Əliyevin vəzifədən bərk-bərk yapışan məmurları

Onları kürsü buraxmır, yoxsa…

Gənclərə yol açmağı təklif edən ölkə başçısı yaşı 60-dan yuxarı olan nazirləri niyə istefaya göndərmir?

Ölkə başçısı Ilham Əliyev bir neçə gün əvvəl gənclərlə keçirdiyi görüşdə bildirib ki, bütün dünyada insanlar təqaüdə çıxmağa tələsdiyi halda Azərbaycanda vəziyyət fərqlidir. Prezident bütün sahələrdə işləyən pensiya yaşına çatmış insanların pensiyaya getməli olduğunu deyib.
Əlində bütün səlahiyyətlərin cəmləndiyi bir şəxsin belə şərait yaratmasına nə mane olur?
Qonşu Gürcüstanda prezident Saakaşvili yaxşı təhsilli gəncləri önə çəkməklə bir çox yaşlı məmuru vəzifəsindən uzaqlaşdırdı. Ilham Əliyev isə bunu etmək əvəzinə gileylənməyə üstünlük verir. 
Bəs Azərbaycanda yüksək vəzifə tutan məmurlardan kimlər pensiya yaşına çatsa da, vəzifədən ayrılmaq istəmir? Üstəlik, bu məmurların bir çoxu uzun müddətdir eyni postu tutub. Onlardan bəziləri isə bir nazir postunu başqa nazir postuna dəyişib.

Nazirlərin çoxu təqaüd yaşını çoxdan keçib

Başlayaq səlahiyyətinə görə ölkənin ikinci şəxsi olan baş nazir Artur Rəsizadədən. Baş nazirin 76 yaşı var və o, 1996-cı ildən bəri bu postu tutur. Artıq 15 ildir Nazirlər Kabinetinə rəhbərlik edən Rəsizadə bir dəfə məlum səbəbə görə iki aylıq istefaya göndərilsə də, sonradan yenidən vəzifəsinə bərpa edildi.
Onun müavinləri də özü kimi çoxdandır pensiya yaşına çatıb və uzun müddətdir eyni vəzifənin sahibidirlər.
Baş nazirin 4 müavini var: Yaqub Eyyubov, Elçin Əfəndiyev, Əli Həsənov və Abid Şərifov.
Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə anadan olub və hazırda 66 yaşı var. 1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini postunu tutan Eyyubov 2003-cü ildən, artıq 8 ildir baş nazirin birinci müavinidir.
Baş nazirin digər müavini Elçin Əfəndiyev 1943-cü ildə anadan olub və 68 yaşı var. 1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev 18 ildir eyni kürsüdə əyləşir.
Baş nazirin digər müavini Əli Həsənov da uzun illərdir eyni vəzifənin sahibidir. 1998-ci ildən Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini olan Həsənovun da yaşı 60-dan çoxdur.
Baş nazirin digər müavini Abid Şərifov 1940-cı ildə anadan olub. 70 yaşlı Şərifov 2003-cü ildən baş nazirin müavinidir.
Bu günlərdə 73 yaşını tamam etmiş Prezident  Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də uzun müddətdir vəzifədə qalanlardandır. Mehdiyev 1995-ci ilin fevralından, artıq 16 ildir Prezident Administrasiyasına rəhbərlik edir.
Digər nazirlərdən də yaşı çox olan və uzun müddətdir vəzifədə qalanlar var. Bunlardan biri 1998-ci ildən təhsil sahəsinə rəhbərlik edən nazir, 65 yaşlı Misir Mərdanovdur.
Səhiyə naziri Oqtay Şirəliyevin isə 61 yaşı var və o, 6 ildir bu vəzifədə çalışır.
1994-cü ildən, artıq 17 ildir daxili işlər naziri vəzifəsində olan Ramil Usubovun 63 yaşı var.
Ədliyyə naziri Fikrət Məmmədovun isə 56 yaşı var və o, 11 ildir vəzifə başındadır.
Səlahiyyətinə görə ölkədə üçüncü ali vəzifənin sahibi, Milli Məclisin sədri Oqtay Əsədovun da 56 yaşı var və o, artıq 6 ildir spikerdir.
2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən Hüseynqulu Bağırovun da 56 yaşı var.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 1958-ci il təvəllüdlüdür – 58 yaşı var. F.Ələkbərov 2006-cı ildən, artıq 5 ildir bu vəzifədədir.
Iqtisadi inkişaf naziri Şahin Mustafayevin 56 yaşı var və üç ildir ki, bu vəzifəyə gətirilib.
7 ildir kənd təsərrüfatı naziri olan Ismət Abasovun isə 57 yaşı var.
Baş prokuror Zakir Qaralovun 56 yaşı var və o, 11 ildir eyni vəzifədə çalışır.
6 ildir Azərbaycan Respublikasının hərbi prokuroru olan Xanlar Vəliyevin də 56 yaşı var.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 61 yaşı var və o, 16 ildir eyni vəzifəni tutur.
10 ildir bu vəzifədə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 64 yaşı var.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 7 ildir bu vəzifədədir və onun 58 yaşı var. O, 7 ildir rabitə sahəsində ən yüksək vəzifəni tutur.
Nəqliyyat naziri Ziya Məmmədovun isə 59 yaşı var. 2002-cı ildən bu vəzifədə olan nazir ondan əvvəl də “Dəmir Yolları” QSC-nin rəhbəri olub.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin 68 yaşı var və o, 1993-cü ildən, artıq 18 ildir bu quruma rəhbərlik edir.
Mərkəzi Bankın sədri Elman Rüstəmovun isə 59 yaşı var və o, 16 ildir ölkənin baş bankiridir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun 60 yaşı var və o, artıq 11 ildir seçkilərə cavabdeh quruma rəhbərlik edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin 58 yaşı var və o, 11 ildir bu vəzifədədir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun 74 yaşı var.
Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərovun 61 yaşı var. Bu şəxs 1996-cı ildən, artıq 15 ildir eyni vəzifədədir.
Sənaye və energetika naziri Natiq Əliyevin 64 yaşı var. 7 ildir eyni vəzifədə çalışan N.Əliyev bundan əvvəl uzun müddət Dövlət Neft Şirkətinin prezidenti olub.
Müdafiə sənayesi naziri Yavər Camalovun 62 yaşı var və o, 5 ildir nazirliyə rəhbərlik edir.
5 ildir Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinə sədrlik edən Hidayət Orucovun isə 67 yaşı var.
13 ildir Bakı Metropoliteninin rəisi olan Tağı Əhmədovun isə 63 yaşı var.

60 yaşlı deputatlar çoxluq təşkil edir

Nazirlər və komitə rəhbərlərindən əlavə parlamentdə təmsil olunan deputatların müəyyən hissəsinin xeyli yaşı var. Onların əksəriyyəti isə artıq bir neçə çağırışdır ki, parlamentdə təmsil olunurlar. Azərbaycanda parlament seçkilərinin formal xarakter daşıdığını və deputat siyahısının Prezident Administrasiyasında razılaşdırıldığını nəzərə aldıqda, onların yaşından və neçə ildir parlamentdə olduqlarından da Ilham Əliyev xəbərsiz deyil.
Parlamentin ən yaşlı deputatı elə prezidentin öz əmisi Cəlal Əliyevdir. Artıq dörd çağırışdır parlamentin deputatı olan Əliyevin 83 yaşı var.
Deputatlardan Ağacan Əbiyevin 74, Əhliman Əmiraslanovun 64, Əli Əhmədovun 57, Cavanşir Paşazadənin 57, Hikmət Atayevin 57, Fərhad Qəribovun 58, Asəf Hacıyevin 59, Ismayıl Hacıyevin 59, Rəbiyyət Aslanovanın 59, Bəxtiyar Sadıqovun 59, Abel Məhərrəmovun 60, Elman Məmmədovun 60, Tahir Rzayevin 60, Isa Həbibbəylinin 61, Yevda Abramovun 62, Tahir Süleymanovun 62, Əhməd Vəliyevin 62, Hadı Rəcəblinin 63, Astan Şahverdiyevin 63, Mixail Zabelinin 64, Eldar Ibrahimovun 65, Rafiq Məmmədhəsənovun 65, Hüseynbala Mirələmovun 65, Arif Rəhimzadənin 69, Yaqub Mahmudovun, Şəmsəddin Hacıyevin 60, Fəzail Ağamalının 63, Hacı Madər Musayevin 63, Valeh Ələsgərovun 64, Xanhüseyn Kazımlının 68, Ziyad Səmədzadənin 70, Fəttah Heydərovun 73, Zeynəb Xanlarovanın 74 yaşı var.
Göründüyü kimi, Azərbaycanda istər parlamentdə, istərsə də hökumətdə kifayət qədər yaşlı insan təmsil olunub. Onların təqaüdə çıxıb yerlərini gənclərə verməsi daha məqsədəuyğun olardı. Üstəlik, prezidentləri də bunu istəyir…

Fizzə