Qalanın əzəməti və mühüm önəmi
Azərbaycan tarixində adı önəmli hadisələrlə bağlı olan abidələr arasında Əlincə qalası xüsusi yer tutur. Yazılı qaynaqlarda X yüzildən başlayaraq “Alıncaq”, “Alancıq”, “Əlincək” və “Əlincə” şəklində adı keçən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yalçın dağ üstündə yerləşir. Bu adın qədim türk dilindəki “alan” (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir. Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər var. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud” dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat vermişlər.
Azərbaycan Atabəyləri – Eldəgəzlərin hökmranlığı dövründə Əlincəqala mühüm hərbi istehkam olaraq hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilmişdi. Naxçıvan hakimi Zahidə xatunun iqamətgahı və Eldəgəzlərin xəzinəsi Əlincəqalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnının Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı Özbək (1210-1225) Əlincəqalaya sığınmış və burada döyüşlərin birində öldürülmüşdür. Əlincəqala XIII – XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlailərin hakimiyyəti altında olmuşdur.
Ispan diplomat, Kastiliya kralı III Enrikonun 1403-1406-cı illərdə Teymurilər dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı belə təsvir etmişdir: “Əlincəqala yüksək və sıldırım bir dağ üzərində qərar tutaraq divar və bürclərlə əhatə olunmuşdur. Divarların daxilində, dağ yamaclarının aşağı tərəflərində üzümlüklər, bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar var. Qəsr və ya qala dağın zirvəsində yerləşir”.
Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin sifarişi ilə ucaldılmışdır. Qalaya su kəməri çəkilişi mümkün olmadığından, inşaatçılar ibtidai və min illərin sınağından çıxmış üsula əl atmışlar: qayalarda açılmış çapıqlar, arxcıqlar yağmur suyunu axıdaraq su tutarlarına – qaya içində ovulmuş hovuzlara toplayırdı. Qalada bu cür hovuzların sayı yeddidir. El içində qaladan Əlincəçaya gizli yolun olması da söylənilir. Hər halda, Əlincə qalasının müdafiəçiləri bütün mövsümlərdə özlərini su ilə təmin edə bilirmişlər.
Dağın ən uca yerində Əlincənin iç qalası yerləşir. Bu içqalanı yerli əhali “Şahtaxtı” adlandırır. Hakimlərin, o cümlədən Eldəgiz hökmdarlarının sarayları Şahtaxtı terrasında yerləşir. Əlincənin qala divarları və qalanın daxilində olan tikililərdə yüksək tikinti mədəniyyəti görünür, qala tikintisi üçün qeyri-adi sayılan, incə işlənmiş daş ayrıntılar gözə dəyir. Məhz bu səbəbdən də mütəxəssislər Əlincə qalasını Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl əsərlərindən biri hesab edirlər.
Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl özünün qeyri-adi görünüşü ilə insanı heyrətə gətirir. Əlincəqalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir.
Qalanın möhkəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi xatırladan yuxarı hissəsində bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və bünövrə daşları nəzərə çarpır. Qala ərazisindən tapılmış yüksək keyfiyyətli seladon saxsı qab parçası nəzəri cəlb edir. Tədqiqatçılara görə seladon qablar Azərbaycana Böyük Ipək Yolu vasitəsilə Çindən gətirilirdi.
Əmir Teymura qarşı 14 il savaşdı
Zamanının məğlubedilməz hökmdarı Əmir Teymur bu qala uğrunda uzun zaman mübarizə aparmışdır. Onun qoşunları 1386-cı ilin payızında Naxçıvana basqın etdi. Əlincə qalasına hücum olunsa da, oranı tuta bilmədilər. Qoşunlar Naxçıvandan Qarsa, oradan Tiflisə, sonra isə Şəki üzərinə hərəkət etdilər.
1387-ci ildə Teymur Qarabağda qışladıqdan sonra Göyçə gölünün sahilinə, sonra isə Mərəndə getdi. Oradan da Naxçıvana dönərək yenidən Əlincə qalasına hücum etdi.
