ağır bir xəstəliyə yoluxub.
Özlərini batırıblar.
Pampers gəzdirirlər.
Nə qədər ki, rejim köklü islahatlar aparmır, müxalifət susmayacaq.
Bu bir aksiomadır.
Azərbaycanı rüşvət bəlasından və cinayətkar rüşvətxorlardan xilas etmək gərəkdir.
NIFRƏTlə silahlanan xalqın etirazının qarşısını almaq çox çətin bir işdir.
Haqq-ədalət Azərbaycanda da bərqərar olacaq.
Həqiqi demokratiya Azərbaycana da gələcək.
Mübarizə davam edir.
Və bu mübarizə davam etdikcə daha çox rüşvətxor YAP üzvü pampers tədarükü görəcək.
Zatən başqa çarələri də yoxdur.
Qorxu çox pis şeydir.