Hakimiyyət gənclərin anım mərasimindən ehtiyatlanır

Gənclər isə məqsədlərinin yalnız kədəri bölüşmək olduğunu bildirməklə yanaşı, həm də hökumətə xəbərdarlıq edib

«Anımı şüarlar və ya başqa vasitələrlə hər hansı aksiyaya çevirmək cəhdi tərəfimizdən təxribat kimi dəyərləndiriləcək»

Bir qrup gənc “Facebook” sosial şəbəkəsində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terrorun qurbanlarını yad etmək məqsədilə çağırış edib. Çağırış edənlər ölkə gənclərini aprelin 30-da saat 14:00-da Cəfər Cabbarlının heykəlinin ətrafında toplaşmağa və aksiyada iştiraka səsləyiblər.
Daxili Işlər Nazirliyinin mətbuat xidməti bu çağırışları belə şərh edib: “Faciə qurbanlarının xatirəsini anmaq istəyən hər bir vətəndaş, həmin törənə qatıla, dünyasını dəyişmiş şəxslərə bu yolla ehtiramını bildirə bilər. Lakin ictimai asayişi, sabitliyi pozmaq istəyən müəyyən qüvvələr bu faciədən siyasi məqsədləri üçün istifadə edərək akademiyanın qarşısında və yaxud ona yaxın ərazidə Şəhər Icra Hakimiyyəti ilə razılığa gəlinməyən hər hansı aksiya keçirməyə cəhd göstərərsə, bunun qarşısı qətiyyətlə alınacaq”.
Akademiyanın müəllim və tələbə heyəti aprelin 29-da ADNA-nın binasında şəkil stendlərilə yad ediləcək. Bunu “mediaforum”a ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru Qasım Məmmədov deyib. O bildirib ki, aprelin 29-da səhər tezdən akademiyanın faciə baş verən korpusunun foyesində terror qurbanlarının şəkillərindən ibarət stend asılacaq, önünə gül dəstələri qoyulacaq: “Həmin gün akademiyanın dərsə gələn tələbə və müəllim heyəti terror qurbanlarının xatirəsini yad edəcək. Təmtəraqlı tədbir və yaxud hər hansı aksiya keçirməyi nəzərdə tutmuruq. Çünki tələbə və müəllim heyətinin terror qurbanlarının ailələrinin yaşadığı ünvanlara gedib, həmin gün onlarla birgə olması da nəzərdə tutulub”.
Qasım Məmmədov bir qrup gəncin sosial şəbəkələrdə aprelin 30-da aksiya keçirməklə bağlı çağırışına da münasibət bildirib: “Bu il aprelin 30-u qeyri-iş günü olduğu üçün həmin tələbələr akademiyada olmayacaqlar. Təbii ki, akademiyamızın bütün dekanları tələbələrə dövlətçiliyin əleyhinə olan heç bir aksiyaya qoşulmamağı tövsiyə ediblər. Tələbələr də başa düşürlər ki təxribat xarakterli mitinqlərə qoşulmağın mənası yoxdur”.
Bu arada, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və “10 dekabr” Gənclər Təşkilatı faciənin anım tədbirilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda deyilir:
“Biz – ”Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və “10 dekabr” Gənclər Təşkilatı – 30 aprel anım tədbirinin təşkilatçıları olaraq bəyan edirik ki, 2011-ci il 30 apreldə 28 may meydanında yalnız hüznümüzü birgə qeyd etmək məqsədilə yığışaraq, terror qurbanı olmuş həmvətənlərimizi anacağıq.
Biz tədbir vaxtı hər hansı şüar səsləndirməyəcək, aksiya keçirməyəcək, yalnız kədərimizi bölüşmək məqsədini güdəcəyik. Təşkil etdiyimiz anımı şüarlar və ya başqa vasitələrlə hər hansı aksiyaya çevirmək cəhdi tərəfimizdən təxribat kimi dəyərləndiriləcək və bu hallara görə biz məsuliyyət daşımırıq.
Məqsədimiz həmyaşıdlarımızın faciəsinə vətəndaşlarımızın biganə olmadığını gənclərimizin həmrəyliyilə göstərmək, terrora qarşı birgə olduğumuzu nümayiş etdirmək və hər birimizin terror qurbanı ola biləcəyimizi cəmiyyətə çatdırmaqdır”.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da Neft Akademiyasının paytaxtın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən korpusunda baş vermiş terror nəticəsində 12 nəfər qətlə yetirilib, 15 nəfər yaralanıb.

Ramin DEKO