İctimai Palata meriyanı məhkəməyə verəcək

Dünən Müsavat Partiyasının qərargahında Ictimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.

KŞ üzvü Pənah Hüseynin verdiyi məlumata görə, iclasda Ictimai Palatanın aprelin 29-da keçirilməsi nəzərdə tutulan sessiyasına hazırlıq müzakirə olunub. Eyni zamanda, KŞ dünən Müsavat Partiyasında aparılan axtarışı pisləyən bəyanat qəbul edib. Bundan əlavə, Ictimai Palatanın 2 və 17 aprel aksiyaları zamanı polislərin yol verdikləri zorakılıqları və aksiya iştirakçılarının həbsini araşdıracaq komissiyanın təşkili üçün sessiyaya müraciət ünvanlayıb.

Bakı şəhər icra hakimiyyətinin kütləvi aksiyalar keçirilməsi üçün yer ayırmamasına və sərbəst toplaşmaq azadlığını pozduğuna görə məhkəməyə verilməsi məsələsinə baxılıb.