«Texnikabank»la «A.M.A.Y Abdulla»nın savaşı səngimir

Cəlal Əliyevin adamı bankın açıqlamasına sərt cavab verdi

“Texnikabank” ASC ilə A.M.A.Y MMC-nin rəhbəri Abdulla Abdlullayev arasında qalmaqal davam edir. “Texnikabank”  Abdulla Abdullayevin ofisində keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə cavab olaraq bildirib ki, bank  A.M.A.Y və onunla əlaqəli olan bir neçə şirkətə onların genişləndirilməsi, inkişaf etdirilməsi və ticarət işlərinin aparılması üçün kreditlər verib.
A.M.A.Y şirkətinə məxsus inzibati binanın ayrı-ayrı hissələri də həmin kreditlərin təminatı kimi müvafiq qaydada sənədləşdirilib. Lakin sonradan bəlli olub ki, həmin kreditlər təyinatı üzrə xərclənməyib. A.M.A.Y şirkətinə və onun rəhbəri Abdulla Abdullayevə verilib. Texnikabankın rəhbərliyi bəyan edib ki, A.M.A.Y şirkətinin rəhbərliyi və onun ətrafına toplaşan bir neçə insan kredit resurslarını təyinatına uyğun istifadə etməməklə cinayət törədib: “Onlar törətdikləri cinayətləri başa düşür və cəzadan yüngül qurtarmaq üçün mətbuat konfransında yanlış məlumatlar verməklə törətdikləri cinayəti ört-basdır etmək, ictimaiyyətdə və bəzi mətbuat orqanlarında çaşqınlıq yaratmaq, istintaq və məhkəmə orqanlarına şər-böhtan ataraq onların işinə təsir göstərmək istəyirlər”.
Dünən isə “Texnikabank”ın bu bəyanatına A.M.A.Y MMC-dən cavab gəlib. Şirkətin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Hər şeydən əvvəl onu bildirək ki, mətbuat konfransını ”Texnikabank”ın iddia etdiyi kimi Abdulla Abdullayev ofisində keçirməyib, tam tərsinə, “Texnikabank”ın qanunsuz icraatlarından zərər çəkən 34 şirkətin nümayəndə və rəhbərləri keçirib. Bu şirkətlərin nümayəndələri ciddi mətbuat orqanlarının əməkdaşlarının gözlərinin qarşısında baş verənlər haqqında ətraflı məlumat veriblər və başlarına “Texnikabank” tərəfindən açılan oyunlardan danışıblar.
Təminatlı resursların təyinatı üzrə işlənməməsinə gəlincə, hələ indiyə qədər “Texnikabank” rəhbərliyi bilmir ki, bu, cinayət deyil. Əgər təminatlı kreditlər hər hansı bir işə yerləşdirilibsə, artıq bu, həmin sahənin inkişafıdır. Necə ki, “Texnikabank”ın özü qeyd edir ki, həmin kreditlərə yetərli qədər təminat qoyulub”.
Açıqlamanın sonunda deyilir ki, A.M.A.Y MMC problemin qanun çərçivəsində həllinin tərəfdarıdır. “A.M.A.Y-ın başqa banklar və şəxslər qarşısında öhdəliklərinə əməl edib-etməməsinə gəlincə, A.M.A.Y. bütün öhdəliklərinə cavabdehdir və onları yerinə yetirməyə hazırdır.
“Texnikabank”ın məsləhətlərinə şirkətlərin cavabları da var. Şirkətlər bütün məsələləri Azərbaycan qanunvericiliyi çərçivəsində həll etməyə hazır olduqlarını bəyan edirlər”,-deyə açıqlamada bildirilir.
Oxucuların diqqətinə çatdıraq ki, əslində bu qalmalaqın kökündə Abdulla Abdullayevin hakimiyyət tərəfindən çökdürülməsi dayanır. Bunun səbəbi isə Abdulla Abdullayevin  dövlət başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevə yaxın şəxs olması ilə bağlıdır. 2005-ci ildən başlayaraq Cəlal Əliyev bütün proseslərdən təcrid olunub.

İnformasiya şöbəsi