İntihar edən Bərdəlinin qanı batacaqmı?

«Hüquq-mühafizə orqanları işi ciddi araşdırmalıdır»

Aprelin 23-də özünə intihar edən Bərdə rayonunun Qasımbəyli kənd sakini Camaləddin Paşayevi bu addımı atmağa vadar edən üzləşdiyi haqsızlıqlar idi. Xatırladaq ki, C.Paşayev məmur özbaşınalığından bezərək aprelin 19-da özünü yandırmışdı. Öncə Sosial Müdafiə Mərkəzində təhqir olunan Bərdə sakini daha sonra polisin özbaşınalığı ilə üzləşib. Nəticədə insan o həddə çatıb ki, özünə qəsd edib.
Hazırda C.Paşayevin yas mərasimini yerli icra hakimiyyəti verir və yayılan məlumatlara görə, ya təhdid, ya da şirnikləndirici vədlər üzündən mərhumun ailəsi şikayətçi düşmək fikrində deyil. Rayon icra hakimiyyəti bunun baş verməməsi üçün əlindən gələni edir. Əməkdaşımızın Qasımbəyli kəndində olarkən mərhumun yaxınlarından məlumat əldə edə bilməməsi bunu təsdiqləyir. Yalnız Camaləddin Paşayevin həyat yoldaşı Xalidə Paşayeva ərinin məhz üzləşdiyi təhqirlər üzündən intihar etdiyini söyləyib. Hər bir halda baş verən olay ciddi presedent yaradır. Belə çıxır ki, dövlət orqanı müəyyən məbləğdən keçməklə vətəndaşın hüquqlarını kobud şəkildə pozmağını ört-basdır edə bilər.

“Vətəndaşlara qarşı bu cür sayğısız münasibət sərgiləndikcə intiharlar davam edəcək”

Məsələ ilə bağlı son parlament seçkilərində Bərdədən “AXCP-Müsavat” blokunun namizədi olan Nemət Əliyevin mövqeyini öyrəndik. N.Əliyev söylədi ki, Azərbaycanda vətəndaşın təhqir olunması son zamanlar adi hal alıb. Bərdədə baş verən son intihar olayının bunu bir daha təsdiqlədiyini deyən N.Əliyev vurğuladı ki, vətəndaşlara qarşı belə münasibət sərgiləndikcə bu tip xəbərlərin yayılması da davam edəcək: “Sosial Müdafiə Fondunun işçilərinin vətəndaşlarla kobud rəftarı barədə dəfələrlə mətbuatda məlumat dərc olunub. Bu şəxslərə qarşı cinayət işinin açılması da buna sübutdur. Ümumiyyətlə, dövlət orqanlarının heç biri vətəndaşların müraciətlərinə normal baxmır. Halbuki onların birbaşa vəzifəsi vətəndaşların qeydinə qalmaq, hətta onların müraciətləri qanuna uyğun deyilsə belə, müvafiq izahat işlərinin aparılmasıdır. Amma hakimiyyət bir məqamı nəzərə almaladır ki, bir gün gələcək və xalqın səbr kasası daşacaq. Bu zaman sadə vətəndaşlara qarşı haqsızlıq edənlərin hamısı cavab verməli olacaqlar. Bütün bu problemləri yaradan başlıca faktor hakimiyyətin yanlış sosial-iqtisadi siyasəti nəticəsində əhalinin vəziyyətinin ağır olmasıdır”.

Zahid Oruc intiharın ciddi araşdırılacağını deyir

Bərdədən millət vəkili Zahid Oruc isə qəzetimizə açıqlamasında bildirdi ki, yas mərasimi ilə bağlı müəyyən xərclərin yerli strukturlar tərəfindən çəkilməsinə baxmayaraq baş verən olay bütün ciddiliyi ilə araşdırılacaq. Z.Oruc bundan başqa onu da qeyd etdi ki, C.Paşayevə ilk yardımı göstərənlər elə polis əməkdaşları olub: “Hadisə baş verdikdən bir neçə gün sonra qəzetinizə açıqlamamda baş verənlərdən ciddi narahat olduğumu bildirmişdim. Amma tam məsuliyyətlə söyləyə bilərəm ki, intihar edən şəxsə ilkin yardımı hüquq-mühafizə orqanlarının əməkdaşları göstəriblər. O ki qaldı vətəndaşın hüquqları uğrunda mübarizə apararkən həyatına qıymaması üçün hansı addımların atılmasına, mən də bununla bağlı ciddi araşdırmanın aparılmasını istəyirəm. Amma rayon rəhbərliyi əvvəlki gündən öz mövqeyi ilə vətəndaşın tərəfində olub. Lakin o da nəzərə alınmalıdır ki, bəzən bütün proseslərə nəzarət etmək olmur”.

Polis vəzifə səlahiyyətlərini aşıb

Hüquqşünas Müzəffər Baxışov isə bildirdi ki, əgər Bərdə sakini məhz polisin təhqirləri nəticəsində özünü yandırıbsa, bu, polisin vəzifə səlahiyyətlərini aşması kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Sosial Müdafiə Fondunun əməkdaşları ona qarşı hər hansı qanunsuz hərəkətə yol veribsə, bu məqam da ciddi araşdırılmalıdır: “Istənilən halda hətta mərhumun yaxınları şikayətçi olmasalar belə, Cinayət Məcəlləsinə görə, baş verən intihar olayı ciddi araşdırılmalıdır. Bu, xüsusi ittiham qaydasında irəli sürülə bilər. Çünki baş verən hadisə barədə hüquq-mühafizə orqanlarında məlumat var. Əfsuslar olsun ki, son zamanlar əyalətlərdə baş verən intihar olaylarının batırılması üçün rayon rəhbərliyi səviyyəsində cəhdlər göstərilir”.

Xəyal