Əlincə qalası Teymura qarşı bu mübarizədə axıra qədər alınmaz qaldı. Sultan Əhməd xəzinəsini, ailəsini və yaxın adamlarını qalada yerləşdirib onun müdafiəsini Əmir Altuna tapşırmışdı. Əmir Altunun ixtiyarında cəmi 300 igid döyüşçü vardı. Teymur üç gün dağın ətəyində gözlədikdən sonra qoşunun qalaya həmlə etməsi barədə əmr verdi. Ertəsi gün Teymurun qoşunu ilə qala müdafiəçiləri arasında döyüş oldu. Teymurun döyüşçüləri qalanın aşağı səngərlərini ələ keçirib dağıtdılar, müdafiəçilər isə qalanın yuxarı hissəsinə çəkildilər. Teymur qalanı mühasirəyə aldı. Qala daxilindəki su ehtiyatı tükəndiyindən müdafiəçilər çətin vəziyyətə düşdülər. Onlar Teymurun yanına elçi göndərib danışıq aparmağa məcbur oldular. Teymur qalanın təslim olacağını yəqin edib qoşununu Əlincə qalasının ətəklərinə endirdi. Lakin bu zaman yağan güclü yağış qaladakı hovuzları su ilə doldurdu. Beləliklə, müdafiəçilər qalanı tərk etmədilər və düşmən Əlincəni ala bilmədi.
Azərbaycanın əksər ərazilərinin teymurilər tərəfindən tutulmasına baxmayaraq, Əlincə qalası uzun müddət təslim olmadı. Əmir Teymur 1400-cü ilin yazında Gürcüstanı talan etdi, sonra Sivası, Misiri, Şamı, Hələbi, Mardini, Amidi və başqa bölgələri zəbt etdikdən sonra daha böyük qüvvə ilə yenidən Əlincəyə yollandı.
Bu arada Əlincənin müdafiəsinə rəhbərlik edən Sultan Tahir və əmir Altun arasında baş verən çəkişmələr nəticəsində qala, demək olar ki, müdafiəsiz qalmışdı. Beləliklə, 14 illik qəhrəmancasına mübarizədən sonra 1401-ci ildə Əlincə qalası Teymur qoşunları tərəfindən tutuldu.
Hər zaman yadellilərə qarşı mübariz
Teymurun ölümündən (1405) sonra Əlincəqala yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçir. Qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə aparan Qaraqoyunlu hökmdarı Isgəndər Əlincəqalaya sığınmışdı. Isgəndər oğlu Qubad Mirzə tərəfindən öldürüldükdən sonra Cahanşah Əlincəqalanı ələ keçirdi.
Azərbaycanda teymurilərə qarşı xalq hərəkatında fəal iştirak edən hürufilərin rəhbəri, böyük mütəfəkkir Fəzlullah Nəimi 1394-cü ildə Miranşah tərəfindən Əlincə qalası yaxınlığında vəhşicəsinə edam edilmişdi. Nəiminin dəfn olunduğu Xanəgah türbəsi Əlincə qalasından şərqdə, Əlincəçayın sol sahilində yerləşir. Xalq arasında “Şeyx Xorasani” adı ilə məşhur olan bu türbə müqəddəs ziyarətgah sayılır.
1406-cı ildə Naxçıvan yenidən cəlairi Sultan Əhmədin hakimiyyəti altına keçdi. Bu dövrdə Əlincə qalası bərpa edildi.
1412-ci ildə Naxçıvan Qaraqoyunlu dövlətinin tərkibinə daxil oldu. Əlincə qalası bir müddət Qaraqoyunlularla Ağqoyunlular arasında gedən mübarizələrin meydanına çevrildi. 1491-ci ildə Qaraqoyunlu sülaləsinin hakimiyyəti sona çatdıqdan sonra Naxçıvan Ağqoyunluların hakimiyyəti altına düşdü.
Naxçıvanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti dövrünə aid tarixi dəyərə malik çoxlu qoç heykəlləri və qəbirüstü sənduqələr vardır. Bu qoç heykəlləri və sənduqələrin bir qisminin üzərində ərəb əlifbası ilə yazılmış kitabələr verilmişdir. Sənduqələrin çoxu adi daşdan, bəziləri isə ağ mərmərdən ustalıqla yonularaq hazırlanmış, üstü nəbati naxışlarla bəzədilmişdir. Bu heykəl və sənduqələr qiymətli tarixi yadigarlar olmaqla bərabər, həm də çox yüksək zövqlə yaradılmış dəyərli sənət əsərləridir.
Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir. 1826-cı ildə ruslarla müharibədə Lala bəy adlı qalabəyi Əlincə qalasında yarım ildən artıq düşmənlə vuruşmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir