Əliyevin köməkçisindən Mehdiyevə şikayət

Aslan Ismayılov: «Haram hamınızın burnundan gələcək…»

 

“Azərbaycanda məmurlar zorakı yollarla insanların əmlakını əllərindən alırlar. Bir qədər sonra isə insanların canını almağa başlayacaqlar. Çünki bu cür həyasızlıq edən məmurlar üçün insan canı almaq heç nədir”, – deyə tanınmış vəkil, “Viza” hüquq firmasının rəhbəri Aslan Ismayılov həyəcan təbili çalır.
Azərbaycanda insanların əmlakının əllərindən alınmasının son dövrlər xüsusilə kütləviləşdiyini deyən Aslan Ismayılov konkret misallar da göstərib. Bunlardan biri Ilham Əliyevin köməkçisi Əli Əsədovun vətəndaş Rüfət Dadayevin təxminən on milyon manatlıq əmlakını əlindən almasıyla bağlı olub. Yeri gəlmişkən, bu işlə bağlı mediaya xüsusi disk verilib ki, həmin lent yazısında Dadayevin evinə gələn Rauf Kərimov adlı şəxs məhz prezidentin köməkçisi üçün vasitəçilik etdiyini açıq şəkildə bildirib.
Vəkilin sözlərinə görə, Rauf Kərimov adlı şəxs Dadayevin əmlakını 500 min manata almaq istəyib. Lakin bu təklifinə müsbət cavab verilmədikdə, məhkəmələrin əlilə o, əmlakından məhrum edilib. Hələ bu azmış kimi, Dadayevin guya, öz evində qarşı tərəfə xuliqanlıq etdiyi iddiasıyla Səbayel Rayon Məhkəməsində iş qaldırılıb. Iş üzrə sabah məhkəmə iclası keçiriləcək. Vəkil deyir ki, bu iddia Dadayevi susdurmaq üçün təzyiq vasitəsindən başqa bir şey deyil.

Aslan Ismayılov onu da qeyd edib ki, bu işlə əlaqədar Ilham Əliyev, Ramiz Mehdiyev, Əli Əsədov da daxil olmaqla müxtəlif strukturlara məktub göndərib, amma heç bir nəticəsi yoxdur: “Rüşvətxorluğa qarşı kampaniya başlayanda dedim ki, bunun həqiqi mübarizə olduğuna inanmaq istərdim. Amma zaman keçdi və mən əmin oldum ki, bu, şoudan başqa bir şey deyil. Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Ramiz Mehdiyevə müraciət etmişəm ki, gözgörəsi insanın bütün əmlakı əlindən alınır, amma Mehdiyevdən səs çıxmır. Prokurorluğa müraciət edirəm, gülüb deyirlər ki, sən Allah, bizi bu işə qatma, axı bunun arxasında kimlərin dayandığını bilirsən. Diski Əli Əsədova göndərmişəm, amma ondan da səs çıxmır. Çıxıb demir ki, yox, Dadayev yalan danışır və yaxud Rauf Kərimov mənim adımdan sui-istifadə edib. Əgər bu addımı atmırsa, deməli, həqiqətən baş verənlər onun göstərişilə həyata keçirilir”.
Vəkil 2005-ci ildə poladtökmə zavodunun sahibləri Zülfüqarov qardaşlarının da oxşar taleyi yaşadıqlarını xatırladıb. A.Ismayılovun sözlərinə görə, vətəndaşların əmlaklarının əlindən alınması təcrübəsinin əsasını 2000-ci illərdə Azərbaycan Həmkarlar Konfederasiyasının başçısı Səttar Mehbalıyev qoyub. O, S.Mehbalıyevin “Xəyal” şirkətinin mərhum rəhbəri Fikrət Rəcəbova məxsus dəniz kənarındakı restoranı zorla əlinə keçirdiyini, daha sonra Bibiheybətdə dəniz sahilindəki əmlakları mənimsədiyini bildirib: “Ən məşhur restoranlardan olan ”Xəyal” Mehbalıyevin əlinə keçəndən az sonra fəaliyyətini dayandırdı. Eləcə də Bibiheybətdəki obyektlərin taleyi hamıya məlumdur. Çünki haramı yeyən olmayıb. Haram hamınızın burnundan gələcək. Bilirik ki, Azərbaycanda qanun yoxdur, heç olmasa, Allahdan qorxun”.
Ən yüksək səviyyədə təmsil olunan məmurların qanunsuz hərəkətlərilə bağlı məsələləri qabartdığına görə öz həyatının təhlükə qarşısında olduğunu deyən Aslan Ismayılov ölkədə yaşananlarla əlaqədar xəbərdarlıq edib: “Bu gün vətəndaşların əmlakını zorla əllərindən alan məmurlar az sonra bir-birinin əmlakı uğrunda mübarizəyə başlayacaq”.

Aytən Məmmədova