Zamana qarşı dayanmaq hikkəsi

Avtomobilinizdə nasazlıq hiss etdiyiniz zaman təşvişə düşərsiniz. Təbii, çox haqlısınız. Çünki bu, çox ağır fəsadların xəbərçisi ola bilər. Bir də baxarsınız, yeyilmiş təkər təhlükəli məqamda partladı, köhnə motor nəqliyyatın sürətli axınında qəfil yatıb qaldı və ya nasaz mühərrik gözlənilməz anda nəzarətdən çıxdı… Həyatınızı riskə atan belə qəzaların qarşısını vaxtında önləməyin, vaxtı keçmiş detalları dəyişməyin ən çox özünüzə faydası var.

Ərəb ölkələrinin başa bəla diktatorları sırasından dünən zor-xoş getməyə “razılaşdığını” bəyan edən Abdulla Saleh də dəhşətli qəzadan sonra ayılmış sərxoş “sürücü”yə bənzədi. Artıq “qəzavü-qədərə” boyun əyməyə məhkum bu adam “sərxoşluğu” ilə yüzdən çox günahsız insanın qanına bais olub. Həmin qurbanların doğmaları bağışlayacaqmı Salehi? Inanmıram. Hər kəs əməlinə görə cavab verməlidir. Hakimiyyət kimsəyə irsən ötürülən qənimət deyil ki, onu on illər ərzində əldə saxlamaq üçün onlarla, yüzlərlə insanın həyatına qəsd etsin. Bu, dünyanın hər yerində əbədi “hakimi mütləq” qalmaq istəyənlərə, o cümlədən Azərbaycandakılara da aiddir.
Əslində, zamanın çarxı da elə bir avtomobilin hərəkət edən təkərinə bənzəyir. Bu hərəkət trayektoriyası yalnız irəli doğru gedişimizə hesablandığından, arxaya dönüş yox. Istəsək də, istəməsək də, bu sıçrayışlı tərəqqi bizi axına qoşub aparacaq. Həyatımıza daxil olan, zamanın nəbzini ələ keçirən  texnoloji inqilaba, inkişafa uyğunlaşmaq məcburiyyətindəyik. Bəzən günlük yaşantımızı nə qədər asanlaşdırdığını, bəzən ruhumuzu nə qədər rəngsizləşdirdiyini düşünsək də, başqa yol yox. Artıq gücü və təsiri saniyələrə hesablanan internet əsrində məktublarımızı ağ göyərçinlə yollamağın zövqünü yaşamağı düşünəcək halda deyilik.

Dəyişmək və yenilənmək təbiətin qanunudur. Zaman boşuna günlərin, ayların, illərin, fəsillərin ölçüsünə bölünməyib. Canlıların yaşamı boşuna vaxt çərçivəsinə salınmayıb. Doğuluş və ölüm həyatın qanunudur. Bu qanunu pozacağınızımı düşünürsünüz?

Bir diktator müəyyən zaman kəsiyində öz xalqına dirəniş göstərə bilər, əlindəki zor hesabına üsyankar insanları sıxaraq yeniliyi ləngidə bilər. Amma bir kral, bir firon, bir sultan olsa belə, o, zamana qarşı dayana bilməz. Dünyadakı bütün qüdrətli imperiyaların çöküş səbəbini gözəl bilirsiniz – zamana, dəyişikliyə, inkişafa qapı çırpmaq hikkəsi.

Bu hikkənin sonunda da heç nə – zamanın acı rüzgarlarına sovrulub yox olmaq var…
Keçənlərdə Samsunlu qələm dostumuz Şerif Mırıkın “Dəyişim” adlı bir yazısını oxumuşdum. Həmin məqalədə eynilə günümüzün mənzərəsini əks etdirən maraqlı bir epizod vardı ki, yazımı da şərhsiz olaraq onunla tamamlamaq istəyirəm:

“Körfəz Savaşından öncəki illərdə amerikalı bir xanım jurnalist qadınlarla kişilərin cəmiyyətdəki yeri haqqında bir yazı hazırlamaq üçün Küveytə getmiş. Araşdırmaları sırasında diqqətini ilk çəkən şey qadınların ərlərinin 5 addım gerisindən getməsi olmuş.

Illər sonra eyni jurnalist başqa bir yazı üçün təkrar Küveytə gəldikdə, bu dəfə kişilərin öndə gedən qadınların 5 addım arxasında yürüdüyünü görmüş. Jurnalist bu işə çox heyrətlənərək bir qadına yaxınlaşıb sormuş:

– Bu gördüyüm inanılmaz bir irəliləyiş! Yaxşı, amma bu dəyişikliyin səbəbi nədir?
Küveytli qadın cavab vermiş:
– Minalar…
Əgər dəyişikliklə ayaqlaşmasaq, biriləri gəlib yolumuza minaları qoyar və zorakı da olsa, dəyişikliyə uymaq durumunda qalarıq”.